"Türkiyədə erkən seçkilərin keçirilməsi labüddür"
"Türkiyədə keçirilən parlament seçkiləri AKP-nin maraqlarına uyğun olmadı. Bunun bir neçə səbəbi var. Bunlardan biri, AKP-nin yaradıcısı olan Rəcəb Tayyib Ərdoğanın seçki prosesinə müdaxilə edə bilməməsi oldu. Baş nazir Əhməd Davudoğlu Ərdoğanla müqayisədə bir qədər zəif siyasətçidir. AKP hakimiyyətdə olduğu 13 il ərzində öncə hərbçilərin səlahiyyətini azaltdı, indi isə prezident üsul-idarəsinin yaradılması istiqamətində işlər görülür. Bundan başqa Ərdoğanın "Türk axını" layihəsini dəstəkləməsi, ərəb ölkələrilə bağlı siyasəti Avropada narazılıq doğurmuşdu. Bütün bunlar da seçkilərə təsirsiz ötüşmədi".
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrini qiymətləndirərkən bildirib. Onun sözlərinə görə, AKP seçkilərdə minimum baryeri keçən HDP-yə dəstək verib: "AKP nümayəndələrinin HDP və ermənilərlə bağlı açıqlamaları da seçkilərdə müəyyən rol oynadı. Seçki kampaniyası dövründə AKP ilə CHP və MHP bir-birilərinə kəskin ittiham səsləndiriblər, onlar barışıq üçün yer qoymadılar. O üzdən hazırda həmin qüvvələr arasında koalision hökumətin qurulması mümkün deyil. Hesab edirəm ki, Türkiyədə erkən seçkilərin keçirilməsi labüddür".
Y.Bağırzadəyə görə, Türkiyədə hansı siyasi qüvvənin hakimiyyətdə olmasına baxmayaraq Azərbaycanla münasibətlə sabit qalacaq: "Biz Türkiyəni güclü, sabit görmək istəyirik. Tarixən bir çox təlatümlərdən keçmiş Türkiyə bu dəfə də yaranan problemi həll edəcək".
Ruslan