2015-ci ilin 8 iyun tarixində xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulandı və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edildi. Nazir Elmar Məmmədyarov bu səfərin Azərbaycan ilə Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini qeyd etdi.
Regionda cərəyan edən hadisələrə toxunan Elmar Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırdı.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.