Gürcüstanda fəaliyyət göstərən “Borçalı, irəli!” İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Dövlət Texniki Universitetində “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunmuş aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyanın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarını ali təhsil müəssisələrində təhsil alan gürcü və xarici tələbələrə tanıtmaqdır.
Möhtəşəm idman yarışı barədə gənclərə məlumat verən “Borçalı, irəli!” İctimai Birliyinin sədri Məhəbbət İmanov “Bakı-2015” ilk Avropa Oyunlarının dünyada sülhün və inkişafın tərənnümü olduğunu deyib. Bildirib ki, Avropa Oyunlarının, eləcə də 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili ölkəmizin suveren, tolerant və demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisidir. Azərbaycandakı bu inkişafdan qürur duyduqlarını deyən Borçalı gəncləri əminliklə qeyd edir ki, “Bakı 2015” I Avropa Oyunları idman tarixinə qızıl hərflərlə yazılacaq.
Tbilisi Dövlət Universitetinin tarix fakultəsinin IV kurs tələbəsi Giorgi Danelia Bakıda keçirilən Avropa Oyunlarının bütün dünya üçün yenilik olduğunu deyib. Onun sözlərinə görə, bu əlamətdar hadisənin qonşu ölkədə baş tutması təkcə Azərbaycanı yox, eyni zamanda Qafqazı dünyaya tanıdır.
Universitetin etnologiya fakultəsinin IV kurs tələbəsi Vasiq Rexviaşvili isə I Avropa Oyunlarının Bakıda keçrilməsini Azərbaycanın böyük qələbəsi hesab edib və bu yolda ölkəmizə uğurlar arzulayıb.
Səxavət