“Birinci Avropa Oyunları kimi mötəbər bir yarışın Azərbaycanda keçirilməsi və buna yüksək səviyyədə hazırlıq işləri bədxah qüvvələri daha aktiv fəaliyyətə keçməyə vadar edib. Bu qüvvələr Azərbaycana qarşı təbliğat kampaniyası aparırlar. Bu məsələdə erməni lobbisinin fəaliyyətini də unutmaq olmaz”.
Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.
F.Muradov bildirib ki, ermənilər və onların havadarları çox gözəl anlayırlar ki, Azərbaycanın keçirdiyi Avropa Oyunları kimi yüksək səviyyəli tədbir ölkənin növbəti uğurlara imza atmasına imkan yaratmaqla yanaşı, dünyada nüfuzunu daha da artıracaq. Bu yarış Azərbaycanın nəyə qadir olduğunu göstərəcək və ölkədə həyata keçirilən işlər dünyaya təqdim olunacaq. Onun sözlərinə görə, Azərbaycanın mədəniyyəti, tolerantlığı, ölkədə idmana və gənclərə olan diqqət və qayğı nümayiş olunacaq.
“Bu da istənilən halda Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirəcək. Bunu gözü götürməyən qüvvələr, xüsusən də ermənilər ölkəmizə qarşı kampaniyaya başlayıblar. Təəssüf ki, bir çoxları bunu bilməyərəkdən, məsələnin əsl mahiyyətini dərk etmədən bu proseslərə qoşulurlar. Ancaq bu məkrli kampaniya heç bir nəticə verməyəcək”, – deyə F.Muradov qeyd edib.
Səxavət