11 İyun 2015 12:04
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əhmədov: “Avropa Parlametinin Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib”

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov iyunun 8-də Avropa Parlamentində bir qrup deputatın Azərbaycana qarşı aksiya keçirməsinə, iyunun 10-da isə Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilməsinə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, Avropa Parlamentinin ilk Avropa Oyunlarının başlanmasına 2 gün qalmış Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması, nə qədər qəribə görünsə də, təəccüblü deyil: “Bu artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib. Azərbaycan bu günlərdə tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi qayğısı ilə yaşayır. Avropa Olimpiya Komitəsinin baş katibi Patrik Hikkin “New York Tayms” qəzetinə verdiyi müsahibəsində açıq-aşkar bildirir ki, Avropa iqtisadiyyatı geriləməyə başladığından, Azərbaycan oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə idi. Deməli, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürməsəydi, həmin oyunların taleyi başqa cür ola bilərdi. Görəsən, Avropa idman hərəkatı tarixində önəmli hadisə ərəfəsində Azərbaycanı saxta ittihamlarla tənqid edən Avropa Parlamentinin üzvləri bu hərəkətlərinin nə demək olduğu barədə fikirləşirlərmi?”

Ə.Əhmədov qeyd edib ki, əgər doğrudan da Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur: “Erməni təcavüzü nəticəsində evini, torpağını, işini, rahatlığını, sağlamlığını, bir sözlə bütün fundamental hüquqlarını itirmiş məcburi köçkünlər 25 ildir hüqüqlarının bərpasını gözləyir. Azərbaycanla əlaqədar qabardılmalı, təcili həll olunmalı, günahkarları axtarılmalı olan bir məsələ varsa, o da məcburi köçkünlərin hüquqlarının bərpa edilməsidir”.

YAP-ın sədr müavini bildirib ki, idman həmişə sülhün carçısı olub. İnsanları, xalqları, dövlətləri yaxınlaşdırıb. Bakıda keçirilən ilk Avropa Oyunları da idmanın bu ənənəvi missiyasından kənarda qalmayıb. Görünür, Avropa Parlamentində heç bunu da istəmirlər. Qeyri-ixtiyari olaraq onlara xitabən demək istəyirsən: idmanı siyasətə qatıb gözdən salmayın.

“Ukraynada baş verən faciələrin, tökülən qanların, dağılan talelərin qarşısını ala bildinizmi. Bir il bundan əvvəl rahat, dinc, firavan həyat yaşayan bir ölkə indi qan içindədir, parçalanmaq üzrədir. Nifaq salmaq, xalqları bir-birinə qarşı qaldırmaq, dağıtmaq, uçurmaq çox asandır. İnsanlar isə tam əksini arzulayır. İmkan verin, hər bir xalq öz taleyinə sahib olsun, rahat və firəvan yaşasın. Avropa İttifaqında həllini gözləyən kifayət qədər problem var və Avropa Parlamenti deputatları onları müzakirə etsə, Avropaya daha çox xidmət göstərmiş olarlar”, – deyə Əli Əhmədov vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər