13 İyun 2015 21:14
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Bundestaqın qəbul etdiyi bu ədalətsiz qərarla bağlı qəti etiraz bildirilib. Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, belə bir qətnamənin qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qaralamaq xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu, Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbuledilməz hesab olunur.

Bildirilib ki, bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət bu qətnamənin qəbul edilməsinin təşəbbüsçüsü olan və buna dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür.

Xələf Xələfov Azərbaycanın Avropa ilə münasibətlərin inkişafına danılmaz töhfə verdiyini qeyd edərək, bu istiqamətdə səylərin qarşılıqlı olmasının vacibliyini bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin vacib rol oynadığını qeyd edib. Həmçinin Azərbaycanın Avropa xalqları arasında dostluq və tolerantlıq mühitinin möhkəmlənməsində mühüm rol oynayacaq Avropa Oyunlarının birincisinə ev sahibliyi etdiyini vurğulayıb. Nazir müavini Azərbaycanın həm də beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində Avropa ilə sıx əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanın tərəfdaşlıq münasibətlərinin təşviq edilməsinə yönəlmiş siyasi xəttinə qarşı bir sıra Avropa dövlətləri, o cümlədən Almaniya tərəfindən nümayiş etdirilən qərəzli davranışın ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.


Müəllif:

Oxşar xəbərlər