ABŞ-ın U2 rok qrupu Kanadada verdiyi konsertdə Azərbaycanda siyasi məhbus iddialarını təkrarlayaraq, Xədicə İsmayıl, İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus, Emin Hüseynov (hərçənd Emin Hüseynov siyasi məhbus deyil və bir neçə gün öncə İsveçrəyə köçüb) və Anar Məmmədlinin adını bir-bir çəkir. Qrup Azərbaycana siyasi məhbus adlandırılan bu şəxslərlə bağlı çağırışlar da edib. Daha sonra bu çağırışın arxasındakı məqam öz dilləri ilə açıqlanır. Belə ki, U2 fanatlarını “Amnesty İnternational” təşkilatının adıçəkilən şəxslərlə bağlı başladığı petisiyanı imzalamağa çağırıb.
“Amnesty İnternational”ın adının olduğu yerdə məsələnin siyasi mahiyyəti və mütləq şəkildə Azərbaycanın adının olacağı şübhəsizdir. Bu təşkilatın əsas fəaliyyəti Azərbaycana qarşı qurulub. Konkret cinayət məsuliyyəti ilə həbs olunan şəxsləri “siyasi məhbus” elan edərək, I Avropa Oyunları ərəfəsində petisiya başladan təşkilatın addımı uğursuz hesab oluna bilər. Çünki petisiya istənilən effekti vermədi və dünya ictimaiyyəti diqqətini Bakıda təşkil olunan Avropa Oyunlarının açılış mərasiminə yönəltdi. Görünür, təşkilat U2-nin vasitəsilə özünə tərəfdar toplamaq və Azərbaycana qarşı geniş spektrdə hücuma keçmək niyyətindədir. Lakin U2, həmçinin, “Amnesty İnternational” aysberqin görünən tərəfidir. Bütün yollar okeanın o tayına aparır.
Musiqi və siyasət. Bunlar ayrı-ayrı məfhum olsa da, daima eyni cəbhədə yer alıb. Qərb ölkələri, xüsusilə ABŞ musiqidən siyasətdə əsas alətlərdən biri kimi istifadə edib.
Ötən əsrin 50-ci illərindən sonra Amerikada musiqi bumu yaşandı. Dünya yeni janrlarla - hip-hop, rok-n-roll kimi elektron musiqi ilə tanış oldu. Elektron musiqinin əsas kütləsi gənclər idi və rok ulduzları bu kütləyə siyasətin edə bilmədiyini asanlıqla sirayət edirdi. Musiqinin gücünü anlayan ABŞ bu elementi də öz təbliğat maşınına əlavə etdi.
1960-cı illərin məşhur Bitlz qrupu Qərbin siyasi maşını üçün böyük iş görmüşdü. Bir neçə gənc qısa zamanda dünyada məşhurlaşdı və gənc kütlələrə təsir imkanı hüdudsuz səviyyəyə qalxdı. Bu siyasətin işinə yarayırdı.
Böyük Britaniyanın “Mi-6” kəşfiyyat qrupunun keçmiş üzvü Con Kolomen “300 komitet – dünya hökumətinin sirləri” kitabında yazırdı: “Kütləvi işsizlik yaratmaqla millətin mənəvi ruhunu və fəhlə sinfinin mübarizə əzmini qırmaq. “Roma Klubu”nun həyata keçirdiyi “sıfır səviyyəsində artım” siyasəti nəticəsində iş yerləri ixtisar olunduqca mübarizə əzmi qırılan və ruhdan düşən fəhlələr içkiyə və narkotiklərə qurşanacaqdır. Ölkənin gəncləri rok-musiqi və narkotiklər vasitəsilə mövcud qayda-qanunlara, adət-ənənələrə qarşı qiyama sövq ediləcək, bunun nəticəsində ailənin əsasları sarsıdılacaq və əvvəl-axır dağıdılacaqdır”.
Məhz bu təbliğat maşınında Bitlz vazkeçilməz vasitə idi. Yenə həmin kitabda qeyd olunur: “Bitlzin bu qədər məşhurlaşması yalnız yeni musiqi növü ilə bağlı deyildi. Bu həm də siyasət idi. İngiltərə və ABŞ hökuməti bu qrupun gənclərə təsir gücündən narkotikin yayılması və gənc nəslin daha pozğun həyat şəraitinə aludə olması üçün lazımınca istifadə edirdi”.
Göründüyü kimi, musiqi siyasətin əsirinə çevrilmişdi. Lakin bu əsirlik ötən əsrin 70-ci illərində - Bitlzin dağılması ilə bitmədi. ABŞ yeni meydana çıxan rok qruplarına “stavka” etməyə başladı və Dövlət Departamentində “ritm yolu” adlanan təbliğat proqramı hazırlandı. Bu dəfə hədəf daha geniş spektrdə götürüldü və dünyanın bir çox regionu – Afrika, Asiya, Yaxın Şərq insanı bu hədəfdə yer aldı. Sonrakı proses ABŞ-ın musiqidən siyasətdə yetərincə istifadə edə bildiyini göstərir. 2010-cu ildə “ərəb baharı” Suriyada dirənəndə ABŞ müxtəlif vasitələri işə saldı. Bunlardan biri də gənclərə təsir edən musiqi idi. Dövlət Departamenti Dəməşqdə “Chen Lo and teh Liberation Family” rep qrupunun konsertini təşkil etdi.
Keçmiş Dövlət katibi Hillari Klinton bunu belə şərh edirdi: “Mən deyə bilmərəm ki, “Chen Lo and the Liberation Family” Suriya siyasətinə dəyişiklik gətirdi. Lakin hesab edirəm ki, biz sərəncamımızda olan bütün mövcud vasitələrdən istifadə etməliyik”.
Yəni, Amerika musiqini siyasətə alət etdiyini etiraf edir. ABŞ-da musiqinin siyasətə alət edilməsi haqda gündəmdə olan daha bir nümunə göstərmək olar. Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində kütləni öz tərəfinə çəkmək üçün demokratlar və respublikaçılar arasında reper Pitbull uğrunda əsl mübarizə gedir. Hər iki tərəf kütlələrə böyük təsiri olan reperi öz komandasında görmək istəyir. Çünki bu, seçki kampaniyasını gücləndirməyə kömək edəcək. Siyasi texnologiya baxımından bu bəlkə də normaldır. Lakin bu texnologiya bir çox hallarda başqa dövlətlərin daxili işlərinə qarışmaq və beynəlxalq hüququn pozulması ilə nəticələnir.
Rok qrupunun Azərbaycanla bağlı çıxışı da eyni prosesin tərkib hissəsidir.
U2-nin Dövlət Departamentinin təbliğat maşınında yer alması ehtimalını qrupun yaranma tarixi və Biltzin taleyi ilə oxşarlığı da sübut edir. Biltzin taxtdan düşdüyü 1970-ci illərdə ABŞ təbliğat maşınında boş qalan yerləri doldurmaq üçün elektron musiqi ilə məşğul olan yeni qrupları gücləndirməyə başladı.
U2 qrupu 1976-ci ildə İrlandiyanın paytaxtı Dublində yaranıb. İrlandiyada lazım olan şəraitin yoxluğu qrupu Amerikaya köçməyə vadar edib. 1980-ci ildə U2 artıq dünyanın ən məşhur rok qrupları sırasında ilk pillələrdə qərarlaşmışdı. Bu, Biltzin taleyinə necə də bənzəyir. Biltz də 60-cı illərdə Amerikadan uzaqda, Liverpulda yaranmışdı. Onlar da eyni səbəblərə görə, okeanı aşmaq qərarına gəldilər və Amerikada məşhurluğun zirvəsinə qalxdılar. Hər iki qrup öz dövrünün siyasi təbliğat maşınında yer alıb. Yeganə fərq Biltzin artıq mövcud olmamasıdır.
U2 isə ABŞ təbliğat maşının verdiyi əmrləri yerinə yetirir. Onlara Afrikanın tanımadıqları hansısa ölkəsi haqda, yaxud Yaxın Şərq və ya digər ölkələr, xalqlar haqda danışmaq əmri verilirsə, bu əmr mütləq yerinə yetirilir. Fanat kütləsi isə rok ulduzlarına Allah kimi inanırlar.
Amma biz yanılmamalıyıq. U2 kimi qruplar həqiqəti deyil, ABŞ siyasətini dəstəkləyir və onlar üçün həqiqət anlayışı Dövlət Departamentinin verdiyi əmrdən ibarətdir. Halbuki, söhbət insan haqlarından gedirsə, bura Ermənistan işğalı nəticəsində öz yurdundan didərgin düşən bir milyon azərbaycanlının da hüququ daxildir. Axı konkret cinayət əməlinə görə həbs olunan beş nəfər bu bir milyon insanın yanında qum zərrəsi kimi görünür. U2 qrupu isə bir milyondan deyil, beş nəfərdən bəhs edir.
Onlar Qərb ölkələrində, həmçinin, ABŞ-ın özündə hər gün pozulan insan haqları, polis zorakılığı haqda susurlar. Çünki əmr belə verilib. Məşhur ifadədə deyildiyi kimi: “Əmr dəmiri kəsər”. Buradan da U2-nin tanımadıqları şəxslər haqda çağırış etməsinin qaynaqlandığı mənbə açıq şəkildə görünür.