23 İyun 2015 14:49
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəfael Hüseynov: “Növbə Ermənistana çatanda ürəyiyumşaq, ədalətsiz olmağa vadar edən hansı qüvvədir?”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası ənənəvi olaraq Büro və Daimi Komitənin fəaliyyətlərini əks etdirən “İnkişaf haqqında” məruzəni dinləyərək müzakirə edib. Teleqraf.com xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələr zamanı Avropa Şurasında (AŞ) mövcud olan ikili standartlar məsələsini xüsusi ilə vurğulayıb. Onun qeyd etdiyinə görə, AŞ-dan bəhs edərkən çox vaxt “ailə” ifadəsini işlədirlər və bu, çox qanunauyğundur.

O, deyib ki, yarandığı müddətdən bəri üzv ölkələrinin sayı dörd dəfə artan, bu gün qovuşdurduğu 47 dövlətin hər biri tərəfindən ehtiramla qəbul edilən AŞ həqiqətən 800 milyondan çox insanı əhatə edən nəhəng dünya ailəsi sayıla bilər: “Hər sessiya öncəsi dinlədiyimiz inkişaf hesabatlarını da mən lap qədimlərdən nümunəvi Avropa nəsillərinə və familiyalarına xas olmuş – dünənki işlərə yekun vuran, sabahkı işlərə hazırlıq görmək vəzifəsini daşıyan – səmimi ailə söhbətləri kimi qəbul edirəm. “Səmimi” sözünü təsadüfən işlətmirəm. Çünki bu qəbil fikir mübadilələrinin, ailə dərdləşmələrinin ilkin şərti məhz səmimiyyətdir. Belə müzakirlərdə səmimiyyət yoxsa, demək, bu heç ailə söhbəti deyil və əhəmiyyətli bir nəticəyə gətirib çıxarmaz.

Ailə münasibətlərində səmimiyyətə düşmən olan ən başlıca fəsad ailənin bərabərhüquqlu üzvlərinə qeyri-bərabər münasibətin bəslənilməsi, fərqli standartlarla yanaşmalardır. Mən öz ölkəmə - Azərbaycana münasibətdə bunu hər zaman hiss etmişəm. Amma belə yanaşmanın mövcudluğundan vaxtaşırı Türkiyə də şikayətlənir, Rusiya da gileylənir və bir sıra başqa üzv ölkələr də. Əlbəttə, özümü inandırmaq istəyirəm ki, bu, Avropa Şurasının bir təşkilat olaraq siyasəti deyil və mahiyyətcə onun Nizamnaməsinə də, bütövlükdə fəlsəfəsinə də ziddir.

Lakin nəticə etibarı ilə ayrı-ayrı şəxslərin qərəzli yanaşmaları ona gətirib çıxarır ki, bu bütün təşkilatın nöqsanı kimi qavranılır. Ermənistanı Avropa Şurası özünün 1416 saylı qətnaməsində aydın şəkildə, qeyd-şərtsiz olaraq “işğalçı” kimi təsbit etmişdir. Yalnız qonşulara deyil, öz xalqına qarşı da təcavüzkar, antidemokratik, antihunmanist siyasət aparan, dövlət terrorizmi xətti yürüdən Ermənistanın real siması AŞPA rəhbərliyinə yaxşı bəllidir.

Lakin hesabat dövründə həmin ölkədə Hüquqi İşlər və İnsan Haqları Komitəsinin iclası keçirilir və Büro bunu normal sayır. Daha əvvəlki sessiyalarda isə həmin Ermənistan tərəfindən əraziləri işğal edilmiş, Avropa Şurasının standartları baxımından Ermənistandan hər cəhətdən üstün olan Azərbaycana təyin olunmuş komitə iclasları müxtəlif bəhanələrlə ləğv olunur, bu tədbirlərin Bakıda keçirilməsi məqbul hesab edilmir.

Lap fərz edək ki, Azərbaycana qarşı bu addımınızı ölkəyə qarşı hansısa iradlarınızla əsaslandırırsınız. Lakin axı Ermənistana həmin iradlardan on qat artığını yürütmək olar. Bəs niyə bu ölkəyə qarşı belə ifrat yumşaq, nəvazişkar yanaşır, heç bir sanksiya tətbiq etmirsiniz? Növbə Ermənistana çatanda sizi ürəyiyumşaq, ədalətsiz olmağa vadar edən hansı gözəgörünməz qüvvədir? Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Bəs niyə eyni motivlə azı 10 il bundan əvvəldən sanksiyalara məruz qalmalı Ermənistana belə sərt münasibətin yüzdə biri göstərilmir?

Nə mane olur sizə? Belə ikiüzlülüyünü demirəm, bu cür anlaşılmaz çoxüzlülüyün sürəkli davam etməsinə necə dözək, niyə dözək, nə vaxtadək dözək?”.

R. Hüseynov Assambleya üzvlərinin diqqətini ötən sessiyadan keçən müddətdə Ermənistanın törətdiyi daha bir qanunsuzluğa yönəldərək AŞPA Bürosu və Daimi Komitəni təşkilatın nüfuzuna zərbə vuran belə saymazlığa göz yummaqda ittiham edib: “AŞPA Bürosunun qərarı ilə Böyük Britaniyadan olan deputat Robert Volter “Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər ərazilərində zorakılıq hallarının artması” adlı mövzu üzrə məruzəçi təyin olunmuşsa da, Ermənistan onunla əməkdaşlıq etmək, məruzəçinin işğal altındakı ərazilərə səfər etmək, tədqiqatlar aparmaq istəklərinə qarşı çıxır, onu Ermənistana buraxmaq istəmir”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər