Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın açıqlamasına münasibətdə Trend-ə E.Nalbəndyanın əslində özünün ölkəsini bürüyən dərin siyasi, iqtisadi və sosial böhranı süni şəkildə görməməzliyə vurmağa çalışdığını bildirib.
Ermənistanın kriminal xarakterli hərbi diktatura rejiminin yürütdüyü siyasətin nəticəsidir ki, bütün Ermənistanı kütləvi etiraz aksiyaları bürüyüb. Paytaxt İrəvanda baş vermiş dinc etiraz aksiyasının Ermənistanın təhlükəsizlik qüvvələri tərəfindən xüsusi qəddarlıqla dağıdılması və hətta KİV nümayəndələrinin fiziki zorakılığa və təqiblərə məruz qoyulması Ermənistan rejiminin əsl mahiyyətini bir daha ifşa etdi.
Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” barədə qəbul edilmiş qətnaməsinə gəldikdə isə bu Azərbaycana qarşı ikili standartların və qərəzli münasibətin bariz nümunəsidir va XİN tərəfindən buna münasibat bildirilib. ASPA hələ 25 yanvar 2005-ci ildə qış sessiyasında qəbul edilmiş 1416 (2005) saylı qətnamə və 1690 (2005) saylı tövsiyə ila bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu vurğulamış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırlatmışdır.
16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” (13216/05 saylı iddia) işi ilə bağlı qərarı isə Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub.