Nizami Cəfərov: “Erkən seçki keçirilsə, indikinə oxşar mənzərə yaranacaq”
“Türkiyədə hökuməti Ədalət və İnkişaf Partiyası (AKP) ilə Millətçi Hərəkat Partiyası (MHP) formalaşdıra bilər. Məsələ ondadır ki, AKP-nin müəyyən islahatlar paketi var. Bu islahatlara Türkiyənin prezident üsuli-idarəsinə keçilməsi, prezidentin səlahiyyətlərinin artırılması və parlamentin qarşısını bir qədər almaq daxildir. İndi AKP ilə gələcəkdə koalisiyaya gedəcək partiya bununla razılaşmalıdır. Ən böyük gərginlik də budur ki, AKP-dən başqa digər siyasi qüvvələr bu islahatları istəmir. Ən çox da Cümhuriyyət Xalq Partiyası (CHP) qarşıdır. CHP Atatürk konstitusiyasının dəyişdirilməsini istəmir və bu, onların ideoloji məntiqindən doğur. Mənə elə gəlir ki, MHP daha liberal mövqe tuta bilər. Düzdür, indi MHP sədri Dövlət Baxçalı sərt ritorika ilə danışır və təkrar seçkilərdə problem görmür. Amma koalisiyanın qurulması AKP-nin nə dərəcədə güzəştə gedə biləcəyi məsələsindən də asılıdır. AKP istənilən partiya ilə koalisiyaya getsə, istər-istəməz müttəfiqlik edəcəyi partiyanın maraqlarını nəzərə almalı, aparmaq istədiyi islahatları bir qədər zəiflətməlidir. İnanmıram ki, AKP-CHP koalisiyası olsun. Xalqların Demokratik Partiyası (HDP) ilə də koalisiya real görünmür. Bu mənada daha real koalisiya AKP-MHP koalisiyası ola bilər”.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Türkiyə ilə dostluq qrupunun rəhbəri, professor Nizami Cəfərov deyib. Onun sözlərinə görə, hazırda CHP, MHP və HDP-nin birləşərək koalisiya yaratması haqda müzakirələr gedir: “Amma bu üç partiyanın hökumət formalaşdırması imkanı mürəkkəb işdir. Bunun üçün üçtərəfli razılaşma olmalıdır. İnanmıram ki, bu, baş tutsun. AKP-MHP koalisiyası realdır. AKP Türkiyə cəmiyyətində liderdir, çox ciddi şəkildə xalqın həyat tərzini yaxşılaşdırmaq baxımından işlər görüb. Əlbəttə, AKP müəyyən qədər bizim üçün müqəddəs olan Atatürkçü düşüncəyə qarşı alternativlər qoysa belə, bu da demokratiya təzahürüdür. MHP-nin milliyətçi düşüncəsi ilə AKP-nin düşüncə tərzində üst-üstə düşən tərəfləri var”.
Professor əlavə edib ki, başqa variant Türkiyənin erkən seçkilərə getməsidir: “Bu, son variantdır. Ancaq inanmıram ki, bu, çıxış yolu olsun. Çünki Türkiyə seçicisi mövqelərini qısa müddətdə dəyişmir. Son illərdə Türkiyədə keçirilən seçkiləri dəfələrlə izləmişəm. Son parlament seçkilərini də müşahidə etmişəm. Əhvali-ruhiyyəni də müəyyən qədər bilirəm. Təsəvvür edin ki, elə şəhərlər var ki, CHP burada ciddi təbliğat kampaniyası aparmasa belə, bu partiyaya səs verirlər. Ankaranın müəyyən rayonları, İzmir şəhəri, İstanbulun bəzi yerləri stabil olaraq CHP-yə səs verir. Bu kontingent heç vaxt başqa partiyaya səs vermir. Eləcə də, MHP-nin bəlli şəhərlərdə üstünlüyü olur. AKP-nin üstünlüyü odur ki, bütün Türkiyə coğrafiyasında az və ya çox üstünlük qazanır. Siyasi mənzərə bundan ibarətdir. Bu mənada düşünürəm ki, erkən seçki keçirilsə belə, indikinə oxşar mənzərə yaranacaq, heç bir partiya tək hökumət qurmaq üçün lazım olan səsləri toplaya bilməyəcək”.
Atatürk Mərkəzinin rəhbəri qeyd edib ki, AKP daha çox MHP ilə birgə hökuməti qura bilər, amma CHP ilə də körpülər yandırılmayıb: “Bütün hallarda AKP müəyyən güzəştlərə getməlidir. Əgər bu güzəştlərə getməsə, cəmiyyət bunu anlamayacaq. Həm də MHP və CHP-nin arxasında duran insanlar bu məsələlərdə AKP-yə güzəştə gedilməsini qəbul etməyəcək. Çünki bu partiyaların öncədən şərtləri və qırmızı xətt adlandırdığı prinsipial məsələləri var”.
Millət vəkili bundan sonrakı seçkilərdə AKP-nin daha az səs ala biləcəyini də istisna etməyib: “Bunu heç vaxt demək istəməzdim. Çünki mən AKP-nin təəssübkeşlərindən biriyəm və bu partiyadan xeyli deputat dostlarım var. Azərbaycana münasibətdə də yüksək mövqedədirlər. Əlbəttə, daxili məsələlərdə problemlər ola bilər. Hər halda bu seçkilərdə əldə olunan səslər gözlənilən səviyyədə deyilsə, heç kim deyə bilməz ki, sabah yeni seçkiyə gedilsə, qazanılan səslər bundan aşağı olmayacaq. İndi cəmiyyət AKP-dən tələb edir ki, çox işlər görsən də, hardasa nöqsanın olub və biz hesab edirik ki, koalisiya ilə hökumət qurmalısan. Bu, seçicinin AKP-yə verdiyi mesajdır. Ancaq seçkinin məntiqi nəticəsi budur ki, xalq bir partiyanı istəmir. Deyir ki, koalisiyaya get. İndi koalisiyaya getməyəcəklərsə, deməli, xalqın tələbi bir qədər də güclü olacaq. Bu zaman şübhəsiz ki, səs faizləri də aşağı düşəcək. Bu səbəbdən AKP-nin qarşısında aparıcı istiqamət odur ki, koalisiyaya gedilsin”.
CAVİDAN