26 May 2014 14:17
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynada seçkilər baş tutdu. Bu sevindirici hadisə Azərbaycan siyasi maraqları üçün də mühüm statusa malikdir. Daha öncə siyasi taleyimizin Ukrayna hadisələrinin gedişində də həll olunduğunu bildirmişdim. Maydan hadisələrinin gedişatında təkcə Ukrayna-Rusiya münasibətləri deyil, həm də fəlsəfə qarşıdurması yaşanır, standartlar uğrunda savaş gedir.

Rusiya öz imperiya ehtirasını söndürmək üçün yeni ərazilərin ekspansiyası haqqında düşündüyünü gizlətmir, müxtəlif siyasi hərəkətləri ilə bunu açıq şəkildə ortaya qoyur. Romanovlar və SSRİ dönəmləri simvollarının dirçəldilməsi Putin komandasının zehniyyətindən xəbər verir".

Teleqraf.com-un məlumatına görə, bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Ukraynadakı seçkilərin nəticələrinə münasibət bildirərkən qeyd edib.

VİP sədrinə görə, bu gün Ukraynanın yaşadığı çətinliklər Rusiyanın keçmiş imperiya ərazilərinə baxışından irəli gəlir: "Ukrayna Rusiya menyusunda yeganə dövlət deyil. Əminəm ki, bu təhlükəli siyasi qastronomik rasionda Azərbaycan da yer almaqdadır. Dünən keçirilən seçkilər nəticəsində Ukraynanın Qərb seçimi həllini tapmış oldu. İnanıram seçilmiş cənab Paroşenko Avropa Birliyi ilə inteqrasiya yolunda maneələri adlayacaq. Eyni zamanda keçmiş sovet respublikaları üçün vacib olan Rusiya ilə mehriban qonşuluq əlaqələrinə də diqqət yetirəcək. Ukraynanın Qərb standartlarına keçidi dövlətin uzaq perspektivdə davamlı, sabit inkişaf ritminə transferini təmin edəcək. Böyük biznes nümayəndəsi olan UDAR hərəkatının namizədi qısa müddət ərzində Ukraynanı düşdüyü iqtisadi tənəzzüldən çıxaracağına əminəm. Ölkədə yaşanan mənəvi böhranın da aradan qaldırılması yolunda xeyli çətinliklər olacaq. Lakin düşünürəm ki, Ukraynanın bu günkü siyasi və biznes elitası son yarım il ərzində yüksək səbat və cəsarət nümayiş etdirərək, prosesləri legitim sonluğa çatdıra bildisə, mənəvi problemləri də çözə biləcək. Hesab edirəm ki, Rusiyanın nəhəng diversiya maşınının qarşısında tab gətirmək böyük hadisədir.Dünən baş tutmuş seçkilər münasibətilə Ukrayna xalqını təbrik etməklə yanaşı Azərbaycan maraqları acısından hadisəyə nəzər salmaq yerinə düşərdi. Çünki son günlər Moskva meylli bəyanatlar gündəmimizdə yer almaqdadır və açıq təhlükə mahiyyəti daşıyan bu mövqe Rusiyada oturan təxribatçı kolon tərəfindən də həvəslə qarşılanır".

Ə.Əliyev hesab edir ki, Qərb çevrələri-ABŞ və Avropa Birliyi sərhədlərini genişləndirməkdə israrlıdır: "Rusiyaya qarşı onların sinxron fəaliyyəti Sankt Peterburq biznes forumunda Putinin geri addım atmasına nədən ola bildi. Dünyanın ən nüfuzlu tandeminin tətbiq etdiyi sanksiyalar Putinə dünya düzənində yerini göstərə bildi. Forum zamanı ciddi biznes çevrələrinin sanksiyalar fonunda foruma qatılmaması da Putinin Ukrayna seçkilərini tanıyacağını və qonşu dövlətə qoşun yeritməyəcəyi öhdəliyini üzərinə çəkməsinə həlledici təsir göstərdi. Rusiya eşqi ilə yananlara bir müraciətim var. Əziz həmvətənlər, Rusiya əvvəlki gücə və nüfuza malik deyil. Dövlətimizin müstəqillik əldə etməsi tarixi hadisədi idi. 50 mlyonluq xalqın dövlət qurumu vacib amildir. Millətimiz bu dövlət ağacını qanı ilə suvarıb və suvarmaqda davam edir. Şimallı Cənublu soydaşlarımızın fədakarlığı nəticəsində ərsəyə gəlmiş bu qurumu kənar təsirlərdən qorumaq hamımızın vəzifəsidir. Suverenliyimizi heç nəyə dəyişmək olmaz. Azərbaycanın Rusiya ilə iqtisadi, mədəni əlaqələri saxlamaqla Qərb standartlarına keçidi gələcəyimizin təminatıdır. Amansız dünya şərtləri daxilində onsuz da tərəfdaşlıq edəcəyimiz bütün tərəflər bizi istismar etmək məqsədi güdəcəklər. Yaşayışımızın keyfiyyətini yüksəltmək, talançılığa sinə gərmək, ərazi bütövlüyümüzü bərpa etmək üçün cəmiyyətimizin daxili rezisdentliyini yüksəltmək, bizi geriyə imperiya əyalətinə çevirmək istəyənlərlə deyil, inkişafa apara biləcəklərlə bir yerdə olmağa can atmalıyıq. Bu işdə Ukrayna xalqının verdiyi mücadilə bizə uğur nümunəsi ola bilər. Əminəm ki, xalqımız torpaqlarımızı işğal etmiş, Xocalı soyqırımında iştirakçı olmuş, 20 yanvar qırğınını törətmiş dövlətin yenidən təbəəsi olmaq istəməyəcək".

Ayxan


Müəllif: