3 İyul 2015 12:22
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəyasət Heyətinin üzvü sabiq şöbə müdirini döyüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri, partiyadan kənarlaşdırılan Ağaşirin Tanrıverdioğlu fiziki təzyiqə məruz qaldığını bildirib.

Tanrıverdioğlu deyib ki, Nərimanov rayonu ərazisindəki kafelərdən birində istirahət edərkən partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli qəfildən kafeyə girərək, onu döyməyə başlayıb: "Yanında tanımadığım bir nəfər də vardı. Mənim üzümə xəsarət yetirdilər. Səbəbini soruşanda partiya əleyhinə fəaliyyətimə görə belə davrandığını dedi. Hazırda üzümdə xəsarət izləri var".

Döyülən sabiq şöbə müdiri hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdiyini deyib.
AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli isə hadisəni təkzib etməyib. Bildirib ki, Tanrıverdioğlu sosial şəbəkədə onu təhqir etdiyi üçün bir sillə vurub.

Nərimanovda sabiq cəbhəçi ilə partiya rəhbərliyində təmsil olunan funksioner arasında baş verən dava polis bölməsində araşdırılacaq. İndi tərəflər bir-birini ittiham edirlər.

Sabiq cəbhəçi: "AXCP Rəyasət Heyətində ölümümə qərar verilib"

A.Tanrıverdioğlu bəyan edib ki, başına gələn hadisə qanun çərçivəsində araşdırılacaq: "Qanun çərçivəsində 18-ci polis bölməsinə şikayət etdim. Tibbi ekspertizadan keçdim. Məcbur olub, kirayə qaldığım yeri də dəyişdim. Çünki xəsarət yetirə bilərlər. Mən hüquq mühafizə orqanlarına müraciət edirəm ki, təhlükəsizliyimə təminat versinlər. Sahib və dəstəsi məni öldürə bilərlər. Onun partiya sədri olmaq şansları itdiyindən bu yola əl atıb. AXCP Rəyasət Heyətində ölümümə qərar verilib. Bunu da yerinə yetirəcək şəxs Sahib Kərimlidir. Bu işin arxasında partiya rəhbərliyinin dayandığını deyə bilmərəm. Bu işlərin arxasında Sahib, Rafiq, Arzuman və Razi Nurullayev durur. Bunlar hər an mənə qəsd edə bilərlər. Sahib Kərimli hər şeyi edə, qan da batıra bilər. Onu bu gün tanımıram. Həbsdə olarkən kreditlərini bağladığımız şəxs indi cangüdənlə gəzir. Məni polis bölməsinin müavini qəbul etdi. Söz verdilər ki, məsələ araşdırılacaq".

"Aclıq aksiyası keçirəcəyəm"

A.Tanrıverdioğlu aclıq aksiyası keçirəcəyini də bəyan edib. Bildirib ki, gələn həftə mətbuatda bir sıra faktlar açıqlayacaq: "Suraxanıdan üç gənc qovularkən Sahib Kərimli mənə nə dedi? Ondan bir gün sonra AXCP-nin Rəyasət Heyətinin toplantısı keçiriləcək Həsən Kərimovun evinin qarşısında mən tərəfdən aksiya olmalı idi. Niyə pozuldu? Arzuman Məcidli Sahib Kərimlinin yanında hansı işləri yerinə yetirir? Onu Sahibə bağlayan nələrdir? Rafiq mənimlə partiyanın bir fraksiyasının əlinə keçməsi üçün hansı söhbətləri edib? Hansı rayonları aramızda bölüşdürmüşük? Bütün bunları yaxın gündə açıqlayacağam".

Sahib Kərimli: "Ona bir sillə vurdum"

Baş verən hadisə ilə bağlı AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli də sosial şəbəkədə xüsusi açıqlama ilə çıxış edib. Kərimli qeyd edib ki, Ağaşirin Tanrıverdioğlu illərlə tanıdığı cəbhəçidir: "Bu yaxınlarda o, partiyadan xaric edilib. Bundan sonra qəzet və saytlara partiya rəhbərliyi haqqında müsahibələr verməyə başlayıb. İlkin olaraq bildirirəm ki, mən ona şilləni partiya mənafeyini qorumaq üçün və ya fərqli siyasi baxışlarına görə vurmamışam. Tənqidə dözümlə yanaşmağı daim təbliğ edən bir siyasi xəttim olub, özüm də bəzən çox sərt tənqidlər etmişəm. Ümumiyyətlə, zora qarşıyam, vurduğum şillənin hüquqi qiymət alması vacibdir, bunu mən özüm tələb edirəm. Ağaşirin Tarıverdioğlu son zamanlar mənə tez-tez maddi köməklə bağlı müraciət etməyə başladı. Son vaxtlar isə bunu tələb kimi səsləndirirdi. Bir neçə dəfə kafeyə gələrək pulsuz yeyib-içiblər. Bütün bunlardan sonra mən yenə də müəyyən şəxslər vasitəsilə onu sayğılı olmağa dəvət etdim. Təəssüf ki, məni təhqir etməyə davam etdi. Sosial şəbəkədə yazdığı təhqiramiz statusdan sonra dostlardan xahiş etdim ki, onunla danışsınlar. O isə heç kimə məhəl qoymadan daha da irəli getdi və mənim şəxsiyyətimi alçaldan ifadələr işlətdi. Dünən təsadüfən Nərimanov rayonunun ərazisindəki parkda gəzişərkən Ağaşirini gördüm, ona yaxınlaşıb əməllərindən çəkilməsini məsləhət bildim. Əcəb edirəm dedikdən sonra ona bir şillə vurmuşam. Ona xəsarət yetirmək niyyətim olmayıb".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər