Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin doğum günüdür.
Əliqismət Lalayev Teleqraf.com-a açıqlamasında doğum gününü iş başında, kollektivlə birgə qeyd edəcəyini deyib:
"Teatrımız 105-ci mövsümünü başa vurmaq üzrədir. Tam əminliklə deyə bilərəm ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar olub. Mövsüm boyu teatrımızda bir sıra beynəlxalq tədbirlər keçirilib, neçə-neçə yeni əsərin premyerası olub. Kollektivimizin müxtəlif üzvləri səmərəli və uğurlu fəaliyyətlərinə görə il boyu istər rəsmi, istərsə də yaradıcı təşkilatlar tərəfindən təltif olunublar. Biz hələ də I Avropa Oyunlarının xoş xatirələri ilə yaşayırıq. I Avropa Oyunlarının keçirildiyi 17 gün ərzində xüsusi olaraq təşkil olunmuş repertuara əsasən Musiqili Teatrda 15 tamaşa nümayiş olunub.
Tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər - qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub. 11-28 iyun arası Musiqili Teatrda tamaşalarımızı yerli tamaşaçılarla yanaşı, İngiltərə, Rusiya Federasiyası, Danimarka, İspaniya, İtaliya, Macarıstan, Almaniya, Ukranya, Kipr, Türkiyə, Moldova, Polşa, Bolqarıstan, Fransa və başqa dövlətlərdən gəlmiş əcnəbilər də izləyiblər və razılıqlaırnı bildiriblər. 105-ci mövsümün yekunlaşması ilə əlaqədar olaraq iyulun 4-də teatrımızda mükafatlandırma mərasimi olacaq. Biz burda müxtəlif nominasiyalar üzrə əməkdaşlarımızı mükafatlandıracağıq. İnsanların əməyini dəyərləndirmək, onlara sevinc bəxş etməkdən ali heç nə ola bilməz. Buna görə də mən də təbii ki, ad günümdə doğma kollektivimlə bir yerdə olacağam və mövsüm ərzindəki uğurlarına görə mükafatlandırılacaq sənət dostlarımla, həmkarlarımızla sevincimizi birlikdə bölüşəcəyik".
Nərmin