“İlk növbədə dəqiqləşdirmək lazımdır ki, doğrudanmı Rusiya Ermənistana belə silah satmaq istəyir. Mümkündür ki, bu informasiya Ermənistanda hər gün bir az daha çox gərginləşən vədəndaş hakimiyyət qarşıdurmasını yumşaltmaq üçün xususi analitik mərkəzlər tərəfindən ictimai dövriyyəyə buraxılmış informasiya olsun”.
Bu fikirləri SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistanın Rusiyadan almağa hazırlaşdığı “İsgəndər-M” raketlərini Dağlıq Qarabağda yerləşdirəcəyinə dair yayılan fikirlərə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, indiki vəziyyətdə Ermənistan hakimiyyətinin belə dəstəyə çox ehtiyacı var: “Hazırkı Ermənistan hakimiyyətinin, hərbi xunta üzvlərinin böyük əksəriyyəti azərbaycanlılara qarşı qətliam prosesində iştirak etmiş qatillərdir. Onlar hakimiyyətə də Şimaldakı bəzi hərbi-siyasi dairələrinin köməkliyi ilə gəliblər. İndi isə ermənilər onların hakimiyyətdən getməyini istəyir. Belə olduqda hakimiyyəti qorumaq üçün yenə də Qarabağ kartından istifadə edilir. Ancaq biz bilirik ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və problemin həlli ilə bağlı məsuliyyət daşıyır. Üstəlik qonşu ölkə kimi bu problemin həlli məsələsində Rusiyanın bir tarixi məsuliyyəti də var. Ona görə də hesab edirəm ki, regionda hərbi balansı poza biləcək hər hansı addımın atılması ciddi fəsadlar yarada bilər. Həmçinin proqnozlaşdırılması çətin olan nəticələrə gətirib çıxara bilər. Düşünürəm ki, Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daşındığı indiki mürəkkəb dövrdə Şimal qonşumuzun atacağı hər addım ölçülüb-biçilmiş olacaq”.