8 İyul 2015 11:55
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandakı “Qızılgül inqilabı”na, daha sonra Ukraynadakı “Maydan hərəkatı”na bir sıra Azərbaycan QHT rəhbərləri dəstək verirdilər. Hətta bir sıra vətəndaş cəmiyyəti institutları rəhbərləri həmin aksiyalara qatılır, alovlu çıxışlar edirdi.

Bəs, həmin QHT-lər Yunanıstana niyə dəstəklərini bildirmədilər?

“Dəstək görüntüsü lazım idi”

Məsələyə münasibət bildirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, Gürcüstan və Ukrayna hadisələrinin ilhamvericisi ABŞ-ın müxtəlif mərkəzləri və bu dövlətin özü idi. Onun sözlərinə görə, Yunanıstandakı proses başqadır: “Yəni, ABŞ mərkəzləri bizim bəzi QHT-lərin təmsilçilərini səfərbər etmişdi ki, gürcülərə və ukraynalılara dəstək görüntüsü çox olsun. Yunanıstanda isə həmin dəstək görüntüsünə ehtiyac yoxdur. Çünki ordakı proses tamam fərqli yöndədir”.

CASCFEN sədrinin fikrincə, Yunanıstan müstəqil bir Avropa ölkəsidir, ciddi maliyyə problemi var, Rusiya ilə yaxınlıq göstərsə də, bu, ciddi bir sonuca hesablanmayıb: “Amma Ukrayna və Gürcüstanı Rusiyanın təsirindən qurtarmaq lazım idi ki, ABŞ mərkəzləri də bunun üçün ciddi pullar xərcləməkdən çəkinmədi. Hərçənd ki, hər iki ölkə hələ də özünə gələ bilmir”.

“Vahid mərkəzdən gələn əmr yoxdursa...”

“Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbudun sözlərinə görə, artıq heç kimə sirr deyil ki, ABŞ başda olmaqla bir çox ölkələrin dövlət büdcəsindən məqsədli şəkildə maliyyələşdirilən, böyük güclərin diktəsi ilə hərəkət edən və müstəqil siyasət yürüdən dövlətlərə qarşı təsir rıçaqı kimi istifadə olunan qeyri-hökumət təşkilatları müxtəlif ölkələrdə dayaq dəstələri yaradıblar: “Onlar da daha çox vətəndaş cəmiyyəti sektorundadırlar. Müxtəlif kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının şəxsində özünü göstərir. Biz bu nümunəni müxtəlif ictimai-siyasi və geosiyasi hadisələrə münasibətdə görürük. Əgər vahid mərkəzdən gələn əmr yoxdursa, onların həmin bu insan hüquqlarının pozulması ilə bağlı hər hansı bəyanatının, reaksiyasının şahidi olmarıq. Yəni, belə deyək, tam nizam-intizamla öz xidmət etdikləri yerin sifarişlərini icra edir və qərarlarına tabe olurlar. Maydan hadisələri zamanı Ukraynada baş verənləri gördük və bunun acı sonluğunu da Ukrayna cəmiyyəti çəkir. Bundan əvvəl isə Gürcüstanda baş verənlərin şahidi olduq. Azərbaycanda da bir çox ictimai-siyasi paltformada olan şəxslər var idi ki, böyük canfəşanlıqla gedib aksiyalarda iştirak edir, nitq söyləyirdilər. Sanki bu addımlar bunların peşə borcudur. Yunanıstanda da kütləvi aksiyalar təkrarlandı, qarışıqlıq oldu, ancaq heç bir qeyri-hökumət təşkilatının bununla bağlı reaksiyası olmadı. Demək ki, burada vahid mərkəzdən idarə olunmaq var və bəlli geosiyasi güclərin, oyunçuların bir barmaq tuşlaması olmalıdır. Bu baxımdan hər bir hərəkəti ilə ifşa olunmuş şəxslərin bir daha öz hərəkətlərini saf-çürük etməsinə, tutduqları mövqeyə diqqət etmələrinə ehtiyac var”.

E.Behbud deyib ki, Azərbaycanda kifayət qədər güclü dövlətçilik, o cümlədən vətəndaş cəmiyyəti institutları var: “Bu qeyri-hökumət təşkilatları sağlam dövlətçilik mövqeyindədir. Ancaq hələ də tərəddüdlər içərisində, yanlış yolda olanlar varsa, bu məsələyə birdəfəlik mövqe bildirməlidirlər. Çünki hər ötən gün dünyada baş verən proseslər bir daha həmin bu bəlli mərkəzlərdən idarə olunmanı gün üzünə çıxarır, aydınlıqla göstərir”.

“İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, hazırda Yunanıstan iqtisadiyyatının və əslində isə Avrozonanın gələcəyi həll olunur: “Lakin görünən odur ki, Avrozonanı narahat edən məsələ, Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər üçün heç bir əhəmiyyət kəsb etmir. Yunanıstan Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli tərəfdaşlardandır. Bu ölkə Azərbaycanın əsas strateji qaz kəməri olacaq TAP-da istehlakçı və eyni zamanda, tranzit ölkədir.

Ölkəmizin sözügedən dövlətdə sərmayələri ilə Dövlət Neft Fondunun aktivlərinin 1/4-nin avro və idarə olunan vəsaitlərinin 40 faizinin Avropa Birliyində saxlanıldığını nəzərə alsaq, Yunanıstanda böhranın başa çatmasında maraqlı olan ölkələrdən biri də məhz Azərbaycandır".

M.Seyidov qeyd edib ki, Yunanıstanla baş verənlərdən əslində biz özümüz də nəticə çıxarmalıyıq: “Çünki bu gün bəziləri Yunanıstanın yaşadığı böhranı Azərbaycanın da yaşamasını gözləyirdilər. Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər hazırda Yunanıstanla bağlı susurlar. Bu isə həmin QHT-lərin hansı mövqeyə sahib olduğunu və kimlərə xidmət etdiklərini göstərir.

Biz artıq bilirik ki, beynəlxalq QHT-lər yalnız sahiblərinin sifarişini yerinə yetirir. Yunanıstanın borc bataqlığında batma ehtimalına laqeyd yanaşan bir sıra QHT-lər bir daha öz mövqelərini nümayiş etdirmiş olurlar. QHT sədrləri bu cür hadisələrə öz fikirlərini bildirməli və susmamalıdırlar. Lakin onların fəaliyyətlərinin heç də şəffaf olmadığına, əksinə, qərəzə və təzyiq metoduna üstünlük verdiklərinə bir daha şahid oluruq. Azərbaycanda fəaliyyət göstərərək xarici qüvvələrə xidmət edənlər heç bir məqsədə nail olmayacaqlar. Çünki bu qüvvələr gördülər ki, nə etsələr belə, Azərbaycanın uğuruna, apardığı müstəqil siyasi kursa təsir göstərə bilmədilər və biz 17 gün ərzində Avropaya yeni tarix yaza bildik".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər