9 İyul 2015 14:37
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İsa Qəmbər Arif Hacılını müdafiə etmək üçün bizlərə kifayət qədər çamur atıb"

Müsavat Partiyası Qadınlar Birliyinə (MQB) yeni seçkilər keçiriləcək. İyulun 18-də baş tutacaq səsvermədə yeni sədr bəlli olacaq. İyulun 13-dək isə sədrliyə namizədlər öz ərizələrini təqdim etməlidir.

Partiyanın Qadınlar Birliyinin əvvəlki sədri Ellada Məmmədli vəzifəsinə xitam verilməsini doğru addım saymır. Hazırda Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında sədr müavini olan E.Məmmədli Qadınlar Birliyindən birbaşa çıxarıldığını bildirib: "Fikrim var idi ki, partiya rəhbərliyi ilə normal danışıqlar yolu ilə məsələni həll edək. Ancaq görürəm ki, prosesdə anormallıq çoxdur, ona görə də onlarla məhkəmədə dartışmalı olacağıq".

E.Məmmədli məhkəməyə müraciət etməyi düşünür: "Məni qeyri-qanuni olaraq, partiya Nizamnaməsindən kənar Xətai rayon təşkilatından çıxarıblar. Rayon təşkilatının şurası tamamilə buraxılıb, özəklər səviyyəsində yeni sərbəst şura üzvlərinin seçkisi olub, seçkidən sonra məni partiyadan çıxarmaq üçün göstəriş verilib. Yetərsayları yox idi, yetərsayı təmin etmək üçün mütləq yeni şura üzvləri lazım idi. Seçilən şəxslər doğrudanmı şura üzvləridir, Xətai rayon ərazisində qeydiyyatdadırlarmı? Qaranlıq məqamlar çoxdur. Bu məsələyə baxacaqdılarsa, məni niyə iclasa dəvət etmədilər? Bu məsələlərə aydınlıq gəlməlidir".

Qadınlar Birliyinin sədrliyindən uzaqlaşmasına gəlincə, E.Məmmədli vurğulayıb ki, bu qurum seçkili orqan idi və uzun müddətdir onu rəhbərlikdən uzaqlaşdırmaq niyyəti güdülüb: "Müsavat rəhbərliyi istədikləri yetərsayı ala bilmirdi. Düşündülər ki, birbaşa partiyadan çıxarılsam, avtomatik olaraq MQB sədrliyindən də azad olunacağam. Mən Müsavat qadınlarının 51 faizinin səsini toplamış adamam. Yeni seçki isə siyasi sifarişlə olacaq. Elə adamları təşkilat komitəsinə seçiblər ki, heç ali təhsilləri də yoxdur. Hətta mənim haqqımda rəy yaratmağa çalışırdılar ki, guya ali təhsilim yoxdur. Qubad İbadoğluna irad tuturlar, amma elə adamı iqtisadiyyat komissiyasının sədri seçiblər ki, həmin şəxs illərdir Müsavatın üzünü görməyib. Ağa deyir sür dərəyə, hər kəs də onun ardınca gedir. Mənim MQB-dən uzaqlaşdırılmağımdan sonra Qadınlar Birliyinin şurası buna etiraz olaraq özünü tamamilə buraxdı, 11 xanım istefa verdi. Bunun üstündən 2 həftə keçdi, fikirləşdilər ki, nə etsinlər, Divan MBP-ni buraxdı, təbii ki, anormal proseslər getdi".

O, sabiq Müsavat başqanı İsa Qəmbərin partiyada baş verənlərin içərisində olduğunu söyləyib: "İsa Qəmbər Arif Hacılını müdafiə etmək üçün bizlərə kifayət qədər çamur atıb. Onu bizə çamur atmağa nə vadar etdiyini, kimin qarşısında öhdəlik götürdüyünü özü bilir. Arif Hacılı böyük şəxsiyyət deyil, sadəcə, İsa Qəmbərin qara simasını icra edir, onun qara üzüdür".

E.Məmmədli partiyadakı mühacir qalmaqalına da toxunub: "Ləman Talıbova timsalında 2 ay Müsavat üzvü olan şəxslər Avropada mühacir kimi yaşayır. Hələ ağ yalanla bozarırlar ki, müsavatçıyıq. Arif Hacılı da bu xanımın həqiqətən müsavatçı olduğunu təsdiqləyib, birgə fotosu da var. Ləman Talıbovanı iqtidar da, müxalifət də tanıyır. Talıbovadan nə müxalifətçi çıxar? Vəzifələrdə çalışıb, indi də xaricə getmək istəyib, işbazlarla anlaşıb qızı ilə birgə mühacir kimi gedib. Oğlu atası ilə burada yaşayır, Ləman Talıbova isə evlərini satıb haqq verib mühacir kimi getməyə nail olub".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər