Əli Kərimlinin müavini Əbülfəz Qurbanlının istefa verməsi siyasi partiyalar arasında birmənalı qarşılanmayıb.
Bununla bağlı Teleqraf.com-a acıqlama verən BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı Əli Kərimlinin yanından istefalar olacağını bir müddət əvvəl qeyd etdiyini deyib:
"Bu cür istefaların olacağını əvvəlcədən demişdim. Əbülfəz Qurbanlının istefası ilə proses bitməyəcək. Yeni istefalar olacaq, yaxın zamanlarda bunun şahidi olacağıq. Əslində özünə hörmət edən şəxs heç vaxt Əli Kərimli ilə birgə addımlamaz. Bu adamla kimsə uzun yol gedə bilmir. Səbəb isə aydındır, Əli Kərimlinin şəxsi maraqları. Bu adamın düşüncəsinə görə hər kəs bunun üçün çalışmalıdır və buna xidmət göstərməlidir. Əli Kərimli feodal təffəkkürlü insandır və anındaca öz maraqları üçün istənilən müavini, işçisini ayaqlar altına ata bilir. Əli Kərimli üçün heç bir dəyər yoxdur, insanlar da bunu görür və bu səbəbdən də istefa verirlər. Baxın bu günə qədər bu adamdan kimlər imtina etməyib? Bu adam Azərbaycanın siyasi tarixində yeganə şəxsdir ki, kimi özünə müavin təyin edirsə, qısa bir müddətdən sonra həmin şəxslər istefa verib, ondan imtina edirlər. Əbülfəz Qurbanlı dördüncü müavinidir ki, istefa verir. Buna qədər Fuad Mustafayev, İbrahim Vəliyev, Asəf Quliyev, Razi Nurullayev istefa vermişdi. Müşavirləri olmuş Rəsul Mirhəşimli, Şakir Abbasov, Zərifə Məhəddinova və başqaları da istefa verənlər sırasındadır”.
N.Orduxanlı Əbülfəz Qurbanlının istefasına münasibət bildirməyən Əli Kərimlinin niyə susduğuna da aydınlıq gətirib: “Son vaxtlar Əli Kərimlinin mətbuat xidmətinin rəhbəri vəzifəsini Cəmil Həsənli icra edir. Əli Kərimli ilə bağlı məsələlər olanda Cəmil Həsənli cavab verir. Yəqin ki, bu məsələ ilə bağlı da Əli Kərimli yenə də Cəmil Həsənlini qabağa verib, bir acıqlama verdirəcək”.
AZAD