Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Əbülfəz Qurbanlının partiyadan istefa verməsi gündəmin əsas mövzusuna çevrilib.
Ə.Qurbanlı AXCP-dən və sədr müavini postundan iki gün əvvəl istefa verib. Ancaq qəribədir ki, sosial şəbəkələrdə daim aktiv olan AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Nurəddin Məmmədli və digərləri hər hansı bir reaksiya verməyib, istefanın səbəblərini dilə gətirməyiblər. Üstəlik AXCP-yə yaxın “Azadlıq” qəzeti də istefaya yer verməyib. Sadəcə olaraq, Qurbanlının 2014-cü ildə verdiyi açıqlamanı təkrar saytda yerləşdiriblər. Görünən budur ki, AXCP rəhbərliyi baş verən bu istefanın ictimailəşdirilməsində maraqlı görünmür.
Ancaq qeyd edək ki, 2013-cü ildən bu yana AXCP-dən kifayət qədər şəxs istefa verib. 2013-cü ildə partiya sədrinin müavini Asəf Quliyev istefaya gedib. Bir neçə ay əvvəl isə Əli Kərimlinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev partiyadan getdiyini elan edib. İndi isə Əbülfəz Qurbanlı müavinlikdən və partiyadan imtina qərarını verib.
İndi əsas düşündürücü sual Əbülfəz Qurbanlının partiyadan hansı səbəblərdən istefa verməsi məsələsidir.
Əbülfəz Qurbanlı: “Artıq sosial şəbəkədən istifadə etmirəm”
Dünən istefa verən AXCP sədrinin sabiq müavini Əbülfəz Quranlı ilə əlaqə saxladıq. Qurbanlı istefa verdiyini bir daha təkrar etdi, bildirdi ki, əslində, bu haqda danışmaq niyyətində deyil, çünki fikirlərini sosial şəbəkələrdə yazıb. Sabiq cəbhəçi qeyd etdi ki, zamanı gələndə bu haqda danışa bilər.
Müxbirimizin “Milli Şuradan da istefa” vermisinizmi sualını Qurbanlı cavabsız buraxıb, deyib ki, indi bu haqda danışmaq istəmir. O, həmçinin əlavə edib ki, hazırda sosial şəbəkədən istifadə etmir və kimin barəsində nə yazmasından da xəbərsizdir.
Sədr müavini niyə istefa verib?
Qurbanlının istefası ətrafında müxtəlif versiyalar irəli sürülür. Ancaq bunların içərisində ən ağlabatan versiya partiya daxilində ona olan münasibətlə bağlıdır. Bəzi iddialara görə, son dövrlər Qurbanlıya qarşı münasibət isti olmayıb, Rəyasət Heyətində aparılan müzakirələr zamanı da sədr müavini məsələlərə bir qədər emosional münasibət sərgiləyib. Bu da kimlərinsə xoşuna gəlməyib. İkincisi, son aylar AXCP qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıb. Təşkilat Komitəsinin üzvləri mütəmadi olaraq rayonlara səfərlər edir, yerli təşkilatlarda görüşlər keçirir. Ancaq nədənsə Əbülfəz Qurbanlı bu prosesdə görünmür. Bunun isə özəl səbəbləri var. İş ondadır ki, hazırda AXCP-də əsas səlahiyyətlər Ali Məclisin sədri Həsən Kərimovla sədr müavini Gözəl Bayramlının əlində cəmləşib. Əgər partiya adından danışmaq səlahiyyəti Əli Kərimlidədirsə, partiya daxilində təşkilati işlərə nəzarət etmək bu şəxslərin səlahiyyətindədir. Ola bilsin ki, məhz bu iki şəxs Qurbanlının partiya daxilində fəaliyyətinə müəyyən qədər nəzarət edib, onun şaxələnməsinə imkan verməyib. Odur ki, Qurbanlının istefasında bu məqam xüsusi rol oynaya bilər. Ancaq hələlik bu məqamlar açıqlanmır.
Qurbanlıya yaxın olanlar AXCP-dən gediblər...
Digər maraqlı məqam odur ki, AXCP-də Əbülfəz Qurbanlıya yaxın olan şəxslər artıq bu və ya digər səbəblərdən partiyada fəaliyyətini davam etdirmir. Qurbanlının yaxınlarından Seymur Həzi (Seymur Həzidən sonra onun məsləhəti əsasında Əbülfəz Qurbanlı AXCP Gənclər Komitəsinə sədr gətirilib), Asif Yusifli (AXCP sədrinin gənclərlə iş üzrə müşaviri) həbsxanadadır. Qurbanlının yaxın olduğu digər şəxs isə Asəf Quliyev olub. Quliyev isə 2 ilə yaxındır ki, AXCP sədrinin müavini postundan istefa verərək partiyanı tərk edib.
Cavidan