27 May 2014 10:15
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Erkin Qədirlinin hakimiyyətdə təmsil olunan şəxslərlə təmasları olub”

Respublikaçı Alternativ Hərəkatının (REAL) partiyaya çevrilməsi istiqamətində fikirlər səslənsə də, hələlik bu istiqamətdə ciddi addım müşahidə olunmur. Hərəkat partiya olmaq yolunda iş apardığı bir müddətdə qurumun əsas simalarından olan Erkin Qədirli Məclis sədrliyi postundan çıxarıldı. Bu isə deməyə əsas verir ki, REAL-ın siyasi partiyaya çevrilməsi haqqında danışmaq hələ tezdir. Ancaq REAL-ın icraçı katibi Natiq Cəfərli bu fikirlərlə razılaşmır.

Onun dediyinə görə, hazırda REAL Hərəkatının partiyaya çevrilməsi istiqamətində ciddi işlər gedir:

“İdarə Heyətinin üzvü Azər Qasımlı partiyaya çevrilmə işlərinə rəhbərlik edir. İndiyə qədər bu istiqamətdə həm rayonlarda, həm də Bakıda müxtəlif görüşlər keçirilib, müzakirələr aparılıb. Artıq bir neçə dairə üzrə ilkin təşkilatların formalaşdırılması başa çatmaq üzrədir. Eləcə də, biz cümhuriyyət günündə partiyanın təşəbbüs qrupunun ilk iclasını keçirəcəyik. Bu iclasa media dəvət olunacaq və orada ictimaiyyətə ətraflı informasiya veriləcək. Qarşıya qoyduğumuz işləri qrafika üzrə görməyə çalışırıq. Artıq bir neçə ciddi nailiyyətlər əldə edilib. Dairələr üzrə 25-ə yaxın təşkilatlanma prosesi gedir. İlin sonuna qədər 100 dairə üzrə təşkilatlanma başa çatdırılacaq. Bundan sonra El Məclisimizə seçkilər keçiriləcək. Gələn ilin əvvəlində isə partiyanın ilk təsis qurultayı olacaq”.

E.Qədirlinin REAL Məclisinin sədri postundan getməsindən sonra yaranan vəziyyətə aydınlıq gətirən Natiq Cəfərli deyib ki, E.Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirir və partiyalaşma işində ciddi əmək sərf edir: “Bu yaxınlarda aran rayonlarına məhz Erkin Qədirli gedib görüşlər təşkil etmişdi. REAL-ın bütün layihələrində və işlərində Erkin Qədirli aktiv iştirak edir. Sadəcə Məclisin sədri kimi onun fəaliyyətinə son verilib. Amma İdarə Heyətinin üzvü, REAL-ın əsas simalarından biri olaraq Erkin bəy fəaliyyətini davam etdirir. Bu sarıdan heç bir problem yoxdur”.

N.Cəfərli E.Qədirlinin hakimiyyətdə çoxlu sayda dostlarının olması haqqında deyilənlərə də şərh verib: “Əslində saytlar sadəcə belə bir başlıq çıxarmışdı ki, Erkin bəyin hakimiyyətdə yaxın dostları, habelə onlarla yaxın münasibətləri var. Biz nəzərə alırıq ki, saytlar daha çox oxucu kütləsi qazanmaq üçün sensasion başlıqlar qoymağa çalışır. Amma həmin məqalədə başqa məsələlərdən söhbət gedirdi. Erkin Qədirli 10 ildən çox Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquq dərsi deyib. Təbii ki, fəaliyyəti dövründə minlərlə tələbə ilə ünsiyyətdə olub. Həmin tələbələrin çoxu bu gün müxtəlif dövlət idarələrində, qurumlarda, hüquq-mühafizə orqanlarında vəzifələr tuturlar. Bundan başqa, REAL-dan əvvəl Erkin Qədirli müxtəlif beynəlxalq qurumlarda çalışıb və hakimiyyətdə təmsil olunan şəxslərlə təmasları olub. İnsani münasibətlərin siyasi münasibətlərlə heç bir əlaqəsi yoxdur. Erkin Qədirli sadəcə olaraq tanışları haqda müsahibə vermişdi. Amma Erkini tanıyanlar bilirlər ki, onun fikirləri sadəcə insani münasibətlər kontekstində idi və bunun siyasətə heç bir aidiyyəti yoxdur”.

N.Cəfərli deyib ki, ölkədə hansı vəziyyətin olmasına baxmayaraq REAL öz məqsədlərinə çatmaq üçün gündəlik fəaliyyətini davam etdirir: “İndi bizim Cümhuriyyət Məktəbi adlı layihəmiz başlayıb. Biz öz hesabımıza gəncləri toplayaraq cümhuriyyət tarixi, iqtisadiyyatı, siyasi prosesləri və digər mövzularda fikir mübadiləsi aparırıq. Bundan başqa, Bakıda daima görüşlərimiz olur, rayonlara səfərlərimiz təşkil edilir. Sadəcə olaraq REAL işinin piar tərəfini deyil, keyfiyyətli alınmasına üstünlük verir. Çox təəssüf ki, bəzi partiyalar rayonlara səfər etməzdən öncə, bunu ciddi şəkildə təbliğat kampaniyasına çevirir. Azərbaycan hökuməti də bu cür səfərlərin qarşısını alır. Sonda iş alınmır və insanlarda xəyal qırıqlığı yaranır. Biz isə öncədən hər hansı bir informasiya vermirik. Eləcə də, görüşlərimizlə bağlı foto və video görüntülər yaymırıq. Bizim üçün əsası işin alınması və keyfiyyətidir. Bunun reklam tərəfi sonuncu məsələdir. Biz bu taktika ilə işləyirik. Hələ ki, polis tərəfindən hər hansı bir basqı ilə rastlaşmamışıq. Səs-küysüz, sakit fəaliyyət planı qurmuşuq. Biz hesab edirik ki, insanların inamını, güvənini qazanmaq, onları təşviq etmək lazımdır. REAL hazırda bu işlərlə məşğuldur”.

CAVİDAN


Müəllif: