“Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır”. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı deyib.
Prezidentin sözlərinə görə, təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir: “Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır”.
Dövlət başçısı bildirib ki, bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, Azərbaycan vaxtilə nə qədər düzgün addımlar atıb: “Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır”.
İlham Əliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur: “Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir.
Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq”.
Dövlət başçısının sözlərinə görə, əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir: “Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.