ABŞ-Azərbaycan əlaqələri SSRİ-nin süqutu ilə dünyada, o cümlədən Cənubi Qafqazda mürəkkəb geosiyasi proseslər fonunda formalaşmağa başlayıb. Həmin dövrdə Amerika dünyanın nəhəng dövləti kimi Cənubi Qafqazda möhkəmlənmək, həmçinin Xəzər dənizi regionunda geostrateji maraqlarını təmin etmək üçün əlverişli coğrafi mövqeyə, zəngin təbii resurslara və güclü inkişaf perspektivinə malik Azərbaycanla ikitərəfli əlaqələrin formalaşmasına böyük önəm verirdi.
1991-ci il dekabrın 25-də Vaşinqton Azərbaycanın dövlət müstəqilliyini tanıdığını bəyan etdi. 1992-ci il fevralın 12-də ABŞ Dövlət katibi Ceyms Beykerin Bakıya səfəri iki dövlət arasında rəsmi münasibətlər yaratmaq məqsədindən irəli gəlmişdi. Səfərdən bir az sonra, martın 18-də ABŞ-Azərbaycan diplomatik münasibətləri yaradıldı və ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana səfər etdi. Ekspertlərin rəyinə əsasən, məhz həmin dövrdə Azərbaycan həm ABŞ, həm də Avropanın nüfuzlu dövlətləri ilə əlaqələrini qurmaq və inkişaf etdirmək üçün prinsipial, ardıcıl xarici siyasət yeritməli və yaranmış əlverişli vəziyyətdən öz milli maraqları, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün maksimum yararlanmalı idi. Təəssüf ki, ABŞ və Avropada güclü erməni lobbisi və onun təsiri altında olan siyasi dairələrin fəaliyyəti nəticəsində Azərbaycan nəinki mövcud şəraitdən heç nə qazana bilmədi, hətta dünya birliyinin dəstəyindən məhrum oldu və artıq 1992-ci ilin sonlarında təcrid vəziyyətinə düşdü. Həmin ilin dekabrında erməni lobbisinin və onun himayəsində olan siyasətçilərin təsiri ilə ABŞ Konqresində Azərbaycana hər cür yardımı qadağan edən “907-ci düzəliş” adlanan sənədi qəbul olundu.
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyevin qarşısında təkcə ciddi daxili problemləri həll etmək deyil, həm də Azərbaycanın xarici siyasət strategiyasını formalaşdırmaqla, bu sahədə prioritetləri müəyyənləşdirməklə ölkəni ağır beynəlxalq təcrid vəziyyətindən çıxarmaq və mümkün təhlükələrin qarşısını almaq kimi mürəkkəb vəzifə dururdu.
1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycanın demokratiya yolu ilə inkişafı başlıca hədəf kimi müəyyən edildi. Ölkədə həm qanunvericilik, həm də praktiki sahədə liberal islahatlar həyata keçirildi, bazar iqtisadiyyatı inkişaf etdi, fundamental insan hüquq və azadlıqları təmin olundu. Azərbaycanda çoxpartiyalı sistem formalaşdı, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına hərtərəfli şərait yaradıldı. Bu, təkcə Azərbaycanın daxili siyasətinin prioritetləri deyildi, həm də rəsmi Bakının bütün sahələr üzrə Qərblə əlaqələrini inkişaf etdirmək niyyətini açıq göstərirdi.
Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan-ABŞ münasibətləri məqsədyönlü xarakter aldı və ardıcıl surətdə inkişaf etməyə başladı, mövcud anlaşılmazlıqlar aradan qaldırıldı, Azərbaycan Amerikanın Cənubi Qafqaz regionunda əsas siyasi və iqtisadi tərəfdaşına çevrildi. Bill Klintonun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymaqla bir çox sahələr üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. 1997-ci ilin iyul-avqustunda Prezident Heydər Əliyevin ABŞ-a səfəri, Prezident Bill Klinton, vitse-prezident Albert Qor, Dövlət katibi Madlen Olbrayt və digər rəsmi şəxslərlə görüşləri, “ABŞ-Azərbaycan münasibətləri haqqında” birgə bəyanatın imzalanması ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin yarandığını təsdiq edən mühüm faktor kimi dəyərləndirildi.
Azərbaycanın əlverişli strateji mövqeyi ABŞ-a Cənubi Qafqazda və Xəzər dənizi regionunda siyasi və iqtisadi proseslərdə fəal iştirak etməyə şərait yaratdı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və ciddi təzyiqlərə baxmayaraq, məhz Azərbaycanın səyləri nəticəsində Qərbin enerji şirkətləri Xəzər regionunun karbohidrogen ehtiyatlarının hasilatına cəlb olundular. Bununla da Azərbaycan Xəzər regionunu ABŞ və Qərbin üzünə açdı. Güclü təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan Qərbdəki tərəfdaşları ilə birlikdə öz enerji resurslarının nəqli marşrutlarını şaxələndirməyə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri layihələrini reallaşdırmağa nail oldu. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təminatı üçün etibarlı zəmin yaratdı. Sonrakı mərhələdə məhz Azərbaycanın liderliyi və təşəbbüsü ilə “Cənub” qaz dəhlizi, Trans-Adriatik və Trans-Anadolu qaz layihələrinin reallaşdırılmasına başlandı. Bunun nəticəsində Avropanın enerji təhlükəsizliyinin daha da güclənəcəyi şübhəsizdir.
2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olması və 2009-cu ildə isə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşulması bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə bu təşkilatların cəlb edilməsi və haqq səsini dünyaya çatdırmaq üçün ciddi platforma qazanmaq səylərindən irəli gəlirdisə, digər tərəfdən də ölkənin Qərblə əlaqələrini inkişaf etdirmək siyasətinə sadiqliyini nümayiş etdirirdi.
Azərbaycan Qərb institutları ilə əməkdaşlıq əlaqələri qurdu və inkişaf etdirdi, 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının fəal iştirakçısına çevrildi. Azərbaycanın müstəqillik, ərazi bütövlüyü və beynəlxalq təhlükəsizlik problemləri ABŞ-ın bölgədəki siyasi və strateji maraqları ilə uzlaşdırıldı, dünyanın aparıcı ölkəsinin və bütövlükdə Qərbin dəstəyi əldə edildi. Digər tərəfdən, ABŞ və Qərblə yaxınlaşma Azərbaycana həm dünya birliyinə, həm də beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya olunmaq yolunda rastlaşdığı müxtəlif problemləri aradan qaldırmağa imkan verdi. Azərbaycanın sülhməramlı tağımları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etdilər. 2002-ci ildə analoji missiyanı Əfqanıstanda həyata keçirməyə başlayan Azərbaycan əsgərləri bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanıstanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərir.
Bəzi hallar istisna olmaqla, ABŞ-Azərbaycan əlaqələri Prezident Corc Buşun dövründə də öz aktuallığını qoruyub saxladı. Azərbaycan müəyyən ekstremist dairələrin təzyiq və təhdidlərin göz önünə alaraq, 2001-ci il sentyabrın 11-də Nyu Yorkda baş vermiş terror aktına reaksiya verən, bu aktı pisləyən və antiterror koalisiyasına qoşulan ilk ölkələrdən biri oldu. 2006-cı ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Prezident Corc Buşla görüşü, ABŞ və Azərbaycanın yüksək vəzifəli rəsmi şəxslərinin ardıcıl səfərləri və təmasları, habelə Azərbaycanın terrorla mübarizədə beynəlxalq koalisiyaya hərtərəfli dəstəyi, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və digər məsələlər ölkələr arasında tərəfdaşlıq münasibətlərini daha da gücləndirdi.
Göründüyü kimi, Azərbaycan müstəqillik illərində ardıcıl xarici siyasət həyata keçirməklə Qərblə münasibətlərində səmimi davranmış və hərtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu nümayiş etdirdi. Birmənalı şəkildə demək olar ki, bütün bunlar həm Azərbaycanın beynəlxalq ələmə uğurlu inteqrasiyasına şərait yaratdı, həm də ABŞ-ın dünyanın ən həssas və mühüm regionlarından birində ciddi siyasi və iqtisadi mövqelər əldə etməsini şərtləndirdi.
ABŞ-Azərbaycan münasibətlərinin tarixinə qısa ekskur əyani şəkildə təsdiq edir ki, beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu, qarşılıqlı maraqların təmin edilməsi və etimad prinsiplərinə əsaslanan siyasət bütün iştirakçılar üçün eyni dərəcədə sərfəlidir. Buna görə də 2005-ci ildən başlayaraq ABŞ-ın Azərbaycanla bağlı siyasətində dominantlıq, “böyük-kiçik” ritorikasının güclənməsi, demokratiya adı altında ölkənin daxili işlərinə kobud müdaxilə cəhdləri, səmimi dialoq və tərəfdaşlıq münasibətlərinin ruhuna zidd təzyiq və təhdid metodlarının tətbiqi həm Azərbaycan hakimiyyəti, həm də ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Xüsusilə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin, sonra isə onun sələfi Riçard Morninqstarın fəaliyyəti dövründə Ağ Evin və Dövlət Departamentinin antiazərbaycan demarşları, Amerikada bəzi dairələrin nüfuzlu beynəlxalq təşkilatları, ayrı-ayrı QHT-lər və xarici media vasitəsilə ölkəni beynəlxalq aləmdə nüfuzdan salmaq cəhdləri, “sanksiya”, “boykot”, “təcridetmə” kimi zərərli ifadələrin siyasi leksikona daxil edilməsi rəsmi Bakını da ikitərəfli əlaqələrin perspektivi barədə ciddi nəticələr çıxarmağa vadar etdi. ABŞ Dövlət Departamentinin 2014-cü ildə dünya ölkələrində insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin üzərindən səthi şəkildə keçilməsi, AŞ PA-nın son qətnaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq prinsiplərinə zidd ifadə formasının seçilməsi və bu sənədin bütövlükdə antiazərbaycan mahiyyəti daşıması Azərbaycan ictimaiyyətini bir daha əmin etdi ki, Qərbdə ədalət axtarmağın heç bir əhəmiyyəti yoxdur. Bəlkə elə buna görədir ki, Azərbaycan 2012-ci ildə Qoşulmama Hərəkatına üzv olmaqla beynəlxalq əməkdaşlığın digər formatlarına üstünlük verməyə başladı?! Ekspertlərin rəyinə əsaən, Azərbaycanın Avropa İttifaqı ilə Assosiativ saziş imzalamaqdan imtina etməsində də Qərbin ikili standartlar siyasətinin böyük rolu olub. Belə ədalətsiz münasibətdən sonra Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında “vassal statusunu” rəsmiləşdirməliydimi?
İndi sual olunur: “mərdi qova-qova namərd etmək” siyasəti Qərbə nə verdi? Prezident İlham Əliyev haqlı olaraq deyib: “Biz qabağa getmək istədik, gördük ki, bizi qəbul etmirlər, müsəlman olduğumuza görə, onlara baş əymədiyimiz üçün, başqa səbəblərə görə. Ona görə biz dayanmışıq. İstəyərlər onlar bizə tərəf gələrlər. Bundestaqdan sonra, Oyunlar zamanı Avropa Şurası Parlament Assambleyası antiazərbaycan qətnaməsi qəbul edir. Yəni, bu nə deməkdir, bu nə düşmənçilikdir və siz kiminlə düşmənçilik edirsiniz, Azərbaycanla?! Biz düşmənçilik edə bilərik, kim bundan zərər çəkər onu onlar yaxşı düşünsünlər”.
Ən maraqlısı da budur ki, ikitərəfli əlaqələrdə yaranmış soyuqluğun səbəblərini araşdırmaq və bundan nəticə çıxarmaq əvəzinə, Qərbdə Azərbaycanın xarici siyasətinin “yeni vektorları” haqqında fərziyyələr uydurmağa və dövriyyəyə buraxmağa çalışdılar. Bunun bariz nümunəsi kimi Azərbaycanın guya “tamamilə Rusiyaya qucaq açması” iddiasının irəli sürülməsini göstərmək olar. Ancaq bu iddianın müəllifləri anlamalıdırlar ki, Azərbaycan Qərblə olduğu kimi, həm Rusiya, həm də digər ölkələrlə bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olub və heç zaman qütblər, güc mərkəzləri arasında birtərəfli mövqe tutmayıb. Bu, Azərbaycanın balanslı xarici siyasətinin başlıca prinsipidir və bu siyasət qarşıdan gələn dövrdə də davam etdiriləcək. Azərbaycan qlobal siyasətdə müşahidə olunan meyilləri, geosiyasi reallıqları nəzərə alır, beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşır və ümumi oyun qaydalarına da riayət edir. Ancaq reallıqlar təhrif olunanda, beynəlxalq hüquq hörmətsiz hala gətiriləndə, oyun qaydaları pozulduqda necə davranmaq lazımdır? Prezident İlham Əliyev aydın şəkildə izah edib ki, rəsmi Bakı bundan sonra əlaqələrini beynəlxalq təşkilatlar çərçivəsində diktat formatında davam etdirmək niyyətində deyil. Qarşıdan gələn dövrdə Azərbaycan bərabərhüquqluluq prinsipinə əsaslanan ikitərəfli əməkdaşlıq formatına üstünlük verəcək.
2015-ci ilin fevralında Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Victoria Nuland Amerika-Azərbaycan əlaqələrinin perspektivi haqqında danışarkən bildirmişdi ki, “biz Azərbaycanla 20 illik əməkdaşlığı yüksək qiymətləndiririk. Biz onu daha da güclü, daha demokratik və müstəqil görmək istəyirik, təhlükəsizlik, iqtisadiyyat, energetika sahəsində əməkdaşlığı davam etdirmək istəyirik...”. Təsadüfi deyil ki, həmin vaxt ekspertlər bu fikirləri “ABŞ Azərbaycana barışıq əli uzadır” kimi xarakterizə etdilər. Lakin cəmi bir neçə ay sonra,
l Avropa Oyunları ərəfəsində baş vermiş bəzi hadisələr bu təşəbbüsün səmimiliyini sual altına qoydu. Azərbaycana qarşı başlanan total hücum və qarayaxma kampaniyasının ABŞ Dövlət Departamentindən idarə olunduğu iddia edildi. ABŞ mediasının və QHT-lərinin davranışı, vaxtilə bu ölkənin vətəndaşı olan və Amerikanın Azərbaycandakı səfirliyində işləmiş Rebekka Vinsentin kampaniyanın əlaqələndiricisi olması, OSSRP kimi qondarma bir təşkilatın Azərbaycanla bağlı absurd iddiaları, The Washington Post qəzetində, CNN telekanalında gedən materiallar situasiyanın anlaşılmaz məcraya yönəldiyi barədə düşünməyə əsas yaratdı. ABŞ Azərbaycanı dost və tərəfdaş ölkə hesab edirsə bu prinsiplərə zidd davranış necə izah olunmalıdır? Bəziləri baş verənləri Vaşinqtonun “beşinci kolona” görə qisası, “Azərbaycanı yerinə oturtmaq cəhdi” kimi qələmə verdilər. Lakin bircə onu demək kifayətdir ki, müşahidə olunan gərginlik
V.Nulandın səfəri zamanı aparılmış müzakirələrin və formalaşan yeni etimad mühitinin ruhuna zidd idi.
Qeyd edək ki, ötən ilin dekabrında Bloomberg agentliyinə müsahibəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan ikitərəfli münasibətləri haqqında danışarkən bildirmişdi: “Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Hazırda iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir, qarşılıqlı təmaslar intensivdir. Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin gələcək tendensiyasını da məhz bu amillər müəyyən edəcək”. Ə.Həsənovun açıqlaması o demək idi ki, bütün baş verənlərə baxmayaraq, Azərbaycan iki ölkə arasında münasibətlərin arzuolunmaz məcraya yönəlməsinin və illərlə formalaşmış tərəfdaşlığın pozulmasını istəmir. Bu mənada, iyulun 11-də Azərbaycanda səfərdə olan və Prezident İlham Əliyev tərəfindən qəbul edilən ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın fikirləri olduqca maraqlıdır: “ABŞ Azərbaycanla güclü strateji tərəfdaşlığa başlayıb. Azərbaycanın dostu və strateji tərəfdaşı rolunu yerinə yetirərək bilavasitə Cənub Qaz Dəhlizi layihəsi üzrə əməkdaşlığı davam etdirəcəyik. Biz Azərbaycana gələcək layihələrdə də dəstək verəcəyik. Bu tərəfdaşlıq çox güclü tərəfdaşlıqdır... Mən sizi ümidvar edə bilərəm ki, bəzi insanlar bu layihənin uğursuz olmasını görmək istəyirlər. Biz bu layihəyə yardımımızı davam etdirəcəyik və tam əminliklə onu sübuta yetirəcəyik ki, bu layihə açar və əsas olan layihədir”.
İyulun 14-də isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-ın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparmışdı. Görüşün nəticəsi ilə bağlı yaydığı açıqlamada Müdafiə Nazirliyi bəyan etmişdi ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi cıxış etməkdə davam edir və Əfqanıstanda ona həvalə olunmuş missiyanı uğurla yerinə yetirir. N.Sadıkov Azərbaycan Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan etmişdi.
Beləliklə, xanım Nulandın səfərindən sonra baş verənləri nəzərə almasaq, demək olar ki, Amos Hokstaynın Prezident İlham Əliyevlə görüşü iki ölkənin münasibətlərində yaranmış anlaşılmaz soyuqluğun aradan qaldırılması üçün real zəmin yaradıb. Belə demək mümkündürsə, ABŞ Azərbaycana barışıq təklif edib. Çünki son illər ABŞ rəsmilərinin Azərbaycana səfərləri zamanı verdikləri açıqlamaların təhlili göstərir ki, cənab Hokstayn ənənəvi “diktat” və “şərtqoyma” ritorikasını təkrarlamadan ikitərəfli münasibətlərin bərpa edilməsi və inkişafında öz ölkəsinin maraqlarını ifadə edib.
Görünür, dünyanın ən nəhəng, qlobal proseslərə ciddi təsir imkanlarına malik dövləti olan ABŞ artıq müstəqillik illərində Azərbaycanın uğurlu daxili və xarici siyasət nəticəsində milli çərçivədən çıxaraq regional və beynəlxalq arenada öz mövqeyi ilə seçilən ölkəyə çevrildiyini qəbul etməyə hazırdır.
Həqiqətən də, Azərbaycan bütün dünya ölkələrinin onun milli iradəsinə və beynəlxalq hüquq normalarına uyğun siyasətinə hörmətlə yanaşmasını tələb edir və bu tələbində haqlıdır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyir ki, belə münasibəti Azərbaycan ilk növbədə qlobal dünya siyasətini formalaşdıran BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdən, habelə İran, Türkiyə və s. kimi qonşu və tərəfdaş dövlətlərdən gözləyir: “Çünki bizim ölkənin özü bütün dünya dövlətlərinə, onların milli maraqlarına və müstəqil iradəsinə məhz bu səpgidən yanaşır. Azərbaycan istəyir ki, onu istədikləri kimi deyil, olduğu kimi qəbul etsinlər. Ona görə də bəzi dairələr başa düşməlidir ki, Azərbaycan müstəqil ölkə kimi xarici siyasətində daim öz milli maraqlarını rəhbər tutmuş, heç vaxt təzyiq və təhdid cəhdlərini qəbul etməmiş və gələcəkdə də etməyəcək. İkitərəfli əlaqələr kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə bilər. Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər ölkəmizlə yaxın dost ola bilərlər”.
Əgər ABŞ bu reallığı qəbul edirsə, Azərbaycanın milli və suveren hüquqlarına hörmətlə yanaşacaqsa, tərəfdaşlıq əlaqələrinin bərpa edilməsi və inkişafı haqda danışılacaq gün o qədər də uzaqda olmayacaq.