24 İyul 2015 13:26
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini intihar həddinə çatdırmaqda və dələduzluqda ittiham olunan Azadlıq radiosunun müxbiri Xədicə İsmayılın barəsində başlanan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayılın anket məlumatları dəqiqləşdirilib. Xədicə İsmayıl bildirib ki, barəsində başlanan Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə istintaq zamanı onu vəkillər Elton Quliyev və Yalçın İmanov müdafiə ediblər. Amma sonradan bu cinayət işi Ağır Cinayətlərə dair işlər üzrə İstintaq idarəsində aparılan başqa bir cinayət işi ilə birləşdirilib. Yalçın İmanov da həmin cinayət işində adı keçdiyi üçün müdafiədən kənarlaşdırılıb. Y.İmanovun mənim işimə heç bir aidiyyatı yoxdur. Onun mənim müdafiəçim kimi iştirakı təmin edilsin.

Dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, Yalçın İmanov Azadlıq radiosunda qonorar hesabına iş görüb və bununla bağlı da onun bank hesabına pul köçürülüb. Yalçın İmanov da şahid qismində dindirilib. Buna görə də vəsatət təmin edilməsin.

Daha sonra hakimlər vəsatəti təmin etməyib.

Xədicə İsmaylıın vəkili Fariz Namazlı cinayət işinə xitam verilməsini, bir sıra şahidlərin sübutlar siyahısından çıxarılmasını, məhkəmə baxışının audio və video yazı ilə aparılmasını, həbs qətimkan tədbirinin dəyişdirilməsini və Xədicə İsmayılın dəmir barmaqlıqlar arasından çıxarılaraq müdafiəçi ilə bərabər əyləşdirilməsi ilə bağlı vəsatət verib.

Prokuror vəsatətlərin rədd edilməsini istəyib və cinayət işinin məhkəmə baxışına verilməsi barədə vəsatət verib.

Müşavirə keçirən hakimlər vəsatətləri təmin etməyib. Məhkəmə baxışı avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, “Azadlıq Radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: