25 İyul 2015 19:59
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz Məmmədov: "Azərbaycana başqa ölkələr kimi münasibət göstərə bilməzlər"

İyulun 21-də Azərbaycana rəsmi səfərə gələn və iyulun 22-də rəsmi görüşlər keçirən Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun səfəri gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Heç kimə sirr deyil ki, son aylar ərzində Azərbaycan Qərb ölkələrinin müxtəlif vəzifəli şəxsləri və bir sıra institutları tərəfindən əsassız tənqidə məruz qalır. Hətta bu tənqidlər qarayaxma kampaniyası şəklini alıb. Həmin kampaniya iyunun 12-28-də Bakıda keçirilən ilk Avropa Oyunları zamanı özünün zirvə nöqtəsinə çatıb.

Prezident İlham Əliyev iyunun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələ ilə bağlı ortaya çox kəskin mövqe qoyub. Prezident "Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin və o çirkin yazıları tərtib edənlər də bilsinlər. Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik", deyə qətiyyətli mövqe sərgiləyərək Azərbaycanı əsassız hədəf seçənlərə ciddi tənqid etdi. Bu baxımdan, Aİ Şurasının prezidentinin ölkəmizə səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığın inkişaf etdirilməsində olduqca maraqlıdır və israrlıdır.

Bu gün heç kimə sirr deyil ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu günbəgün artır. D.Tuskun səfəri və səfər zamanı verilən açıqlamalar da Avropa İttifaqının Azərbaycanı yüksək potensiala malik ölkə hesab etdiyini, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirdiyini təsdiqləyib. Bu mənada, çəkinmədən demək olar ki, Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir, onunla təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür.

Eyni zamanda, Avropa İttifaqı Azərbaycanın siyasi əhəmiyyətini də yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Faktiki olaraq dövlət rolunda çıxış edən ittifaq Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından "köhnə qitə"nin yüksək dividend əldə edəcəyini görür.

Son illərdə inşasının həyata keçirilməsinə başlanılan TANAP və TAP layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Ölkəmizin karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılması qitənin enerji asılılığının əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək. Bu baxımdan da Avropa İttifaqı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakınin müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir.

Bütün bunlarla yanaşı, Azərbaycan da Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Əslində, Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında dediyi kimi, ikitərəfli formatda Azərbaycanın Avropa ölkələri ilə heç bir problemi yoxdur. Sadəcə, bu ölkələri bir yerə gətirən qurumlar - Avropa Parlamenti, Avropa Şurası və onun parlament assambleyası və bir sıra digər institutlar vaxtaşırı olaraq erməni lobbisinin təsiri ilə hədəf seçirlər. Bu baxımdan, Prezident İlham Əliyev D.Tuskla birgə mətbuat konfransında əməkdaşlığın əsas istiqamətlərini də göstərdi. Prezident qeyd etdi ki, Azərbaycan siyasi, iqtisadi və humanitar sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır. Azərbaycan bir çox ölkələrlə malik olduğu strateji tərəfdaşlıq münasibətlərini Avropa İttifaqı ilə də qura və inkişaf etdirə bilər. Bu münasibətlər bərabərhüquqlu, səmərəli olmalı, qarşılıqlı etimada əsaslanmalıdır. Prezident qeyd etdi ki, tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edən razılaşdırılmış prinsiplərə riayət olunması hər iki tərəf üçün mütləq xarakter daşımalıdır. İkitərəfli münasibətlərdə təhdid, təzyiq, qarşılıqlı etimaddan sui-istifadə, daxili işlərə müdaxilə kimi zərərli addımlara yol verilməməlidir. Bütün bu deyilənləri ümumiləşdirdikdə, D.Tuskun səfərinin Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial və yaxşı zəmin olduğunu söyləyə bilərik.

"Azərbaycan Avropa strukturları ilə sülhün təmin olunmasında əməkdaşlıq edir"

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri Azərbaycan-Avropa əlaqələri baxımından mühüm hadisələrdən biri idi".

Bu sözləri dünən keçirdiyi mətbuat konfransında Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərinə münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, D.Tuskun səfəri əslində Avropa Oyunları zamanı baş tutmalı idi: "Ancaq 21-22 iyunda Yunanıstanla bağlı mühüm durum yarandı, böhranla bağlı Avropa İttifaqına üzv dövlətlərin toplantısı oldu. O da Azərbaycan tərəfindən üzr istəyərək bildirdi ki, gələ bilmir".

N.Məmmədov qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə siyasi və mədəniyyət sahələrində də sıx əməkdaşlıq edir: "Amma bu ilin əvvəlindən bizim Avropa strukturlarına açıq, səmimi və daha sərt formada iradlarımız olub. Biz deyirik ki, əgər strateji sahələrdə belə əməkdaşlıq ediriksə, sizdən bunu dəyərləndirən münasibət gözləyirik. Çox təəssüf ki, uzun müddət gözləsək də, bu münasibəti görə bilmirik. Həm də Avropa strukturlarına xırda bir irad deyəndə özünü fəal adlandıran müxalifətçilər, QHT-lər deyirlər ki, dünya dağıldı. Bəlkə, deyilən iradlar əsaslıdır?! Sözüm yoxdur, onları maliyyələşdirənlərə, sahiblərinə xidmət etsinlər, ancaq unutmasınlar ki, Azərbaycan vətəndaşıdırlar. Onlar Avropa strukturlarından bu müddət ərzində Qarabağ məsələsi ilə bağlı ədalətli mövqe nümayiş etdirməyi tələb etməyiblər, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması barədə indiyə qədər söz deməyiblər".

N.Məmmədov Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərbdən, Avropa strukturlarından beynəlxalq hüquqa uyğun mövqe gözlədiklərini vurğulayıb: "Təəssüf ki, onlar bunu etmirlər, edə bilmirlər. Biz Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadıq. Bizi tənqid edirdilər. Amma həmin tənqid edənlərin biri də demədi ki, assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyü göstərilmir. Necə olur ki, Moldova, Ukrayna ilə assosiasiya sazişində bu göstərilir? Bunu bir müxalifət fəalı, həmin QHT-lər demədilər. Prezident İlham Əliyev Azərbaycanın maraqları ilə bağlı addım atır və atmaqdadır. Ola bilər ki, bir müddət Azərbaycanın bəyanatlarına, mövqelərinə Qərbdə diqqət yetirmirdilər, düşünürdülər ki, Azərbaycanı istədikləri yola gətirəcəklər. Amma Prezident son müşavirədə Qərblə bağlı konkret mövqe nümayiş etdirdi. Anladılar ki, Azərbaycana başqa ölkələr kimi fərqli münasibət göstərə bilməzlər. Avropa İttifaqının prezidentinin səfəri də bunun göstəricisi idi".

"Avropa İttifaqında başa düşdülər ki, Azərbaycanla dostluq etmək lazımdır"

D.Tuskun səfərini şərh edən politoloq Fikrət Sadıxov isə bildirib ki, rəsmi Bakının anti-Azərbaycan qətnaməsi və ölkəyə müxtəlif təzyiq formalarına reaksiyasından sonra Avropa İttifaqında başa düşdülər ki, Azərbaycanla dostluq etmək və tərəfdaşlıq münasibətlərini saxlamaq daha yaxşı olardı, öyüd vermək və daxili siyasətə təzyiq etmək lazım deyil.

Politoloq bildirib ki, D.Tuskun səfəri rəsmi Bakını eşitmək məqsədi güdürdü: "Bundan başqa, səfərin məqsədləri arasında regional təhlükəsizliklə bağlı aktual problemləri müzakirə etmək və Aİ ilə qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına səbəb olacaq addımlar atmaq var idi. Səfərin yekunlarından belə çıxır ki, Avropa İttifaqı Şurasının prezidenti ikitərəfli tərəfdaşlıq əlaqələrinin əvvəlki kimi isti olması üçün əlindən gələni etdi. Azərbaycan yenidən təsdiqlədi ki, assosiativ tərəfdaşlıq barədə hər hansı saziş imzalamaq niyyətində deyil. Belə ki, bu sazişlərdə çoxlu tələblər və əsassız şərtlər var ki, onlar da ölkənin marağına uyğun deyil".

F.Sadıxov D.Tuskun eşitdiklərindən nəticələr çıxaracağına ümid etdiyini bildirib.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin bəyanatında Ermənistanda baş verən hadisələrin qiymətləndirilməsi ilə bağlı hissə ən əhəmiyyətli məsələ olub: "Ölkə başçısı Ermənistan tərəfindən Azərbaycan torpaqlarına qarşı yürüdülən işğalçılıq siyasətinin bu gün davam etdiyini və demokratik dəyərlərin pozulması barədə konkret nümunələr göstərdi".

"Qərəzli mövqe tutduqlarının fərqindədirlər"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkənin xarici siyasəti ilə bağlı qətiyyətli, konkret addımlar atır: "Bir il bundan öncə AŞ PA-nın iclasında çıxışında Prezident Azərbaycanın dünəni, bu günü və sabahı barədə ətraflı danışdı, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq təşkilatların bu münaqişəyə olan ikili münasibətlərindən geniş bəhs etdi. Həmin iclasda prezident deputatların ən müxtəlif suallarını cavablandırdı, bir çox məsələlərə aydınlıq gətirdi. Təəssüflər olsun ki, bütün bunlara baxmayaraq, AŞ PA Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi. Bu üzdən Azərbaycan Prezidenti həmin qərəzli qətnaməyə kəskin münasibətini bildirdi. Dünya Azərbaycanın ərazisini işğal edən separatçılara adekvat reaksiya vermədiyi halda, ölkəmizdə hər xırda məsələni qaldırır, müzakirə edir, qərar verir".

R.Rzayev hesab edir ki, artıq bir sıra Qərb dövləti, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı haqsız, qərəzli mövqe tutduqlarının fərqindədilər. Ona görə də son vaxtlar belə səfərlər intensivləşib: "Onların son mövqeləri, son səfərləri ədalətə xidmət etməlidir. Belə səfərlər Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi və siyasi əhəmiyyətindən xəbər verir, eyni zamanda, ölkəmizin xarici siyasi kursunu gücləndirir. Düşünürəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq, işğalçı Ermənistan öz adı ilə çağırılacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa uduzmamalıdır".

"Avropa İttifaqı və ABŞ Azərbaycanın əhəmiyyətini anlamağa başlayıb"

Politoloq Qabil Hüseynli D.Tuskun səfərini Avropa İttifaqı və ABŞ-ın Azərbaycanın əhəmiyyətini anlamağa başlamasının göstəricisi sayır. Q.Hüseynli bildirib ki, Avropa İttifaqı və ABŞ Azərbaycanın siyasi oriyentasiyasını dəyişə biləcəyindən narahatlıq keçirir və bunun yaratdığı təəssürat altında Azərbaycanla bağlı mövqelərində ciddi dəyişikliklər ediblər: "İndiyə qədər Azərbaycanın Dağlıq Qarabağ problemində ikili standartlara, ikili yorumlara, müxtəlif diplomatik manevrlərə yol verən Qərb indi bu məsələdə xeyli birmənalı mövqe sərgiləməyə başladı. Donald Tuskun söylədikləri sözlər əsasında bunu demək mümkündür. Bir sözlə, Avropa Dağlıq Qarabağ probleminin həllində əvvəlkinə nisbətən xeyli pozitivlik nümayiş etdirməyə başlayıb və bununla Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyir. Dağlıq Qarabağ probleminin həllinə kim daha çox yardım edəcəksə, Azərbaycan onunla daha çox əməkdaşlıq edəcək. Lakin bu, digər ölkə ilə əməkdaşlığa ziyanlı olmayacaq".

Səxavət HƏMİD


Müəllif: