25 İyul 2015 19:03
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Onun üzünə dedim ki, eyib olsun"

Azərbaycan Kommunist Partiyası (AKP) daxilində yaranan duruma partiyanın sədri Rauf Qurbanov aydınlıq gətirib. Qeyd edək ki, iki gün əvvəl AKP sədri kimi Gülnisə Məhsimova adından bəyanat yayılıb. Bəyanatda AKP sədri, sabiq deputat Rauf Qurbanov ittiham edilib.

Qurbanovun partiya daxilində təfriqə saldığı, artıq partiya sədri olmadığı, daha çox öz maraqları üçün çalışdığı iddia edilib. Həmçinin qeyd edilib ki, bir neçə gün əvvəl Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiyanın Ümidi qadınlar hərəkatının rəhbəri Tamara Vasilyevna Pletnyova Azərbaycana səfər edib. Səfərin əsas məqsədlərindən biri AKP adı ilə mövcud olan üç qrupun nümayəndələrini bir araya gətirmək və uzun illər partiyada baş verən neqativlikləri aydınlaşdırmaq olub. Amma özünü kommunistlərin sədri kimi tanıtmağa can atan Rauf Qurbanov centlmenlikdən uzaq bir adam kimi uğursuzluqları Gülnisə Məhsimovanın adına yazmağa cəhd edib.

Bütün bu ittihamlara dünən Rauf Qurbanov cavab verib.

O bildirib ki, vaxtilə Gülnisə Məhsimovanın bu kimi əməllərinə görə partiyadan xaric edilməsi KİV-də dərc edilib. Onun sözlərinə görə, vaxtilə Məhsimovanı özünə birinci müavin təyin edib: "Sonradan bu xanım daxilində olan ambisiyalar, avantürist hərəkətlər səbəbindən AKP-dən qovulub. Təsəvvür edin ki, bu xanım haqqımda respublikada, eləcə də, Moskvada şikayət yazmadığı ünvan qalmayıb. Pletnyova ölkəmizə gəlmişdi. Onu qarşıladıq, prezidentlə görüşdü. Bu xanım Züqanovun tapşırığı ilə gəlmişdi. Çünki Gülnisə Məhsimova, Ələsgər Xəlilov burdan əleyhimə Moskvaya yazırlar. Nəhayət, Züqanov Tamara Vasilyevnaya tapşırıq verdi ki, Bakıya gəlib bu məsələni yerində araşdırsın. Xanım Vasilyevna gələndən sonra Gülnisə xanım, Ələsgər müəllim və mənim iştirakımla 3 saata yaxın müzakirə apardıq. Həmin görüşə Gülnisə xanım öz yaxınlarını, qohumlarını da gətirmişdi. Həmin görüşdə bəlli oldu ki, Gülnisə Məhsimovanın indiyə qədər Moskvaya yazdığı şikayətlər şər və böhtandır. Görüşdə Tamara Vasilyevnaya dedi ki, Rauf Qurbanovun sizi partiyada saxladığı üçün təəssüf edir. Siz çoxdan partiyadan xaric ediləsi adamlarsınız. Mən sizə təklif edirəm ki, qarşıdan parlament seçkiləri, AKP-nin qurultayı gəlir. Əgər özünüzə arxayınsınızsa, birgə qurultaya gedin. Beynəlxalq Kommunist Təşkilatının Siyasi Şurasının üzvü Rauf Qurbanovdur. Sizi tanıyan yoxdur. Əgər çoxluq sizin tərəfinizdədirsə, birgə qurultaya gedin. Bu zaman çoxluq sizin tərəfinizdə olsa, Qurbanov AKP sədri seçilməyəcək. Belə deyilsə, niyə bu işlərlə məşğulsunuz. Tamara Vasilyevnaya əlavə etdi ki, hər gün bizə şikayət yazırsınız, telefonla zəng edib deyirsiniz ki, Qurbanov partiyanın büdcəsini dağıdır.

Mən özüm də çıxış etdim, dedim ki, bu cür avantüra nəyə lazımdır, məndən nə incikliyiniz varsa, üzümə deyin. Mənə heç bir irad tuta bilmədilər. Yeganə dedikləri bu oldu ki, siz AKP sədri olaraq niyə seçkilərdə indiki dövlət başçısını müdafiə etmisiniz. Mən də dedim ki, biz seçkilərdə iştirak edə bilməmişik, siyasi qüvvələr içərisindən ən yaxşısını müdafiə etmişik. Həm də bu dəstək qərarını birgə vermişik. Gülnisə Məhsimova özü də bilmir ki, nə ilə məşğul olur. Tamara Vasilyevnaya ona məsləhət gördü ki, bir daha düşünsün və mənim haqqımda düşüncəsini dəyişsin. Əlavə etdi ki, bu gündən sonra sizin şikayətinizə və telefon zənglərinizə cavab verilməyəcək. Gülnisə Məhsimova bu görüşə AKP üzvü olmayan şəxslərlə gəlmişdi. Əvvəl istədilər görüşü pozsunlar. Tamara Vasilyevnaya isə məsləhət gördü ki, təxribat törətməsinlər, provokasiya yaratmasınlar. Bütün bunlardan sonra Tamara xanım Moskvaya qayıtdı. Gülnisə Məhsimova da ona zəng edərək üzrxahlıq edib, deyib əsəblərim yerimdə deyil, mən də Rauf Qurbanovla birgə olmaq istəyirəm. İndi də durub bəyanat yayıb. Yalandan deyir ki, qurultay keçirdik, plenum çağırdıq. Gedib xeyir-şər mağarında 10-15 nəfəri başına toplayır və deyir ki, AKP-nin 38-ci qurultayını keçirdik. Sentyabrın sonuna qədər AKP-nin qurultayı keçiriləcək. Qurultaya Ədliyyə Nazirliyindən, Moskvadan, imkanımız olsa digər respublikalardan qonaq dəvət edəcəyik. Qurultay belə keçirilər".

Qurbanov əlavə edib ki, Gülnisə Məhsimova onun haqqında etdiyi şikayətlərdə mədəniyyətdən kənar fikirlər yazıb: "Onun üzünə dedim ki, eyib olsun. Mənim bu boyda yaxşılığımın qarşısında etdiyin hörmət budurmu? Sənin dar günündə dəstəkçin olmuşam. Yazır ki, Rauf Qurbanovun deputat olmasına heç vaxt imkan vermərik. Mən deputat olanda bacının mənzil məsələsini həll etmişəm, övladlarının və yoldaşının problemlərini həll etmişəm. Eyib deyilmi, barəmdə bu qədər şər-böhtan yazırsan?"

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər