"Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparacağı gözlənilən idi. Ərdoğan hakimiyyəti indi bu addımı həm daxili siyasi durumu nəzərə alaraq, həm də Əsədə qarşı barışmaz mövqeyinin davamı olaraq atır".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyənin Suriyada İŞİD və PKK qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlara münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Türkiyə hələ də Əsəd rejiminin devrilməsində israrlılıq nümayiş etdirir: "Gördülər ki, o, bəyanatla, hədə-qorxu ilə getmək istəmir. Əsəd bütün dünyaya dirəniş göstərir. İndi Ankara konkret addımlar atır. İŞİD-in Suriyadakı döyüşləri də Türkiyəni razı salmadı. Yüz minlərlə suriyalı qaçqın Türkiyəyə köçdü. Onları yerləşdirmək, sosial problemlərini həll etmək xeyli xərclər tələb edir. Üstəlik daxildəki siyasi durum da AKP üçün ürəkaçan olmadı. Seçkilərdə AKP lazım olan səsi toplaya bilmədi, kürdlər xeyli səs yığa bildilər. İndi Ərdoğan partiyasının nüfuzunu artırmaq niyyətindədir. Türkiyədəki terror aktları buna stimul verdi. Uzun müddətdir ki, Suriyaya qarşı aparılan əməliyyatlara qoşulmayan Türkiyə ABŞ-ın anti-terror koalisiyasına qoşulmaq məcburiyyətində qalıb. Obama Yaxın Şərqin siyasi xəritəsini yenidən hazırlayır. İstəyirlər ki, orada kiçik-kiçik dövlətlər olsun və rəhbərləri əlləri qoynunda gəlib otursunlar Dövlət Departamenrinin qabağında.
Ərəd dünyası uzun illər Osmanlı imperiyasının tərkibində olub. Birinci Dünya Müharibəsi zamanı İngiltərə, Fransanın dəstəyi ilə Türkiyədən ayrılıb, bir neçə dövlət yarada biliblər. 100 ilə yaxındır ki, müstəqil dövlət olublar, pis-yaxşı öz burjuaziyalarını, dövlətlərini yaradıblar. Görünən odur ki, ərəb dünyasında ciddi problemlər var və Qərb bu ölkələrin çökməsində maraqlıdır. Gərək, ərəb ölkələrinin rəhbərləri buna imkan verməsinlər".
Z.Əlizadə qeyd etdi ki, Türkiyənin bundan sonrakı addımlarını proqnozlaşdırmaq çətindir: "Əhməd Davudoğlu İŞİD və PKK hədəflərini uzaq məsafədən vuracaqlarını, Suriya ərazisində heç bir hərbi əməliyyat keçirməyəcəklərini bəyan edib. Amma İŞİD və PKK-nın cavablarından çox şey asılı ola bilər. Türkiyə "İncirlik" hərbi bazasını ABŞ-ın üzünə açsa, o zaman Suriyada ciddi nəticələr əldə etmək mümkün ola bilər".
Ruslan