27 May 2014 17:11
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəstun Oruclu: “Azərbaycana təzyiqlər güclənəcək”

“Avrasiya İttifaqı ilə bağlı anlaşma sənədi imzalansa, bu Azərbaycana və ona qoşulmayan dövlətlərə Rusiyanın yeni təzyiq dalğası üçün əsas verəcək”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, Ukrayna prosesi Rusiyanı əslində öz planlarını sürətləndirməyə yönləndirib:

“Bu, o cümlədən Avrasiya İttifaqının təcili şəkildə yaradılmasını stimullaşdırdı. Amma məsələ burasındadır ki, hələ sənədlərin hamısı, hüquqi əsası, bazası hazır deyil. Bu, hələlik niyyət protokolu ola bilər. Hesab etmirəm ki, Rusiyanın təsəvvür elədiyi dərəcədə Belarus, xüsusilə də Qazaxıstan öz səlahiyyətlərindən imtina edib, onları Rusiyaya verməyə hazırdır. Heç şübhə yox ki, Azərbaycana birmənalı olaraq, bu istiqamətdə təzyiqlər güclənəcək”.

Ə.Oruclu deyib ki, bu qurum SSRİ-nin yaranmasına zəmin yaratmayacaq: “Çünki bunun iqtisadi əsasları yoxdur və bərpa üçün şəraitdə əlverişli deyil. Müxtəlif geosiyasi maraqlar var və bu gün o maraqlar qarşı-qarşıya dayanıb. Unutmayaq ki, 1922-ci ildə SSRİ yaradılanda Rusiya faktiki olaraq beynəlxalq aləmdən təcrid olunmuşdu. Bugünkü şərait fərqlidir, Rusiya beynəlxalq aləmin bir parçasıdır. Ən azından iqtisadi baxımdan sıx bağlıdır və bu əlaqələri itirmək Rusiya üçün fəlakət olardı. Güman etmirəm ki, bu ölkənin SSRİ formasında ittifaq yaratmaq istəyi bütün dünyada alqışlansın. Söhbət təkcə ABŞ, Avropadan getmir, elə götürək Çini, Yaponiyanı və digərlərini”.

BƏXTİYAR


Müəllif: