29 İyul 2015 12:21
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asim Mollazadə: "Bu səfərlə Avropa İttifaqı Azərbaycanın maraqları ilə hesablaşdığını göstərdi"

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də Azərbaycana baş tutan səfəri ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Bu da səbəbsiz deyildi. Çünki bu səfərdən bir neçə ay öncə Azərbaycan Avropa İttifaqı və ümumilikdə Qərb ölkələrinin müxtəlif vəzifəli şəxsləri və bir sıra institutları tərəfindən əsassız tənqidə məruz qalıb.

Bu tənqidlər aşkar şəkildə qarayaxma kampaniyası formasını alıb və ilk Avropa Oyunları zamanı özünün zirvə nöqtəsinə çatıb. Bu mənada Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycanla tərafdaşlığın inkişaf etdirilməsində olduqca maraqlıdır və israrlıdır.

Eyni zamanda, hazırda heç kimə sirr deyil ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu günbəgün artır. D.Tuskun səfəri və səfər zamanı verilən açıqlamalar da Avropa İttifaqının Azərbaycanı yüksək potensiala malik ölkə hesab etdiyini, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirdiyini təsdiqləyib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Avropa İttifaqının Azərbaycanla münasibətlərini inkişaf etdirmək, çoxşaxəli əməkdaşlığı davam etdirmək üçün bu qurumun prezidenti ölkəmizə səfərə gəlib. Onun sözlərinə görə, Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır: "Azərbaycan Avropanın təhsil və səhiyyə də daxil olmaqla bir çox sahələrdə təcrübəsindən bəhrələnməyə çalışır. Həmçinin ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır. Bakı Brüssellə yeni nəqliyyat dəhlizinin yaradılmasında da əməkdaşlıq etmək istəyir. O cümlədən Avropa İttifaqına daxil olan ölkələr Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi təcrübədən də yararlana bilər. Ölkəmizdə fərqli mədəniyyətlərə, dinlərə məxsus olan xalqlar sülh və firavanlıq şəraitində yaşayır. Hazırda Avropada islamofobiya, antisemitizm daha da güclənib. Buna görə də Avropa İttifaqı bizim bu sahədə əldə etdiyimiz təcrübədən, nailiyyətlərdən faydalana bilər. Bu cür qarşıdurmaların həllinin açarı Azərbaycandadır. Azərbaycan dövləti Avropa İttifaqını bu sahədə əməkdaşlıq etməyə də dəvət edir".

A.Mollazadə qeyd edib ki, Avropa İttifaqında fəaliyyət göstərən erməni lobbisinin, düşmənçiliklə yaşayan bəzi dairələrin Azərbaycanı ləkələyə bilməyəcəyini bu qurumun siyasətçiləri başa düşüblər: "Ona görə də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi bu qurum üçün çox böyük əhəmiyyətə malikdir. Bundan sonra mən bu qurumla Azərbaycan arasında əlaqələrin yenidən inkişaf edəcəyini düşünürəm. Bu səfərlə Avropa İttifaqı Azərbaycanın maraqları ilə hesablaşdığını göstərdi".

Deputatın fikrincə, Avropa İttifaqı Cənubi Qafqazın ən böyük və güclü dövləti olan Azərbaycanla son dövrlərdə düzgün əlaqələr qurmadığını başa düşdü: "Ona görə də bu səfər Brüsselin Bakı ilə qarşılıqlı maraqlara uyğun olaraq sıx əməkdaşlıq etmək istədiyini göstərir. Bu, hər iki tərəf üçün vacib amildir. Avropa İttifaqının bu cür yanaşması ölkəmizin maraqlarına da uyğun gəlir. Ölkəmiz öz maraqları çərçivəsində bu qurum ilə münasibətlərin daha da inkişaf etdirilməsinə həmişə can atacaq".

SƏXAVƏT


Müəllif: