30 İyul 2015 20:07
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın xarici siyasəti çoxistiqamətli xarakter daşıyır və bu əsnada Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq əlaqələrini daha da genişləndirir. Bu xüsusda, Azərbaycanın Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər regional beynəlxalq təşkilatlar yanında müşahidəçi statusunu və əməkdaşlığını qeyd edə bilərik ki, bu da ölkəmizə bu təşkilatlar və onların üzv dövlətləri ilə əlaqələri daha da inkişaf etdirməyə şərait yaradır".

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) tərəfindən dialoq üzrə tərəfdaş statusunun verilməsi çərçivəsində Azərbaycanla bu təşkilat arasında əməkdaşlığı xarakterizə edərkən deyib.

O, qeyd edib ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib: "Azərbaycanın ŞƏT ilə əlaqələrinə də ölkəmizin üzv olmadığı digər regional təşkilatlarla qurulmuş əməkdaşlıq mexanizmi prizmasından baxmaq lazımdır".

H.Hacıyev bildirib ki, ŞƏT-in məqsədləri sırasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, iqtisadi, elm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, sülh, təhlükəsizlik və sabitlik naminə birgə səylərlə fəaliyyət göstərilməsi və demokratik siyasi və iqtisadi düzənin yaradılması kimi məsələlər yer alıb: "Onu da nəzərə almaq lazımdır ki, ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də qəti şəkildə öz əksini tapıb. Məsələn, Ufa bəyannaməsində üzv ölkələr qarşılıqlı əsasda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq, güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməməyə dair BMT Nizamnaməsinin prinsipləri və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına sadiqliyini bir daha vurğulayıblar. Üzv dövlətlər eləcə də dünyanın müxtəlif regionlarında mövcud münaqişəli vəziyyətlərlə bağlı bu münaqişələrin siyasi-diplomatik yollarla beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında həllindən başqa alternativinin olmadığını bəyan ediblər".

Onun sözlərinə görə, mahiyyət etibarilə, Azərbaycan da bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bu məqsəd və məramların beynəlxalq səviyyədə təşviqinə töhfə verən dövlətdir. Bununla bərabər, ikitərəfli əsasda Azərbaycanın ŞƏT üzv ölkələri ilə yaxın dostluq əlaqələri var. Beləliklə, ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın da şərik çıxdığı məqsəd və məramlar əsasında, ikitərəfli və çoxtərəfli əsasda ŞƏT ölkələri və təşkilatla əməkdaşlığın inkişafı üçün yeni fürsətlər yaradacaq".

XİN rəsmisi bildirib ki, ŞƏT üçün də aktual olan və Azərbaycanın zəngin təcrübəsi olduğu sivilizasiyalararası dialoq, multikultiralizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi və nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri ola bilər.


Müəllif:

Oxşar xəbərlər