31 İyul 2015 21:38
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, İdarə Heyətinin üzvləri Nəsib Cəfərov, Paşa Dadaşov, Hüseyn Hüseynov dünən Gürcüstanın Azərbaycandakı səfirliyində olublar, konsul Nikoloz Gogitidze ilə görüşüblər. QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, səfir məzuniyyətdə olduğuna görə onunla görüşmək mümkün olmayıb.

QAT sədri A.Nağının dediyinə görə, səfirliyə getməzdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıblar. Nazirlikdən onlara bildiriblər ki, A.Nağının və bir neçə digər ictimai-siyasi xadimin Gürcüstana buraxılmaması ilə bağlı bu ölkənin müxtəlif qurumlarına dəfələrlə rəsmi və qeyri-rəsmi səviyyədə müraciətlər olunub, sonda isə rəsmi nota göndərilib, lakin heç bir cavab alınmayıb. Nazirlikdən bu məsələnin daim diqqətdə saxlanıldığını bildiriblər.

Gürcüstan səfirliyində də QAT üzvlərinə bildiriblər ki, bu məsələ onların diqqətindədir, Azərbaycan tərəfinin notasını da alıb Tiflisə göndəriblər. Konsul bir daha vurğulayıb ki, bu məsələnin üzərinə yenidən qayıdacaq, həllinə çalışacaqlar. Sonda səfirliyə Qarabağ münaqişəsinə dair filmin diskləri və kitablar hədiyyə edilib, həmçinin QAT sədrinin adından məktub təqdim olunub.

Məktubda deyilir: “Mən, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Sizə bildirirəm ki, 2014-cü ilin iyun ayından etibarən mənim Gürcüstana daxil olmağıma qadağa qoyulub. Mən bu günə qədər Gürcüstanın müxtəlif orqanlarına, o cümlədən bu günlərdə Gürcüstanın prezidenti cənab Georgi Marqvelaşviliyə , baş naziri cənab İrakli Qaribaşviliyə məktub göndərmişəm. Lakin mənə qarşı qoyulan sanksiya ilə bağlı heç bir konkret cavab almamışam. Mən bilmək istəyirəm ki, bu sanksiyanın səbəbi nədir. Məni nə üçün dost və qardaş Gürcüstana buraxmırlar? Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirəsiniz, günahım varsa, deyəsiniz, yoxdursa, mənim Sizin ölkənizə getmək hüququmun bərpa olunmasına kömək edəsiniz. Mən Azərbaycan və gürcü xalqlarının dostluğu, inkişafı, tərəqqisi naminə fəaliyyətimi davam etdirmək istəyirəm. Xahiş edirəm mənim hüququmun məhdudlaşdırılmasına imkan verməyəsiniz.

Səxavət


Müəllif:

Oxşar xəbərlər