Rafiq Manaflı: "Qurultayla bağlı işlərə də başlamışıq"
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qarşıdan gələn parlament seçkilərinə hazırlıq prosesinə başlayıb. Bu haqda partiya Ali Məclisinin sədri Rafiq Manaflı məlumat verib.
Onun sözlərinə görə, iyulun 30-da partiyanın Siyasi Şurasının toplantısı keçirilib və toplantıda müzakirə edilən əsas məsələlərdən biri də parlament seçkilərində iştirak olub:
"Toplantıda partiyanın seçkilərə münasibəti ifadə olundu. Eyni zamanda, VHP qurultayını keçirmək niyyətindədir, bu istiqamətdə müəyyən işlər görülür. Biz planlaşdırırıq ki, bu ilin sonu, gələn ilin əvvəllərində qurultayı keçirək. İndi rayon təşkilatlarının konfransları keçirilir, hazırlıq işləri aparılır. Siyasi Şurada qurultaya hazırlıq məsələləri də müzakirə edilib. Seçkilər məsələsi müzakirə edilərkən Siyasi Şura səs çoxluğu ilə iştirak haqqında qərar çıxardı. Yəni partiya qarşıdan gələn seçkilərdə iştirak edəcək. Artıq bu qətiləşib".
R.Manaflı daha sonra deyib ki, dünən partiyada rayon təşkilatlarının sədrləri ilə görüş olub. Görüşdə qurultaya hazırlıq, yerlərdə konfransların keçirilməsi, iş qrafikinin tutulması kimi məqamlar diqqət mərkəzində olub: "Əsas məsələlərdən biri seçkiyə münasibət idi və səs çoxluğu seçkidə iştirakı vacib sayır. Mən özüm seçkidə iştirakla bağlı qərar verməmişəm. Hesab edirdim ki, Siyasi Şura tez bir zamanda qərar verməməlidir. Onsuz da VHP Siyasi Şurası ayda iki dəfə toplaşır, müzakirələr aparır. Seçkilərlə bağlı qərarı bir qədər gec də vermək olardı. VHP-də fərdlərin qərarına yanaşma tolerantdır. Bir-birimizin fikrinə hörmətlə yanaşırıq. Mən partiyada ikinci şəxsəm. Əsas odur ki, partiya seçkilərə sədrin iştirakı ilə getsin. Sədrin seçkidə iştirak etməməsini izah etmək olmaz. Mən neçə aydır qeyd etmişəm ki, seçkilərdə iştirak etməyə bilərəm. Əslində, 59 saylı seçki dairəsində şansım var. Orada digər real namizəd Ədalət Yusifovdur. Biz də hər zaman razılığa gəlib birimizin üzərində dayanmışıq".
R.Manaflı qeyd edib ki, təmsil olduğu Milli Şurada qarşıdan gələn seçkilərdə iştiraka maraqlı deyil. Onun sözlərinə görə, şura seçkilərlə bağlı qərar verməsə də, iştirak etməmək düşüncəsi daha üstündür. Hələlik bu qurum qəti qərarını verməyib.
CAVİDAN