Fikrət Sadıxov: "Bu təşkilat münaqişələrə təsir göstərməyə qadirdir"
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmaq niyyətindədir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı deyib. O bildirib ki, Hindistan və Pakistan ŞƏT-ə qoşulmaq qərarına gəldikdən sonra bu struktur Türkiyə üçün xüsusi əhəmiyyət daşımağa başlayıb.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirmişdi ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən, Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib: "Azərbaycanın ŞƏT ilə əlaqələrinə də ölkəmizin üzv olmadığı digər regional təşkilatlarla qurulmuş əməkdaşlıq mexanizmi prizmasından baxmaq lazımdır".
Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıxovun fikrincə, Türkiyə ŞƏT-ə ona görə qoşulmaq istəyir ki, bu ölkənin Avropa Birliyinə daxil olmaq məqsədi müxtəlif problemlərlə üzləşib. Onun sözlərinə görə, yaxın gələcəkdə bu istiqamətdə Türkiyə üçün hər hansı bir perspektiv görünmür: "Eyni zamanda, onu da yaddan çıxarmayaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı böyük dövlətlərin olduğu bir qurumdur. ŞƏT Rusiya, Çin, Pakistan, Hindistan kimi Yer kürəsinin yarısından çox əhalisinin daxil olduğu ölkələrin təşkilatıdır. Təbii ki, Avropa Birliyi, Avropa Şurasından fərqli bir təşkilatdır. Düşünürəm ki, bu təşkilat dünyada baş verən hadisələrə, dünya siyasətinin diqqətində olan münaqişlərə öz təsirini göstərməyə qadirdir. Çünki belə ölkələrin orada cəmləşməsi buna əsas verir".
Politoloqun sözlərinə görə, Azərbaycanın bu təşkilatla dialoq formatında əməkdaşlıq etməsi heç də o demək deyil ki, biz kiməsə bənzəməliyik, müttəfiqimiz Türkiyə həmin təşkilata daxil olursa, biz də mütləq ora üzv olmalıyıq: "Yəni, bizim öz maraqlarımız, xarici siyasətdə prioritetlərimiz var. Biz baxmalıyıq ki, bu təşkilat müəyyən bir fayda verir, müsbət nəticələri olur, o zaman tamhüquqlu üzv ola bilərik. Hər halda öz sözünü deyən, dünya hadisələrinə təsir etmək iqtidarında olan böyük bir qurumdur".
F.Sadıxovun sözlərinə görə, Azərbaycanın hər hansı bir təşkilata üzv olması ilə dərhal hansısa imkanların yaradılmasını düşünmək düzgün olmazdı: "Amma burada bir məqam var. Biz Avropa Şurasının üzvü olduq, eyni zamanda, ATƏT-in də üzvüyük. Lakin bu zamanadək həmin təşkilatlardan heç müsbət fayda görməmişik. Bizi Ermənistanla dialoqa çağırırlar, bir masa arxasında əyləşib hansısa kompromislərə sürükləyirlər. Düşünürəm ki, hər halda Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin dünya siyəsətində yeri və rolu kifayət qədər böyükdür. Mən burada Çini, Rusiyanı, Pakistanı nəzərdə tuturam. Pakistan bizimlə müttəfiq ölkədir. Eyni zamanda, bura Türkiyə də daxil olsa, bəlkə də, bunların təsiri, apardığı siyasət nəticəsində Azərbaycana kömək ola bilər".
ŞƏT-in Dağlaq Qarabağ probleminin həllinə müsbət təsiri olub-olmaması sualına cavabında F.Sadıxov deyib ki, burada bu münaqişənin dərhal həll olunması məsələsi görünmür: "Ümumiyyətlə, bu təşkilata daxil olmaqla bütün problemlər həll olunmur. Yəni, burada həm biz, həm də təşkilat tərəfindən müəyyən addımlar atılmalıdır. Amma görürük ki, ora BMT-nin Təhlükəsizlik Şurasının iki üzvü - Çin və Rusiya daxildir. Bu iki dövlətin hər biri inkarolunmaz gücdür. Digər tərəfdən Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvüdür. Eyni zamanda, Türkiyə də bura daxil olmaq fikrindədir. Yəni, bu amillər Azərbaycan üçün müsbət məqamlardır. Demək olmaz ki, dərhal bizim bütün məsələlər həll oluna bilər. Amma hər halda burada ölkələrlə təşkilat çərçivəsində işləsək, onlarla partnyorluq münasibətində əməkdaşlıq etsək, bu, həm bizim, həm də təşkilatın marağına cavab verə bilsə, yəqin ki, Qarabağ məsələsində müəyyən addımlar atıla bilər. Hər halda biz nə isə itirmirik və Şanxay Əməkdaşlıq Təşkilatına daxil olaraq digər təşkilatlardan imtina etmirik".
BƏXTİYAR