“DW” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” (DW) ictimai yayım şirkəti tərəfindən iyulun 31-də efirə gedən “Dağlıq Qarabağ münaqişəsində gərginlik artır” adlı verilişə münasibət bildirərkən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, “DW”in öz çəkiliş qrupunu qanunsuz olaraq, işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsi ölkəmizin ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır:
“Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin “hərbi və mülki nümayəndələri”nin yalan fikirlərinə yer ayrılır. Lakin, verilişdə münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkününün hüquqları və əzab-əziyyətləri barədə məqsədyönlü şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır. “DW” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət edir. Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar verilişi təqdim etməklə, “DW” eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir”.
H.Hacıyev bildirib ki, bu cür yanaşma eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir:
“Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan “DW”in eləcə də Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycanın Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək. Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, ATƏT Minsk Qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyatı qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”.