“Bu gün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı və onun müxtəlif ölkələrdəki partnyor təşkilatları BMT–nin “Kasetli Silahlara dair Konvensiya”sının qüvvəyə minməsinin 5-ci ildönümü ilə əlaqədar dünyanın 30 ölkəsində müxtəlif tədbirlər həyata keçirir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri bu gün mətbuat konfransı keçirən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. Onun sözlərinə görə, Hazırda dünya ölkələrinin 60 faizi (117 ölkə) bu konvensiyanın üzvüdür: “Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 80 dövlət hələ ki, bu konvensiyaya qoşulmayıb.
Konvensiyanı imzalamış dövlətlər 10 il ərzində ərazisindəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir. Bu konvensiya qüvvəyə mindikdən sonra 18 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib. 1 160 000 kasetli silah məhv edilib ki, bunlar da özündə 140 milyon sub-sursatı əhatə edir. Onlarla dövlət bu silahların istehsalına investisiyalar qoymaqdan imtina edib.
Bu növ silahların qadağan olunmasına məsul olan beynəlxalq təşkilatlar 7-11 Sentyabr 2015-ci il tarixlərində Xorvatiyada keçiriləcək ilk İcmal Konfransında daha çox ölkələrdən bu Konvensiyaya qoşulmağı və bundan irəli gələn məsələləri daha tez zamanda yerinə yetirməyə çağırırlar. Bundan başqa ictimaiyyəti son zamanlar kasetli silahlardan istifadə etmiş Liviya, Sudan, Ukrayna və Yəməndən tələb olunur ki, bir daha bu silahlardan istifadə olunmasın”.
H.Səfixanov bildirib ki, Azərbaycan ərazilərində kasetli silahlarla baglı problem Ermənistanın başladıgı müharibənin nəticəsidir: “Kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Beynəlxalq təcrübə, xüsusən də Balkan yarımadasındakı təcrübə göstərir ki, belə ərazilərin təqribən 4-6 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur. Bunları nəzərə alsaq işğal altındakı ərazilərin təxminən 500-800 milyon kvadrat/metri şübhəli və təhlükəlidir.
Bundam başqa keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Hazırda Azərbaycanda bir neçə belə ərazi mövcuddur. Saloğluda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda PHS üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali ücün olduqca təhlükəlidir.
Azərbaycanın kasetli silahların qadağan olunmasına dair konvensiyaya qoşulmamasına səbəb kimi ərazisinin bir hissəsinin başqa ölkənin silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlıdır və buna görə də Azərbaycan bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri, o cümlədən də Ermənistan bu konvensiyaya qoşulmayıb. Konvensiyaya qoşulan dövlətlər kasetli silahların istehsalı, daşınması, yayılması və tətbiq edilməsinin qadağan olunması üzrə öhdəliklər götürür.
Azərbaycan bu konvensiyanın müddəalarını qəbul edir. Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda minatəmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.
Bütün bunları nəzərə alaraq, təşkilatımız Xarici İşlər Nazirliyindən xahiş edir ki, 7-11 Sentyabr 2015-ci il tarixlərində Xorvatiyada keçiriləcək ilk İcmal Konfransında mümkün qədər yüksək səviyyədə təmsil olunsun və silahlara qarşı aparılan işlər barəsində rəsmi məlumat verilsin”.
Təşkilat sədri qeyd edib ki, 2015-ci ilin yeddi ayında Azərbaycanda 7 mina hadisəsi qeydə alınıb. H.Səfixanovun sözlərinə görə, 7 mina hadisəsi nəticəsində 3 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb: “Dünyasını dəyişənlər Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularıdır. Yaralananlardan biri hərbi qulluqçu, digərləri isə mülki şəxsdir”.
H.Səfixanov qeyd edib ki, Ermənistan beynəlxalq konvensiyaları kobud surətdə pozaraq piyada əleyhinə minalar istehsal edir: “Bir müddət öncə İrəvanda keçirilən sərgidə yerli istehsal olan minalar nümayiş etdirilib, Ermənistanın dövlət rəsmiləri də bu minalarla tanış olublar. Ermənistanın mina istehsal etməsi beynəlxalq qanunlara ziddir. Fakt üzrə araşdırmalar aparırıq. Çalışacağıq ki, Ermənistanın bu addımı BMT-nin Minalar Əleyhinə qəbul edəcəyi bu ilki hesabatına salınsın”.
BƏXTİYAR