Vüqar Zifəroğlu: “Səddam Hüseyndən fərqli olaraq, Əsəd PKK-ya qarşı mübarizə aparmayıb”
Amerika Birləşmiş Ştatları və Körfəz ölkələri Əməkdaşlıq Şurasına daxil olan ərəb dövlətləri Suriyada yeni hökumətin yaradılmasının vacibliyini qeyd ediblər. Bu barədə ABŞ Dövlət Departamentinin Qətərdə başa çatan diplomatik qurum rəhbərlərinin görüşündən sonra yaydığı bəyanatında deyilir.
“Nazirlər prezident Bəşər Əsədin legitimliyini itirdiyini ifadə edərək, Suriyada hakimiyyəti nəzarət olunan qaydada təhvil vermək çağırışını təkrarlayıblar. Onlar insanların istəklərini ifadə edən və bütün Suriya vətəndaşlarının milli birliyinə nail olaraq hər bir şəxsin hüquqlarını və fikir azadlığını təmin edəcək yeni Suriya hökumətinin yaradılmasına ehtiyac olduğunu vurğulayıblar” - məlumatda deyilir.
Məsələyə münasibət bildirən analitik, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyib ki, Bəşər Əsəd faktiki olaraq, öz xalqı tərəfindən etimadsızlıq qazandı. Onun sözlərinə görə, əgər bu gün Suriyanın daxilində son dərəcə qanlı bir vətəndaş müharibəsi gedirsə, bunun günahkarı, şübhəsiz ki, Əsəddir: “İstər Türkiyə, istərsə də ərəb ölkələrinin Əsədin getməsi ilə bağlı mövqe birliyi sərgiləmələrinin bir səbəbi daxili müharibə və onun gətirdiyi acı nəticələrdir. Suriyanın daxilində çarpışan çoxsaylı silahlı qruplaşmalar həm də bölgəyə təhdiddir”.
V.Zifəroğlunun fikrincə, Əsədin separatçı kürd qruplarına qarşı mübarizə aparmasını söyləmək kökündən yanlış fikirdir: “İraq lideri Səddam Hüseyndən fərqli olaraq Əsəd heç vaxt bölücü kürd qruplaşmalara qarşı mübarizə aparmayıb. Əksinə, Bəşər həmişə bu qruplaşmalardan Türkiyə əleyhinə istifadə edib və PKK-nın da əsas bazalarından bir neçəsi də məhz Suriya ərazisində yerləşib. Bu səbəbdən də Suriya Türkiyə münasibətlərində narazılığa səbəb olan iki önəmli məsələdən biridir. Birincisi, Suriyanın Hatay bölgəsinə iddiasıdır.
Suriyada məhz Əsəddən sonra kimin hakimiyyətə gətirilməsi ilə bağlı aydın təsəvvür olmadığına görə zatən Əsəd bu gün hələ də hakimiyyətdədir. Qərb İraq və Əfqanıstan müdaxilələrindən nəticə çıxarıb və bu səbəbdən də birbaşa müdaxilə etməklə özünü daha bir bataqlığa saplamaq istəmir. Digər tərəfdən, ölkənin içində biri-birini qəbul etməyən, çoxsaylı silahlı müxalif qruplaşmalar var ki, onların bir çoxu həm də radikal ideoloji cərəyanların təmsilçiləridir. Bu faktor həm Qərbi, həm də Körfəz ölkələrini Əsədlə bağlı radikal qərarlar qəbul etməkdən çəkindirir. Başqa bir faktor isə İran və Rusiyadır. Əgər Əsədi hakimiyyətdə saxlayan daxili məqamlar məhz yuxarıda sadaladığımız qruplaşmalarla və normal alternativ siyasi gücün olmamasıdırsa, xarici faktor məhz adını sadaladığım bu iki dövlətdir. Təsadüfi deyil ki, Vyana razılaşmasından sonra İranın bölgədə mövqelərinin möhkəmlənməsi, eyni zamanda, Əsədin imkanlarını genişləndirmiş oldu".
Analitik hesab edir ki, Qərb Yaxın Şərqdə özünə uyğun liderlərin hakimiyyətdə olmasını arzulayır və bunun üçün İraq və Əfqanıstanda olduğu kimi hərbi müdaxilə ssenarilərindən tutmuş, Misir, Tunis, Liviyadakı “Ərəb baharı” ssenarisinə qədər müxtəlif formalardan istifadə etməkdədir. Əsəd, bildiyiniz kimi, Qərbə münasibəti bir o qədər loyal olmayan liderdir. Suriya tam mənası ilə regionda İrana ən yaxın müttəfiq ölkə kimi tanınır. Eyni zamanda, Rusiya da Yaxın Şərqdə Suriya ilə sıx siyasi və hətta hərbi əməkdaşlıq etməkdədir. Bütün bu yanaşmalar, maraqlar İran və Rusiyanı Suriyaya müttəfiq, Qərbi, İranı özünə rəqib görən ərəb ölkələrini və eləcə də, Türkiyəni isə rəqib edir".
BƏXTİYAR