28 May 2014 18:19
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail İbrahimli: "Azərbaycan 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin varisidir"

"Hesab edirəm ki, 28 May bütövlükdə Azərbaycan tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki həmin gün Azərbaycan dövlət müstəqilliyinin elan olduğu tarixdir. Həmin tarix Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür.

O dövrdə Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Zaqafqaziya Seymi olsa da, o dağılmaq üzrə idi. Gürcülər Almaniyanın vədlərinə arxalanıb seymdən çıxdılar. Ermənilər də həmişəki kimi, xaricdən dəstək aldıqları üçün belə bir addımı atmağa hazırlaşırdılar. Azərbaycan xalqı isə öz taleyini özü həll etməli idi. Çünki gürcü və ermənilərdən fərqli olaraq, Azərbaycanın bölünmə ehtimalı var idi. Bəzi güclər ərazilərimizi qəsb etmək istəyir, həmçinin Bakı şəhərinin Rusiyanın tərkibinə verilmə təhlükəsi var idi. 1918-ci ilin reallığı belə idi.

Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlər bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Həmin insanlar Azərbaycanın tarixi qarşısında bu çətin məsuliyyəti kifayət qədər dərk edərək istiqlaliyyətimizi elan etdilər. Xalq Cümhuriyyəti 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutdu. Təsadüfi deyil ki, mərhum prezident Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib".

Bu fikirlər millət vəkili, tarixi elmləri doktoru Fəzail İbrahimliyə məxsusdur.

Millət vəkili həmin dövrdə Azərbaycan parlamentinin fəaliyyətinə də toxunub: "Parlamentin açılışı 1918-ci il dekabrın üçünə təyin olunsa da, Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları parlamentin açılışına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gələn müttəfiq qoşunlarının generalı Tomsondan istifadə etməyə çalışırdı. Buna baxmayaraq, parlamentin ilk iclasının açılışı dekabrın 7-də baş tutdu. Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işini demokratik cümhuriyyətlərə xas prinsiplər əsasında qurdu. Artıq 1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu 96 deputat təmsil edirdi. Bütün partiya fraksiyaları və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatlarda ümumi bir məqsədi var idi - gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq. 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan parlamenti özünün həyatiliyini və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi. Göstərdi ki, Azərbaycan xalqı parlament idarəçiliyi səviyyəsinə yüksəlib. O vaxt Azərbaycan Cümhuriyyəti müsəlman şərqində yeganə parlamentli respublika idi. Bu dövr ərzində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilib. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olub. Fəaliyyət müddətində parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını təsdiq edilib. Bu gün Milli Məclis məhz həmin demokratik ənənələri davam etdirir".

Deputat daha sonra deyib ki, indiki müstəqil Azərbaycan 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin varisidir: "Ötən əsrin sonlarında müstəqillyimiz bərpa olunsa da, zaman o sınağı ilə Azərbaycandan əl çəkmədi. 1990-cı illərin hadisələri gözümüzün önündə baş verən, ruhumuzdan keçən proseslərdir. Azadlıq uğrunda mübarizəmiz zamanı 20 Yanvar faciəsi baş verdi, Şəhidlər xiyabanı yarandı. Eləcə də, torpaqlarımızın azadlığı uğrunda minlərlə şəhid verdik. Beləliklə, 23 ay yaşayan dövlətimiz kimi bu dəfə də yenidən təhlükə ilə üz-üzə qaldıq, Azərbaycanı parçalamaq istəyən qüvvələr fəallaşmağa başladı. Onlar müstəqlliyimizi boğmağa cəhd edirdilər. Belə bir zamanda xalq öz liderini səslədi. Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı, xalqı bəlalardan xilas etdi. 1993-cü ildə Heydər Əliyev Azərbaycanın bölünməsinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Nəticədə Azərbaycan 23 ay yaşayan o dövlətinin taleyinin yaşamadı. 23 illik müstəqillik yolunu uğurla keçən Azərbaycan gələcəyə doğru inamla addımlayır".

CAVİDAN


Müəllif: