7 Avqust 2015 12:30
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu yeni ittihamlarla çıxış edib. Sabiq cəbhəçi qəzetimizə açıqlamasında həm AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi müraciət, həm də partiya daxilində baş verən son proseslər haqqında maraqlı fikirlər işlədib.

"Sahib Kərimli cəzasını almalıdır"

A.Tanrıverdioğlu deyib ki, AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimlinin onu döyməsi ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə etdiyi şikayət hazırda araşdırılır: "İstintaq getdiyi üçün məlumat vermək istəmirəm. Sahib Kərimlinin partiyada ciddi dayağı yoxdur. Bu adam AXCP daxilində heç bir prosesi həyata keçirə bilməz. Dünənə qədər Əli Kərimlinin ayağını qazırdı. Bu gün onun yanında gizlənsə də, onu bağışlamayacağam. Əgər Əli Kərimli onu bağışlasa, deməli, özü də onun tayıdır. Mən bu işdə haqq-ədalətin bərpa olunmasını istəyirəm. Bu adam məni döyüb və cəzasını almalıdır".

Milli Şuranın irəli sürməyə namizədi yoxdur

Sabiq cəbhəçi deyib ki, artıq Əli Kərimli dəryada yelkənsiz gəmi təsiri bağışlayır: "Milli Şuranın namizədləri imza toplamaq üçün adam axtarsalar da, tapa bilmirlər. Əgər bu gün Milli Şura seçki kampaniyasına qatılmırsa, deməli, irəli sürməyə namizədləri, eləcə də, imza toplamağa adamları yoxdur. Mən bu sözləri məsuliyyətlə deyirəm. Həm AXCP-də, həm də Milli Şurada olan durumdan məlumatlıyam. Əslində, Milli Şura elə AXCP-dir. Bu qurumun üzvlərinin 80 faizi AXCP üzvləridir. Milli Şuradan biri istefa verən kimi AXCP-də olan fanatların birinin adını dərhal rəsmiləşdirib Milli Şura üzvü edirlər. Bu, sanki bir biznesdir".

AXCP daxilində 3 qruplaşma Əli Kərimliyə qarşıdır

A.Tanrıverdioğlu qeyd edib ki, hazırda AXCP daxilində ciddi proses gedir. Onun sözlərinə görə, cəbhə daxilində qruplaşmalar bir-birilə savaşır: "Bu proses o həddə çatacaq ki, Əli Kərimli qurultayda çıxışı zamanı görəcək ki, onu alqışlayan ancaq Məhəmməd İbrahimdir, başqa heç kəs yoxdur. Ona görə ki, Əli Kərimli gənclərə, fanatlara zülm, ədalətsiz edib. Quyunu dərin qaz, bir gün özün də düşərsən məsəli var. Artıq uzun illərdir ki, Əli Kərimli başqalarına quyu qazıb, indi bu quyuya onun özü düşəcək. İndi partiya daxilində 3 qruplaşma faktiki olaraq Əli Kərimliyə qarşıdır. Sahib Kərimli və yaxınlarının olduğu qruplaşma orda-burda söz verib ki, Əli Kərimlini yıxacam, bunun üçün mənə maliyyə ayırın. Yəni, bu qruplaşmanın məqsədi para qazanmaq, irəli düşməkdir. Bir qruplaşma var ki, ədalət və demokratiya naminə Əli Kərimlinin addımlarını məhdudlaşdırmaq istəyir. Çünki düşünür ki, məhz Əli Kərimli müxalifətdə tıxac yaradıb, radikal düşmənçilik xəttini aparır".

Sabiq AXCP funksioneri əlavə edib ki, AXCP-dən istefa verənlər arasında təmaslar var, mütəmadi olaraq görüşürlər: "Qarşıdan seçkilər gəlir. Mən özüm seçkilərə hazırlaşıram, namizədliyimi irəli sürəcəyəm. Dəyanət Babayevlə daima təmasdayam. Əli Kərimli Dəyanətə hər gün elçi göndərir. Dəyanət 11 dəfə həbs edilib, indi də üzərində işi var. Ancaq AXCP sədrinin oğlu bir dəfə həbs edildi, Əli Kərimli 25 gün susdu, dedi ki, biz hakimiyyət uğrunda deyil, dəyərlər uğrunda fəaliyyət göstəririk. Ancaq Dəyanət Babayev və başqa gənclər həbs ediləndə deyirdi ki, hakimiyyət uğrunda mübarizə aparırıq".

"Tezbazar qurultay keçirib istədiklərini etmək istəyirlər"

Müsahibimiz deyib ki, AXCP rəhbərliyi qurultayı avqust ayında keçirmək niyyətindədir və bunun da özəl səbəbləri var: "Bu ay xarici diplomatlar ölkədə olmur, heç AXCP-yə də daha simpatiya bəsləmirlər. Partiyaya ianə verənlər də indiki rəhbərliyə inanmır. Deyirlər ki, sənin gücün və potensialın yoxdur. Odur ki, bu isti yay günü dərhal qurultay keçirməklə yenidən sədr seçilmək istəyir. Halbuki, bu gün rayonlarda konfranslar keçirməyə gücü yoxdur. Üstəlik də partiyada əsas mexanizm Rafiq Daşdəmirli idi. Onunla düşmən olsam da, bunu etiraf etmək lazımdır. Ancaq bu adam indi AXCP-dən ayrılıb və Əli Kərimlidən uzaq gəzir. Əbülfəz Qurbanlı da gənclərin əsas inandığı adamdır. Onu da partiyadan uzaq saldılar. Bu və digər istefa verənlərin geriyə qayıtmaq ehtimalı da yoxdur. Çünki bilirlər ki, insanı bu qədər aldatmaq, çörəksiz qoymaq olmaz. Əli Kərimlinin övladları, mülkü Londondadır, Bakıda ancaq bir özüdür. Adama deyərlər Londonda necə qalmaq olar, dünyanın ən varlı şəhəridir. Əgər bu adam prezident ola biləcəyini təsəvvürünə gətirə bilirsə, əmisi oğlu niyə ailəliklə Fransaya köçüb? Deməli, özü də, qohumları da buna qəti inanmır".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər