7 Avqust 2015 22:07
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin yeni Süveyş kanalının açılış mərasimi keçirilib. Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş nazirinin müavini Abid Şərifov mərasimdə iştirak edib.

Sözügedən mərasimdə 90-a yaxın ölkədən prezidentlər, hökumət başçıları və nazirlər iştirak ediblər.

Qeyd edək ki, yeni Süveyş kanalının inşasına bir il vaxt sərf edilib, kanalın ümumi uzunluğu 72 km, dərinliyi 24 m, eni 317 m olaraq, dünyada gəmilərin gediş-gəlişi baxımından ən sürətli kanal hesab olunur və dünya gəmiçiliyinin 10%-ni təşkil edir. Yeni kanalın hesabına gəmilərin Süveyş kanalında gözləmə müddəti 22 saatdan 11 saata qədər azalacaq. Süveyş kanalının inşasına 8.2 milyard ABŞ dolları (64 milyard Misir funtu) xərclənib ki, bu məbləğ tez bir zamanda Misir hökuməti tərəfindən beş il müddətinə 12%-lə xalqa satılan investisiya şəhadətnamələrinin (aksiyaların) hesabına toplanıb.

Açılış mərasimində çıxış edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi öz xalqına təşəkkür edib, iştirak edən dövlət başçılarına və nümayəndələrinə minnətdarlığını bildirib. Ə.Sisi xalqın ona göstərdiyi etimadı yüksək qiymətləndirərək, sözügedən kanal layihəsinin Misir xalqının rifahı üçün nəzərdə tutulan min layihədən biri olduğunu, bundan sonra da böyük nailiyyətlərə imza atılacağını vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər