Teymuraz Şaraşenidze: "Noyabrda Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşü gözlənilir"
"Tale elə gətirib ki, biz bu regionda birgə yaşayaq".
Bunu dünən jurnalistlərə açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. Onun sözlərinə görə, Azərbaycanda elə məhsullar var ki, Gürcüstandan keçmədən onları Avropa bazarına çıxarmaq mümkün deyil: "Gürcüstan üçün sizin məhsulunuz çox qiymətlidir. Ölkələrimizin məqsədləri, istiqaməti, dünya ictimaiyyətinə inteqrasiyası eynidir".
Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: "Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna mane olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin".
Diplomat onu da əlavə edib ki, Gürcüstan hökuməti Abxaziyadan keçən dəmir yolu xəttinin bərpası məsələsini heç kimlə müzakirə etməyib, müzakirə etmək niyyətində də deyil. Onun sözlərinə görə, iqtisadi mahiyyətlə yanaşı, bu yol siyasi məna da daşıyır: "Bu, Gürcüstan üçün ərazi bütövlüyü məsələsidir".
Səfir bu ilin noyabr ayında Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tiflisdə görüşünün gözlənildiyini də bildirib. Onun sözlərinə görə, görüşdə regional əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq: "İlk növbədə regional əməkdaşlığa siyasi və iqtisadi kontekstdə nəzər yetiriləcək".
"Qafqazdakı münaqişələrin yalnız sülh yolu ilə həllini görürəm"
Bunu da səfir T.Şaraşenidze deyib. Səfirin sözlərinə görə, Cənubi Qafqaz kimi kiçik bir ərazidə yenidən qan tökülməsi mənfi nəticələrə səbəb ola bilər. "Cənubi Qafqaz kimi kiçik bir ərazidə münaqişələrin yenidən alovlanması hazırda üzərimizdə hiss etdiyimiz kimi acı nəticələrə gətirib çıxara bilər. Ona görə də münaqişələrin sülh yolla tənzimlənməsi bu gün görülə biləcək ən yaxı işdir", - deyə diplomat vurğulayıb.
Diplomat Gürcüstan-Azərbaycan sərhədlərinin delimilitasiyası və demarkasiyası məsələsinə də toxunub. Deyib ki, Gürcüstan-Azərbaycan sərhədlərinin delimilitasiyası və demarkasiyası üzrə komissiyanın sonuncu iclası bu ilin iyununda keçirilib. Səfirin sözlərinə görə, Azərbaycan tərəfindən komissiyanın rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfindən isə David Calaqaniya arasında görüş keçirilib: "Konturlar müəyyənləşdirilib, proses davam edir". Diplomat mübahisəli Keşikçi dağı məsələsinə də baxıldığını qeyd edib.
Qax keşişinin Azərbaycan vətəndaşı olmadığı üçün Azərbaycana buraxılmamasına da münasibət bildirən səfir qeyd edib ki, Gürcüstan patriarxlığının nümayəndələri bu məsələ ilə əlaqədar Azərbaycana gəliblər: "Onlar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşüblər. Məsələ Azərbaycan qanunvericiliyi çərçivəsində həll olunur. Azərbaycan qanunlarına görə, bütün dini rəhbərlər Azərbaycan vətəndaşı olmalıdırlar. Müəyyən müddət bəzi güzəştlər edilib, lakin bu, uzun müddət belə davam edə bilməz. Azərbaycan vətəndaşı olan nümayəndələrini müəyyənləşdirəcəklər, işlər də qaydasında davam edəcək".
"Matçda baş verən insident araşdırılır"
"Bildiyiniz kimi, UEFA Tbilisinin "Dinamo" klubunu cəzalandırıb, 20 min avro cərimə tətbiq edilib".
Bunu da səfir T.Şaraşenidze deyib. Onun sözlərinə görə, "Dinamo" bir neçə matçı tamaşaçısız keçirəcək: "Həm Gürcüstanda, həm də Azərbaycanda "Qəbələ" futbol komandası ilə görüşdə baş verən insident araşdırılır. Bizim hüquq-mühafizə orqanlarımız bu məsələ ilə bağlı işləyir. Ümid edirəm ki, nəticə əldə edəcəyik. Baş verənlər onu göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətlərini pozmaq istəyən təxribatçılar çoxdur".
"2015-ci ilin birinci yarısında Gürcüstana 600 min Azərbaycan vətəndaşı səfər edib", deyən səfir Gürcüstanda səfər edən turistlərin sayına görə Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. O qeyd edib ki, bu ilin ilk 6 ayı ərzində 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.
Diplomat, həmçinin Türkiyədə PKK-ya qarşı keçirilən terror əleyhinə əməliyyatları fonunda Gürcüstanda turistlərin təhlükəsizliyinin təmin olunması məsələsinə toxunub. T.Şaraşenidzenin sözlərinə görə, bu məsələ Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə tənzimlənir: "Gürcüstan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Türkiyənin cənub-şərqinə səfər etməmələrini tövsiyə edib. Orada PKK üzvləri və Türkiyə hökumət qoşunları arasında toqquşmalar baş verir".
Səxavət HƏMİD