8 Avqust 2015 12:56
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası daxilində fəaliyyət göstərdiyini elan edən "Demokratik Birlik" Fraksiyası bu qurumun III qurultayından narazı qalıb.

Fraksiyanın rəhbəri Ədalət Yusifov bildirib ki, qurultayın nəticələrini qiymətləndirmək çox çətindir: "İstənilən partiya üzvü təşkilatın qurultayından sonra qarşısına qoyduğu məqsəd və hədəflərə çatmaq üçün planlamasını gələcəyə baxış prizmasından qiymətləndirməli, bütün fəaliyyət bu istiqamətdə səfərbər olmalıdır. Təəssüflər olsun ki, bu gün qurultayda müəyyən edilən hədəflərlə bağlı məqsədimizi rayon təşkilatının sədri kimi müəyyən edə bilmirəm. Çünki bu hədəflər və məqsədlər bizsiz müəyyənləşib. Buna təəssüf edirəm. Ancaq biz KXCP-nin üzvüyük, bu təşkilatla bağlı qarşımıza qoyduğumuz məqsədlər var və bu məqsədi həyata keçirənə qədər bu istiqamətdə fəaliyyətimiz və təkliflərimiz olacaq. KXCP-nin indiki durumdan çıxması üçün əlimizdən gələni etməyə çalışacağıq".

Ə.Yusifov deyib ki, III qurultayı qurultay nümayəndələri tərəfindən boykot edənlər olub: "Bu fakta da təəssüf edirəm. Qurultaydan dərhal sonra partiyanın Gənclər Təşkilatının sədri istefa verib. Bu iki fakt qurultaya verilən qiymətdir. Bizim münasibətimizə gəlincə, hesab edirik ki, partiya rəhbərliyi çox səhv addım atır. Demək olar ki, partiyanın bir hissəsinin qurultayda iştirakına imkan verilmədi. Bunun hansı məqsəddən doğduğunu bilmək üçün bir qədər səbr etmək lazımdır. İlin sonuna qədər bu məqsədin nədən ibarət olduğu ortaya çıxacaq. Bizim əsas dəyərləndirmə təkcə qurultayla bağlı olmayacaq. Eyni zamanda, partiyanın seçilmiş köhnə və yeni sədrinin, rəhbərliyinin fəaliyyəti ilə bağlı olacaq".

Ə.Yusifov qeyd ki, KXCP-dən ayrılaraq hər hansı partiya yaratmağa müsbət yanaşmır: "KXCP-nin yaranmasında birbaşa söz sahibi olan şəxslərdən biriyəm. Bu baxımdan partiyadan getmək fikrimiz olmayıb. Təbii ki, fraksiya bu istiqamətdə müzakirələr aparacaq, öz qənaətini formalaşdıracaq. Əlbəttə, yeni siyasi partiya yaratmaq haqda bəzi dostlarımızın açıqlamalarını onların bir qədər əsəbi olması ilə izah edərdim. Biz KXCP uğrunda mübarizəni qarşımıza məqsəd qoymuşuq. Bu ilin sonuna qədər partiya fəalları, qurultay nümayəndələri KXCP rəhbərliyinin siyasi-ideoloji mövqeyində fərqlilik görəcəklər. Bu da yerli təşkilatların, qurultay nümayəndələrinin mövqeyində ciddi dəyişiklik edəcək. Partiyanın hədəfləri uğrunda əsas mübarizə də bundan sonra başlayacaq".

"Qurultayın nəticələrini legitim hesab edirsinizmi" sualına gəlincə Ə.Yusifov deyib ki, qurultayın keçirildiyi 1 avqustda Salyan rayon təşkilatının konfransı baş tutub: "Konfrans işçi səviyyədə idi. Yeni rəhbərlik formalaşdırıldı. Xüsusi yenilik olmadı, yalnız MNTK-nın tərkibində yeniləşmə oldu. Ancaq baş verənlərə rəğmən bir qərar qəbul etdik. Biz rayon şöbəsi olaraq KXCP-nin ideoloji-siyasi xəttini bundan sonra rayon təşkilatının fəaliyyətində əsas olacağını vurğuladıq. Yəni AXC qurultayında, həm də KXCP-nin ən böyük hədəfi elan edilən Bütöv Azərbaycan uğrunda mübarizə bizim əsas hədəfimizdir. Qurultayın legitimliyinə gəlincə, biz qurultaya qədərki KXCP rəhbərliyini legitim hesab etmişik. Və onun təşkilati işlərlə bağlı aldığı qərarları da qəbul etmişik. Ancaq bir şey deyim ki, partiyanın hədəflərindən yayınmaq, partiyanın hədəflərində hüquqi baxımdan təsdiq edilən fikirlərin birmənalı dəyişdirilməsini keçmiş və indiki rəhbərliyə bağışlamayacağıq. Bizim bütün fikirlərimizin haçalanmasının mayasında bu durur. Rəsmən KXCP-nin I qurultayında qəbul edilən əsas məqsədlərin partiya rəhbərliyi səviyyəsində dəyişdirilməsi bağışlanıla bilməz. Partiyanın I qurultayında qəbul edilən əsas hədəflərin bundan sonra da KXCP-nin əsas hədəflərinə çevrilməsi uğrunda mübarizə davam edəcək".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər