10 Avqust 2015 14:32
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran-ABŞ yaxınlaşması Qafqaz - Yaxın Şərq regionunda yeni geosiyasi vəziyyət yaradır. Bu, Rusiyanın bu iki regiondakı maraqları üçün yeni təhdidlər yaradır. Yaxın Şərqdə RF-nin siyasətinin keyfiyyəti onun Qafqazdakı vəziyyətindən birbaşa asılıdır. Rusiyanın Qafqazda mövqeyini zəiflətməklə onun Yaxın Şərq siyasətini tamamilə dayandırmaq mümkündür".

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Rusiyanın Qafqaz siyasətinin taleyi isə bu gün Cənubi Qafqazda həll olunur: "Cənubi Qafqazda RF-nin əsas problemi kommunikasiyaların zəifliyidir. Şimali Qafqazdan Gürcüstan istiqamətində avtomobil yolunun tikintisi, bu istiqamətdə dəmir yolunun çəkilməsi ilə bağlı yayılan informasiyalar RF-nin özünün əsas zəifliyini bilməsindən xəbər verir. RF-nin Qafqaz regionunda kommunikasiya probleminin həllində yeni keyfiyyət vəziyyətini SSRİ dövründə mövcud olmuş SSRİ-İran dəmir yolu marşrutunun bərpasıdır. Bu marşrutun bərpası təkcə geosiyasi faktor deyil, həm də region dövlətlərini Rusiya ilə yaxşı münasibət qurmağa vadar edən yumşaq gücdür".

M.Əhmədoğlu deyib ki, Moskva üçün SSRİ-İran (Moskva Tehran) dəmir yolunun bərpası Mehri dəmir yolunun açılmasından keçir: "Bu isə Azərbaycanın 7 rayonunun işğaldan azad edilməsini diktə edir. Abxaziya vasitəsilə Rusiya ilə Ermənistan arasında qurulan dəmiryolu əlaqəsi SSRİ-İran dəmiryolu marşrutunun fəaliyyətə başlamasının effektinin 1/100-ni verə bilmir. Gürcü-abxaz dəmir yolu coğrafi və texniki parametrlərinə görə də Rusiyanın tələbatını ödəmir. Bu yol birxətlidir, eləcə də yeraltı suxurların yumşaqlığına görə ağır yüklərin daşınması mümkün deyil. SSRİ dövründə Ermənistana bütün yüklərin 85%-i Mehri dəmir yolu vasitəsilə daşınırdı". Politoloq hesab edir ki, Rusiyanın bu gün Abxaziyada gördüyü işlərin mahiyyətini də məhz bu prizmadan başa düşmək lazımdır: "Rusiya Abxaziya ilə Gürcüstanın keçmiş inzibati sərhəddinə qədər dəmir yolunu təmir edib tam hazır vəziyyətə gətirir və bundan sonra Ermənistana təklif verir - Ermənistan ya Gürcüstanı razı salmalıdır ki, Gürcüstan öz ərazisində də təmir bərpa işlərini başa çatdırıb, Gürcü -Abxaz dəmir yolu ilə qatarların hərəkətinə icazə versin və ya Ermənistan özü Azərbaycanın 7 rayonunu işğaldan azad edir və beləliklə, Rusiya üçün hədsiz vacib olan Mehri dəmir yolu fəaliyyətə başlayır.

Mehri dəmir yoluna alternativ yalnız Zəngəzurun Azərbaycana qaytarılmasından sonra tikiləcək yeni dəmir yolu ola bilər. Yeni geosiyasi vəziyyətdə İranla Ermənistan arasındakı əlaqələr Rusiya üçün böyük təhlükəyə çevrilə bilər. Ona görə V.Putin İ.Stalinin 1923-cü ildə Zəngəzuru Ermənistana verməklə bağlı qərarını ləğv edə bilər. İranla Ermənistanın əlaqəsinin kəsilməsi Rusiya üçün Qafqazda sakitlik yarada bilər. Abxaziyadakı dəmir yolu tikintisinə digər şərh vermək sofistikadan başqa bir şey deyil. Hər halda Rusiya daha ermənilərə aldanmaq istəmir. Abxaziya dəmir yolu RF üçün Mehri dəmir yolunu əvəz edə bilməz".


Müəllif:

Oxşar xəbərlər