Hikmət Hacıyev: “İşğal edilmiş ərazilərdə olan kütləvi məzarlıqlar açılmalı və insan qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır”
Bu günlərdə İrəvanda Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin işi üzrə tədbir keçirilib. Tədbirdə Ermənistan rəsmiləri ölkə ərazisində və işğal olunmuş ərazilərdə girovların olmadığı barədə fikirlər səsləndiriblər.
Halbuki, Dağlıq Qarabağ və digər ətraf rayonlar işğal olunarkən çoxlu sayda azərbaycanlı əsir və girov götürülüb. Onlardan bir qismi geri qaytarılsa da, əksəriyyəti hələ də əsirlikdən xilas olunmayıb. Ermənistan və işğal olunmuş ərazilərdə azərbaycanlı girovların olmasını, rəsmi İrəvanın nə dərəcədə yalan mövqe sərgilədiyini bilmək üçün təkcə ötən ilin yayında baş vermiş bir hadisəni xatırlatmaq kifayətdir.
Belə ki, ötən il öz doğma ata-baba torpaqlarına səfər edən Həsən Həsənov qətlə yetirilmiş, onunla birlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülmüşdü. Sonuncu iki şəxs sonradan “mühakimə” olundular və qanunsuz rejimin oyuncaq məhkəməsinin çıxardığı ədalətsiz hökmlə onlardan biri ömürlük, digəri 22 il müddətinə azadlıqdan məhrum edildi. Belə olan təqdirdə erməni tərəfinin növbəti həyasızlığı hiddət doğurur.
Dövlət komissiyası nə deyir?
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirir ki, 1 iyul 2015-ci il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4013 nəfər təşkil edib. Onlardan 3253 nəfər hərbçi, 756 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.
Mülki şəxslərdən 60 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (18 nəfər azyaşlı qız), 253 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).
Əsir, itkin düşmüş 4013 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumat daxil olub, şahid ifadələri alınıb.
Münaqişə müddətində 1434 nəfər əsir və girovluqdan azad edilib. Onlardan 354 nəfər qadın, 1081 nəfər kişidir. Eyni zamanda, 213 nəfər uşaq (74 nəfər azyaşlı qız), 292 nəfər yaşlı şəxsdir (113 nəfər yaşlı qadın).
Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.
“İrəvan öz yalanlarını ifşa edir”
Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi İrəvan əslində öz yalanlarını ifşa edir. Onun sözlərinə görə, 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündə əsir və itkin düşmüş və girov götürülmüş şəxslərin işi üzrə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə məlumat mübadiləsi və əməkdaşlıq təklif olunub: “Ermənistanın təcavüz və işğalı nəticəsində 4000-dən artıq vətəndaşı itkin düşmüş hesab olunan Azərbaycan tərəfi humanist məram daşıyan bu təklifə hazırlığını ifadə edib. Şahidlərin ifadələri və əməliyyat-istintaq materialları əsasında Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar, o cümlədən mülki şəxslərin ən qəddar işgəncələrə məruz qoyulduqları, kütləvi şəkildə öldürüldükləri və kütləvi məzarlıqlarda basdırıldıqları faktları sənədləşdirilib. Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə azərbaycanlı əsir və girovların olmadığı barəsində absurd fikirlə çıxış edən rəsmi Yerevan əslində öz yalanlarını ifşa edir. Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov kimi qanunsuz saxlanmaları buna əyani sübutdur”.
H.Hacıyev qeyd edib ki, “institusional yaddaş zəifliyi”ndən əziyyət çəkən Ermənistan tərəfinə 90-cı illərin sonu və 2000-ci illərin əvvəlində Ermənistanın özü tərəfindən də əsir və girovluqda olduğu təsdiq olunmuş və sonradan barələrində heç bir məlumat verilməmiş şəxsləri xatırlatmaq kifayətdir: “Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təzyiqi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təsiri nəticəsində girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməli və Ermənistan ərazisində və işğal edilmiş ərazilərdə olan kütləvi məzarlıqlar açılmalı və insan qalıqları əsasında DNT məlumat bazası yaradılmalıdır. Nəticədə, DNT analiz vasitəsilə itkin düşmüş şəxslərin taleləri müəyyənləşdirilə və 20 ildən artıq öz yaxınları haqqında xəbər gözləyən ailələrə məlumat verilə bilərdi. Ermənistan tərəfinin yürütdüyü qeyri-insani siyasətin nəticəsidir ki, hər biri fərdi əsasda tədqiq edilməli olan bu faktlar araşdırıla bilinmir və öz beynəlxalq hüquqi məsuliyyətini dərk edən Ermənistan müxtəlif bəhanələrlə prosesə maneə olmağa çalışır”.
Bu əməllərə görə Ermənistanın hüquqi məsuliyyətinə aydınlıq gətirən H.Hacıyev bildirib ki, Ermənistanın hüquqi məsuliyyəti dedikdə burada bu cinayət əməllərini həyata keçirmiş və ya bu barədə əmrlər vermiş Ermənistanın hərbi və mülki vəzifəli şəxslərinin və dövlət olaraq, Ermənistanın məsuliyyəti vardır: “İkrah doğuran hal odur ki, hələ də bu şəxslər Ermənistanın siyasi, hərbi idarəçiliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifələr tuturlar. Bu əməlləri törətməklə, Ermənistan tərəfindən bir dövlət olaraq, Cenevrə konvensiyaları, mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt, iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya, bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə konvensiya, işgəncələr əleyhinə konvensiya və silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və digər beynəlxalq sənədlər üzrə öz üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulub. Beynəlxalq hüquqi mexanizmlərdən istifadə edərək, Azərbaycan tərəfi bu əməlləri törətmiş Ermənistanın hərbi və mülki vəzifəli şəxsləri və Ermənistanın dövlətinin məsuliyyətinin müəyyən olunması istiqamətində fəaliyyətini davam etdirir”.
“Bu, işğalçının xüsusiyyətidir”
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib ki, bu açıqlama işğalçı Ermənistan dövlətinin siyasətinin göstəricisidir. Onun sözlərinə görə, azərbaycanlılar əsir və girov götürüləndə qarşıya məqsəd qoyulub ki, onlar hər vəchlə geri qaytarılmasın: “İndi nə desinlər? Desinlər ki, biz dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normalarına, humanitar hüquqla bağlı konvensiyalara əməl etmirik? Eyni zamanda, bilirsiniz ki, əsir, girov və itkin düşmüş şəxslərlə bağlı məsələləri tənzimləyən yeganə beynəlxalq hüquqi sənəd 12 avqust 1949-cu il konvensiyası və ona 1977-ci ildə əlavə olunmuş protokollardır. Erməni tərəfi desin ki, biz həmin konvensiyaları pozuruq? Nəinki bu konvensiyaları pozuruq, adi insani davranış normalarına da əməl etmirik?! Bu insanlara olmazın zülmlər, işgəncələr edilib, təhqiredici hərəkətlərə yol verilib. Bütün bunları etdikdən sonar onlar, əlbəttə, əsir və girovları saxladıqlarını inkar edəcəklər”.
E.Orucova qeyd edib ki, qarşı tərəf inkar etsə də, Azərbaycan tərəfinin əlində faktlar var: “Mən əsirləri bir kənara qoyuram, işğal olunmuş ərazilərin sakinləri olan günahsız müharibə qurbanları insanlar var. Axı bu girovların ailə üzvlərinin yarısı qaytarılıb, yarısı hələ girovluqdadır. Əsirlərin də döyüş yoldaşlarının bəziləri qaytarılıb, onların gözü önünüdə əsir götürülmüş şəxslər hələ də qaytarılmayıb. Bəs bu şahidlər ki, həyatdadır. Onlar çox da desinlər ki, Ermənistan və işğal olunmuş ərazilərdə əsir və girov yoxdur. Faktlar ki, ortadadır. Bu, erməni xisləti, işğalçının xüsusiyyətidir”.
“Dünya birliyi nəticə çıxarmalıdır”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirib ki, rəsmi İrəvanın bu iddiası bütün dünyaya erməni saxtakarlığını, erməni yalanını bir daha təsdiqləyir. Onun sözlərinə görə, bu iddia Azərbaycanın dediklərini qəbul etməyənlər, şübhə edənlər, yaxud tanıyıb-bilməyənlər üçün bir fürsətdir: “Bütün dünya bilir ki, Qarabağ müharibəsi gedişində əsir düşən və girov götürülən ən azı 4 mindən artıq azərbaycanlı bu gün Ermənistanda, yaxud işğal olunmuş Azərbaycan ərazilərində saxlanılır. Bu, Azərbaycan tərəfinin yaydığı rəsmi məlumatdır. Ermənilər bu faktı təkzib etmək üçün müxtəlif bəhanələrdən istifadə edirlər. Amma dünyanın gözü qarşısında təxminən bir il öncə Azərbaycandan 3 nəfərə qarşı ermənilər tərəfindən növbəti vəhşilik törədildi. Onlardan biri - Həsən Həsənov öldürüldü, digər iki nəfər isə girov götürüldü. Bunu bütün dünya bilir. Rusiya rəsmiləri də artıq buna bir neçə dəfə münasibət bildirib. Hətta, Rusiya Prezidenti, Ağ Evin mətbuat xidməti səviyyəsində məsələyə münasibət bildirilib. Bu məsələ müxtəlif danışıqların mövzusu olub. Yəni, bu fakt ortadadır. Bu fakt ortada ola-ola ermənilər ağ yalan danışıb, onlarda azərbaycanlı əsir və girovların olmadığını iddia edirsə, artıq dünya buna reaksiya verməlidir. Dünya görməlidir ki, açıq-aydın, hamının gözü qarşısında olan faktı ermənilər danırlar. Ona görə də erməni tərəfin bu açıqlaması artıq özünüifşa anıdır. Beynəlxalq təşkilatlar, böyük dövlətlər bir daha diqqəti buna yönəltməlidirlər ki, əgər bu açıq faktı ermənilər danırlarsa, deməli, onların söylədikləri sözlərin, fikirlərin, münasibətin böyük əksəriyyəti yalandır. Yəni, onsuz da biz ermənilərin yalançı olduğunu bilirik. Bu baxımdan dünya birliyi, beynəlxalq təşkilatlar nəticə çıxarmalıdır”.
Səxavət HƏMİD