Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkiləri ilə bağlı platformasının əsas istiqamətlərinin əks olunduğu layihəni üzvlərinin və tərəfdaşlarının müzakirəsi üçün təqdim edib.
Vurğulanıb ki, BAXCP öz fəaliyyətində fərdi azadlıq, milli suverenlik, parlament demokratiyası, qanunun aliliyini əsas götürür. Partiya vətəndaşların mülkiyyət hüquqlarının qorunması, ədalətli vergilərin tətbiqi, hakimiyyətin ümumxalq səsverməsi yolu ilə ötürülməsi, azad ticarət, cəmiyyətin hüquqi-siyasi islahatlar yolu ilə irəli aparılması kimi təməl demokratik prinsipləri, eləcə də, Azərbaycanda Qərb siyasi dəyərlərinin və hüquq sisteminin mənimsənilməsini təşviq edir.
BAXCP ekstrimizm, separatizm, terrorizm, avtoritarizm və irqçiliyin bütün formalarını rədd etdiyini bəyan edib. Layihədə vurğulanıb ki, partiya vətəndaşların qanun qarşısında bərabərliyinin təmin olunmasını özünün başlıca prinsipi sayır.
BAXCP Milli Məclisinə keçiriləcək seçkilərdə uğur qazanacağı təqdirdə bir sıra istiqamətlərdə islahatların aparılmasını vəd edib.
“Millət vəkillərinin sayı 150 nəfərə çatdırılmalıdır”
Dövlət quruculuğu sahəsində islahatlar sırasında partiya növbəti prezident seçkilərinə qədər ölkədə Konstitusiya islahatlarının aparılması və yalnız bundan sonra seçkilərin keçirilməsini əsas sayır. Dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması və məmurların sayının 1/3-dək azaldılmasının vacibliyi qeyd olunub. Qeydiyyatdan keçmiş siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə razılaşdırılmış seçki qanununun qəbul edilməsi və növbəti seçkilərin yeni Seçkilər Məcəlləsi əsasında keçirilməsi, Milli Məclisinin səlahiyyətlərinin artırılması, proporsional seçki sisteminin bərpası, millət vəkillərinin sayının 150 nəfərə çatdırılması ilə bağlı təkliflər verilib.
2020-ci ildə keçiriləcək parlament seçkilərində 50% proporsional, 50% mojaritar, 2025-ci ildə keçiriləcək parlament seçkilərində isə tam proporsional seçki sisteminin tətbiqi də partiyanın vəd etdiyi islahatlar sırasındadır.
BAXCP hesab edir ki, hökumət parlament seçkilərində qalib gələn siyasi partiyalar və ya siyasi partiyalar blokları tərəfindən formalaşdırılmalıdır. Partiyanın fikrincə, Milli Məclisin daxili Nizamnaməsinə parlamentdə mövcud fraksiya nümayəndələrinin parlament sədrinin müavinləri, eləcə də, müvafiq komissiyaların sədrləri və müavinləri səviyyəsində təmsil olunmalarını nəzərdə tutan müvafiq dəyişikliklərin edilməsi vacibdir. Həmçinin 10 nəfər millət vəkilinin fraksiya yaratmaq hüququ tanınmalıdır.
“Büdcə və büdcəyə nəzarət komissiyası yaradılmalıdır”
BAXCP təklif edir ki, Hesablama Parlatası sədrinin və üzvlərinin yarısı parlamentdə müxalifəti təmsil edən partiyaların təqdim etdiyi şəxslər arasından seçilməlidir: “Büdcə və büdcəyə nəzarət komissiyası yaradılmalı, adıçəkilən qurumun sədrinin və üzvlərinin yarısı yalnız Milli Məclisdə müxalifəti təmsil edən siyasi partiyalar və siyasi partiyalar bloklarının təmsilçiləri sırasından seçilməli, bu prinsiplər müvafiq qanunvericilik aktlarında öz əksini tapmalıdır”.
Partiya məhkəmə sahəsində də islahatları önəmli sayır: “Məhkəmə Hüquq Şurası hakimlərin özünüidarə qurumu kimi yalnız hakimlərdən təşkil olunmalı, Rəqabət Məcəlləsi qəbul olunmalı, "Monitorinq orqanı statusu" Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına verilməlidir. İstintaq bütün dövlət orqanlarından alınmalı və Azərbaycan Respublikasının İstintaq Komitəsi yaradılmalıdır. Vəkillər Kollegiyasının fəaliyyəti gücləndirilməli və vəkillərin sayı ilkin mərhələdə 3 dəfə artırılmalıdır".
“Həftədə 2 saatdan az olmamaq şərtilə hərbi dərslər tədris edilməlidir”
BAXCP Dağlıq Qarabağ problemi və Ordu quruculuğu sahəsində də təkliflərini irəli sürüb. Partiya hesab edir ki, orta məktəblərin 10-11-ci sinif şagirdlərinin hərbi biliklərə yiyələnməsi üçün onlara həftədə 2 saatdan az olmamaq şərtilə hərbi dərslər tədris edilməlidir. BAXCP hərbçilərin əmək haqlarının onların layiqli həyatını təmin edəcək səviyyəyə çatdırılmasını da vəd edib. Vədlər sırasında hərbçilərin mənzil probleminin həlli üçün xüsusi dövlət proqramının hazırlanaraq həyata keçirilməsi; Bakı şəhərində xeyli müddətdir ki, yaşayış evlərilə əhatə olunmuş, Dövlət Neft Şirkətinə məxsus neft quyularının istismarının dayandırılması, həmin ərazilərin bir hissəsinin neft qalıqlarından təmizləndikdən sonra əvəzsiz olaraq müharibə əlillərinə və veteranlarına, onların ailə üzvlərinə və hərbçilərə verilməsı, həmçinin bu ərazilərdə parkların və yaşıllıq zolaqlarının salınması; Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində diplomatik fəaliyyətin genişləndirilməsi də var.
“Ermənistana bir il vaxt verilməlidir”
Partiyanın fikrincə, orduya dövlət və ictimai nəzarət gücləndirilməli, hərbi xərclər büdcənin 25-27 faizinə çatdırılmalı, işğal olunmuş ərazilərimizin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən qeyd-şərtsiz azad olunması üçün Ermənistana bir il vaxt verilməlidir. BAXCP-nin layihəsində vurğulanıb ki, verilən vaxt ərzində işğal olunmuş ərazilər azad edilməzsə, atəşkəs haqqında sazişin qüvvədən düşdüyü bəyan edilməli, hər an hərbi əməliyyatların başlanıla biləcəyi barədə rəsmi qərar qəbul olunmalıdır. Ən geci növbəti parlament seçkilərinədək Dağlıq Qarabağ da daxil olmaqla Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərimiz üzərində Azərbaycanın suveren hüquqları bərpa olunmalıdır.
NƏRGİZ