ABŞ-ın Missuri ştatının Ferqüson şəhərində silahsız qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsinin birinci ildönümü ilə bağlı etiraz aksiyaları keçirilib. Aksiyada yenidən atəş səsləri eşidilib. İlkin məlumatlara görə, bir nəfər qaradərili kişi vurulub. St.Luis polisinin bildirdiyinə görə, ilkin olaraq iki naməlum avtomobildən atəş açılıb. Bundan sonra polis cavab atəşi açmağa vadar olub.
Xatırladaq ki, ötən il Ferqüson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Michael Brounun ağdərili polis zabiti Darren Uilson tərəfindən güllələnməsi bütün ölkə boyu etiraz nümayişlərinin keçirilməsinə səbəb oldu. Hadisə polis əməkdaşlarının irqçi hərəkətlərinə qarşı ümummilli etiraz dalğası yaratdı.
Məsələyə münasibət bildirən İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov deyib ki, ABŞ və onun timsalında Avropa ölkələrinin ən böyük problemi irqçilikdir. Onun sözlərinə görə, ABŞ kimi dövlətlər dünyada insan hüquqları, demokratiya adı altında ayrı-ayrı dövlətləri istila etmək, ölkələrin daxili işlərinə qarışmaq kimi məsələləri bir kənara qoyub öz daxili problemlərini həll etməlidirlər: “İrqçilik, qaradərili insanların döyülməsi, öldürülməsi kimi məsələlər var. Öz daxilində insanların azadlıq səsini qaldırmaq istəyini bu cür fövqəladə vəziyyət elan olunmaqla qarşısını almaq istəməsi ABŞ və onun kimi ölkələrdə vəziyyətin nə yerdə olmasını göstərir. Belə ölkələr ilk növbədə öz problemləri ilə məşğul olmalıdırlar. Başqa ölkələrin daxili işlərinə qarışmamalı, özlərinin yaratdığı ”insan hüquqları" və “demokratiya” kimi ikili standartlardan qurtulmalıdırlar. Fövqəladə vəziyyətin elan olunması ABŞ-da problemin nə dərəcədə böyük olmasının və bu ölkədə söz azadlığının, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasının bariz nümunəsidir".
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərlinin fikrincə, Amerikadakı son hadisələr bir daha onu göstərdi ki, ABŞ kimi dövlət digər ölkələrə dərs keçmək, tövsiyə vermək iqtidarında deyil: “Çünki son bir ildə bir neçə ştatda polisin qaradərili əhaliyə qarşı son dərəcədə qəddarlıq etməsi bütün dünyanın gözü qarşısında baş verdi. Halbiki, ABŞ insan hüquqları, demokratiya və fikir azadlığını əlində bayraq edir, amma öz ölkəsində baş verənlərə göz yumur. İlk növbədə öz ölkəsində qaradərili əhaliyə, xüsusən də, öz hüquqlarını tələb edən insanlara qarşı polisin və güc strukturlarının mövcud aqressivliyinin qarşısını almalı, insanları qətlə yetirənləri saxta məhkəmələr vasitəsilə azadlığa çıxmasına yol verməməli və onların cəzalandırılmasını təmin etməlidir. İnkişaf etməkdə olan ölkələrdə hər hansı kiçik məsələ barədə bəyanat verməklə, onun həlli ilə bağlı hökumətlərə tövsiyə etməkdənsə, yaxşı olardı ki, bu tövsiyələri özünün yerli strukturlarına, xüsusilə, qaradərili əhaliyə qarşı aqressiv hərəkət edən qurumlara versinlər”.
A.Əsgərli deyib ki, Azərbaycan kimi ölkələr inkişaf mərhələsindədir: “Təbii ki, Azərbaycanın inkişafını istəməyən ölkələr var. O cümlədən bir çox Qərb dairələri var ki, ölkəmizdəki hər hansı kiçik bir məsələni şişirtməklə beynəlxalq arenaya çıxarmaq istəyirlər. Burada müəyyən dərəcədə məqsədli məqamlar da var. Yəni, Azərbaycan müstəqil siyasət həyata keçirir və bununla da dünya birliyinin bərabər hüquqlu dövləti olduğunu sübut etmiş olur. Bununla barışmayan, qəbul etməyən ölkələr var. Biz də tövsiyə edərdik ki, Qərb, xüsusilə, ABŞ-dakı bəzi dairələr Azərbaycandakı hansısa məişət zəminində və məhəlli şəkildə baş verən hadisələr barədə bəyanat verməkdənsə, öz ölkələrində demokratiya, insan hüquqları tələb edən etirazçıların fikirlərini dinləsin. Onlara qarşı aqressiv hərəkətlər edən orqanlara qarşı müvafiq tədbirlər həyata keçirsin”.
BƏXTİYAR