Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə "Qarabağ" siyasi blokunda təmsil olunan Ümid və Demokrat partiyaları arasında danışıqlar aparıldığı haqqında məlumat vermişdik. Qeyd etmişdik ki, əgər danışıqlar uğurla nəticələnsə, bu üç partiya qarşıdan gələn parlament seçkilərində birgə iştirak edəcək. Demokrat Partiyasından bildirmişdilər ki, danışıqlar ötən həftə başa çatmalı imiş, lakin arada olan narazılıqlar səbəbindən tərəflər arasında müzakirələr bu həftə də davam etdiriləcək.
Dünən isə tərəflər arasında danışıqlar dayandırılıb. Əldə etdiyimiz məlumata görə, seçki mövzusunda aparılan danışıqlar uğursuzluqla nəticələnib. Bu səbəbdən AMİP-lə "Qarabağ" bloku arasında bütün münasibətlər dayandırılıb, tərəflər artıq müzakirələrə son qoyub.
Anlaşmanın əldə edilməməsinin səbəbləri açıqlanmır.
Qeyd edək ki, məsələ ilə bağlı ADP ilə əlaqə saxladığımız zaman maraqlı məqam ortaya çıxıb. ADP-dən deyiblər ki, tərəflər razılığa gəlməyiblər və bu səbəbdən məsələni şərh etmək niyyətində deyillər. Eyni zamanda, danışıqların məhz AMİP-lə aparılması da ADP-də təəccüb doğurub. ADP-dən bildiriblər ki, onlar hansı siyasi qüvvə ilə danışıqlar aparıldığı barədə indiyə qədər cəmiyyətə açıqlama verməyiblər. Bu səbəbdən danışıqların məhz AMİP-lə aparıldığı məsələsinə istiqamət verə bilməzlər.
Hələ biz ötən həftə bu danışıqlar haqqında yazanda qeyd etmişdik ki, AMİP "Qarabağ" blokunun bir sıra şərtlərini qəbul etməyəcək. Bu sırada ilk olaraq "125-lər" Siyasi Klubunun adı qeyd olunurdu. Bildirilirdi ki, Ümid Partiyası "125"lərin də bu danışıqlarda və seçki məsələlərində tərəf kimi çıxış etməsində maraqlıdır. Sirr deyil ki, bu klub Ümidin xeyir-duası və maliyyə dəstəyi ilə yaradılıb. AMİP isə təcrübəli siyasi təşkilatdır. Bilir ki, razılıq əldə edilsə və seçki bloku yaransa, Ümid Partiyasının istənilən təklifi seçki blokunda keçərli olacaq. Çünki Ümidin irəli sürdüyü bütün təklifləri "125-lər" klubunun təmsilçiləri birmənalı dəstəkləyəcək. Başqa sözlə, seçki blokunda əsas söz sahibi Ümid olacaq. Bu ssenari isə AMİP rəhbərliyini qane etmir. Hazırda danışıqlar prosesində anlaşmanın əldə edilməməsinin əsas səbəbi budur.
İkinci maraqlı məqam odur ki, "Qarabağ" blokunda təmsil olunan ADP və Ümid müttəfiq olsalar da, həm də mehriban düşmən təsirini bağışlayırlar. Bəllidir ki, hələ iki həftə əvvəl Ümid ADP-ni gözləmədən 60 seçki dairəsi üzrə namizədlərini açıqlayıb. Onun namizədlərinin bir çoxu həm də "125-lər" klubunun üzvləridir. Bu isə o deməkdir ki, Ümid müttəfiqi olan ADP ilə seçkilərə birgə getmək istəyir, lakin həm də ADP-ni ram etmək, özünün maraqlarını ona qəbul etdirmək istəyir. Ancaq ADP artıq bu məsələdə duyuq düşüb. Düzdür, hazırda bu iki müttəfiq partiya seçkilərə birgə gedəcəyini vurğulayırlar. Ancaq qeyri-rəsmi danışıqlar zamanı ADP funksionerləri Ümidsiz də seçkiyə getməyin mümkünlüyünü dilə gətirir, hələ qarşıdan gələn seçkilərdə iştirak formatını tam müəyyən etmədiklərini qeyd edirlər.
Ənənəvi müttəfiqlərin həm də rəqib olduqları artıq sirr doğurmur. Son zamanlar ADP Müsavat və AMİP-lə də isti münasibətlər qura bilib. Blokla bağlı əldə etdiyimiz məlumatlar göstərir ki, seçkilərə qədər dağılacaq siyasi konfiqurasiyadan biri də məhz "Qarabağ" bloku olacaq.
CAVİDAN