Respublikaçı Alternativ (REAL) hərəkatı parlament seçkilərinə hazırlaşır. Hərəkatın İdarə Heyətinin üzvü Erkin Qədirli bildirib ki, hazırda dairələr üzrə namizədlər müəyyənləşdirilir: “Hansı namizədin hansı dairədə daha uğurlu ola biləcəyini müzakirə edirik. Nəzərimizdə tutduğumuz və öncədən danışdığımız şəxslər hələ tam qərarlarını verməyiblər. Onlarla razılaşmalarımız davam edir. Paralel olaraq partiya strukturlarını qururuq. Sentyabrın əvvəlində qurultay keçirməyi planlaşdırırıq”.
“Cümhuriyyət” blokunun formalaşması istiqamətində işlərdən danışan E.Qədirli söyləyib ki, REAL rəsmi olaraq qeydiyyatdan keçmədiyindən seçkilərdə hansı formada iştirakı dəqiqləşməyib: “Əgər qurultayımız baş tutmazsa və ya partiyamız rəsmi qeydiyyata alınmazsa, o zaman, əlbəttə, seçkilərdə partiya kimi iştirak edə bilməyəcəyik. Amma dairələrdə fərdi namizədlərimiz olacaq. Biz onları REAL-ın namizədi kimi təqdim edib kampaniyalarını əlaqələndirəcəyik. Amma təəssüf ki, rəsmən seçki bülletenlərində REAL-ın adı olmayacaq. Çünki partiya qeydiyyatda olmasa, seçki bülleteninə partiya adı yazılmayacaq. İndi seçkilərə hansı adla gedəcəyimiz müzakirə olunur. İdeyalardan biri ”Cümhuriyyət" blokudur. Respublikaçı Alternativ adının olması təklifi də var. Bunu vətəndaşların təşəbbüs qrupları şəklində düşünürük. Ad da vətəndaşların ixtiyarına buraxılacaq. Amma hələ o mərhələyə gəlməmişik. Partiyamız rəsmən qeydiyyata alınmazsa, seçkilərə müstəqil namizəd və ya vətəndaşların təşəbbüsü ilə blok şəklində gedəcəyik".
O, müstəqil şəxslərin REAL namizədi olma ehtimalına da toxunub. Deyib ki, onlar nüfuzlu və məşhur şəxslərin REAL adından çıxış etmələrinə meyillənmirlər: “Biz partiyamızı məşhurların birliyi kimi düşünmürük. Siyasi təşkilatlar çalışır ki, Azərbaycanın bölgələrindəki ənənəvi düşüncəyə uyğun olaraq ağsaqqal və nüfuzlu şəxs, o cümlədən professorlar, akademiklər seçki siyahılarında olsun. Əslində, belə yanaşma siyasi düşüncənin zəif inkişaf etməsinin nəticəsidir. Biz məsələyə ideoloji yanaşırıq. REAL-ın proqramı var. Aşağı-yuxarı ideoloji xəttimiz bəllidir. REAL-çıların hər birinin arasında çox müxtəlif fikir mübadiləsi, mübahisələr yaşanır. Amma razılaşdığımız ideoloji xətt var, onu hər birimiz qəbul etmişik”.
E.Qədirli REAL-ın digər müxalifət partiyaları ilə əməkdaşlığının mümkünlüyünə də aydınlıq gətirib: “Seçkilərə təkbaşına, yaxud blok şəklində getməyin mənfi və müsbət tərəfləri var. Hələ ki, bizə heç kəs əməkdaşlıqla bağlı təklif verməyib. Bir sözlə, heç kəsə ”yox" deməyə ehtiyacımız olmayıb. Bəlkə də təklif verilməməsi bu günədək REAL-ın heç bir təşkilata, Milli Şuraya və ya hər hansı bloka qoşulmaması ilə bağlı idi. Yəqin bundan sonra da təklif gəlməyəcək. Amma prinsipcə danışıqlar və əməkdaşlıq mümkündür. Özümüz üçün aydınlaşdırmışıq ki, ideoloji xəttimizə uyğun olmayan davranış sərgiləyən və ya münasibət bildirən təşkilata qoşulmayacağıq. Amma görsək ki, başqa partiyaların hansısa dairədə daha uğurlu və şanslı namizədi var, biz həmin dairədən namizəd irəli sürməyə bilərik. Bunu kiməsə hörmət əlaməti olaraq etməyəcəyik, bu, sırf şans dəyərləndirməsi olacaq. Başqa partiyanın uğurlu namizədi varsa, namizəd irəli sürüb şansımız olmayacaqsa, onun səsini niyə alaq ki. Təsəvvür etmirəm ki, REAL hansısa partiya ilə blok yaradıb seçkiyə getsin".
“REAL ideoloji baxımdan hansı partiyalarla yaxındır və əməkdaşlıq edə bilər” sualına isə E.Qədirlinin cavabı belə olub: “Bu suala cavab vermək çətindir. Çünki əksər partiyaların yazılı proqramı, oxuyub müqayisə aparmaq üçün sənədləri yoxdur. Müsavat Partiyasının proqramı ilə tanışıq. Proqram yazılı sənəd kimi öz yerində lazımdır. Amma davranış və nitqdə ideoloji xəttə uyğunluq məsələsi də var. Bu, çox vacib məsələdir. Sən proqramında nəsə yaza bilərsən, sonradan dediklərinlə yazdıqların uyğun gəlməyə bilər. Biz o məsələyə həssaslıqla yanaşırıq. İdarə Heyətinin üzvləri və təşkilatımız ideoloji xəttə uyğun olmağa çalışırıq”.
NƏRGİZ