29 May 2014 12:20
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “Beynəlxalq hüquq imtiyaz deyil, zərurətdir”

Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransındakı çıxışının mətnini yayıb.

Teleqraf.com-a daxil olan məlumatda E.Məmmədyarov əvvəlcə İran İslam Respublikasının hərəkata sədrliyini yüksək qiymətləndirdiyini bildirib və bu ölkəyə təşəkkürünü çatdırıb.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dövlətlərin ikinci ən böyük qrupu olaraq beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması və regional təhlükəsizlikdən başlayaraq sosial və iqtisadi inkişafa qədər çoxsaylı məsələlərin həllində əhəmiyyətli rol oynayır. O bildirib ki, dekolonizasiya hərəkatının müvəffəqiyyəti və qlobal sosial inkişaf gündəliyinin yaranması Qoşulmama Hərəkatının başa çatdırdığı nəzərə çarpan nəaliyyətlər arasındadır:

“Biz, həyəcanla beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında xroniki uğursuzluğun bəzi işarələrini müşahidə edirik. Beynəlxalq birliyin bəzi aktorlarının beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş norma və prinsiplərinə məhəl qoymaması ciddi narahatlıq yaradır. Bunun əksi olaraq Qoşulmama Hərəkatı ədalətin və beynəlxalq münasibətlərdə qanunun aliliyinin həqiqi müdafiəçisi qismində çıxış edir. Ən əsası odur ki, beynəlxalq hüquq imtiyaz deyil, zərurətdir. Beynəlxalq nizamın əsas elementlərinə təsir etməkdə davam edən, milli birliyi, ərazi bütövlüyünü və dövlətlərin stabilliyini pozan əsas təhdid və çağırışlara qarşı vahid yanaşmanı təmin etmək və onları həll etmək üçün daha böyük səylər lazımdır. Beynəlxalq birliyin dövlətlərinin mütləq əksəriyyətini təşkil edən Qoşulmama Hərəkatı beynəlxalq hüququ, BMT Nizamnaməsinin ruhunu və mətnini tam dəstəkləyir. Onun ədaləti təmin etmək üçün əsas missiyası suveren xalqların hüquq və azadlıqlarına açıq-aydın təhdidlər olduğu hallarda xüsusilə əvəzedilməzdir”.

E.Məmmədyarov deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi əhəmiyyət verir: “Azərbaycan müstəqil xarici siyasət həyata keçirərək və hər hansı hərbi alyansa qoşulmamaqla beynəlxalq norma və prinsiplərin qorunub saxlanılması, demokratikləşmənin inkişafı, milli və beynəlxalq səviyyədə insan hüquqlarına hörmət və sosial ədalət üçün davamlı addımlar atır. Mən, həmçinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yekun sənəddə əks olunmuş Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, şərtsiz və tam çıxarılmasını birmənalı şəkildə tələb edir. Bu kontekstdə, Qoşulmama Hərəkatına üzv dövlətlərin çağırışı onların Ermənistan tərəfindən həyata keçirilmiş məlum təcavüz aktı, işğal, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməsində həmrəyliyin bariz nümunəsidir. Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul olunacaq yekun sənəd hərəkatın prinsip və məqsədlərinin gücləndirilməsinə xidmət edəcək. Ümumi məsuliyyətimiz üçün böyük əhəmiyyət kəsb edən sülh, təhlükəsizlik, ədalət və çiçəklənmə naminə Azərbaycan Qoşulmama Hərəkatının işini dəstəkləmək və irəli aparmaq üçün səylərini əsirgəməyəcək”.

Səxavət


Müəllif: