14 Avqust 2015 13:17
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Leyla və Arif Yunus barəsində çıxarılmış məhkəmə qərarı ilə bağlı açıqlamasına münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, H.Hacıyev deyib: “ABŞ Dövlət Departamentini birinci instansiya məhkəməsi tərəfindən Leyla Yunus və Arif Yunus barəsində 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünə və məhkəmə hakimiyyətinin müstəqilliyinə hörmətlə yanaşmağa çağırırıq. Azərbaycanda heç kim peşəkar fəaliyyətinə və siyasi baxışlarına görə təqib olunmur. Lakin, qanun qarşısında hamı bərabərdir və hüquq müdafiəçisi fəaliyyəti ilə məşğul olmaq heç kimi cinayət məsuliyyətindən azad etmir.

Azərbaycanda akkreditasiya olmuş xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların əməkdaşlarının da izlədiyi məhkəmə prosesinin açıq və sərbəst mühitdə keçirilməsi tam şəkildə təmin olunub. Yerli tibbi xidmətlərlə bərabər, Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın “Charite” xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi və müalicəsi altında olub.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin tərkib hissəsi kimi xalqlar arasında konstruktiv dialoqun tərəfdarı olan Azərbaycan dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmasların qurulmasını təklif edib. ATƏT Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ da bu barədə məlumatlıdır.

Azərbaycan Respublikasının konstitusiyası, qanunları və qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında Azərbaycan vətəndaşlarının hüquq və mənafelərinin qorunması, fundamental hüquq və azadlıqlar və qanunun aliliyinin təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər