Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankarada səfərdədir. Bu barədə qəzetimizə YAP Gənclər Birliyinin sədri Seymur Orucov məlumat verib.
Onun sözlərinə görə, hazırda Birlikdən böyük nümayəndə heyəti Ankaradadır: “İki dövlət arasındakı əməkdaşlıqla əlaqədar Türkiyədə ezamiyyətdəyik. AKP ilə partiyalararası əlaqələndirmə şurasının toplantısı olacaq”.
S.Orucov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşün planlaşdırıldığını da əlavə edib.
Birliyin sədri YAP gənclərinin ölkəmizdə noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlığından da danışıb: “Partiyamızın parlament seçkilərində təbliğat və təşviqat kampaniyası ilə bağlı qərarı necə olacaqsa və hansı tapşırıqlar veriləcəksə, biz YAP gəncləri onu icra edəcək. YAP Gənclər Birliyi müstəqil təşkilat deyil, biz Yeni Azərbaycan Partiyasının tərkibində fəaliyyət göstərən qurumuq. Ona görə də partiya rəhbərliyinin tapşırıqlarını yerinə yetiririk. Qanunvericilikdə nəzərdə tutulmuş formada təbliğat kampaniyasına start verildikdən sonra bizə verilmiş tapşırıq və öhdəliklərə əməl edəcəyik. Seçki Məcəlləsini poza biləcək heç bir hərəkətə yol verilməyəcək”.
S.Orucov bildirib ki, YAP Gənclər Birliyi bu ilin ötən dövrü ərzində kifayət qədər layihələr, tədbirlər həyata keçirib.
Onun sözlərinə görə, bu layihələr siyasi, iqtisadi, mədəni, sosial, vətənpərvərlik və. s istiqamətləri əhatə edir: “Həyata keçirdiyimiz layihələr cəmiyyətimiz, xüsusilə gənclərimiz tərəfindən dəstəklənir. Eyni zamanda, təşkilatımızın fəal gəncləri Azərbaycan Prezidenti yanında Gənclər Fonduna layihələr təqdim edirlər. Sevindirici haldır ki, bu layihələrin əksəriyyəti dəstəklənir. Həmin layihələr aktual məsələləri əhatə edir. Qarşıdan gələn parlament seçkilərində də gənclərimiz fəal iştirak edəcək. Biz bütün seçkilərdə müxtəlif layihələrlə çıxış edirik. Təbii ki, parlament seçkiləri kampaniyası dövründə də müəyyən layihələr həyata keçirməyi düşünürük. Seçki kampaniyasında aktiv iştirak etməklə partiya rəhbərliyinin etimadını doğrultmağa, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışacağıq”.
“Gənclər Birliyinin üzvləri sırasında deputatlığa namizədlər olacaqmı” sualını isə S.Orucov belə cavablandırıb: “Gənclər Birliyi deputatlığa namizədlər barədə qərar vermir. Bu, partiyanın İdarə Heyətinin və rəhbərliyinin ixtiyarında olan məsələdir. Bununla bağlı mənim hər hansı fikir bildirməyim əsassız olardı. Bu gün YAP Gənclər Birliyinin vəzifəsi partiyanın verəcəyi tapşırıqların icrası ilə məşğul olmaqdır”.
Nərgiz