17 Avqust 2015 19:55
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elçin Mirzəbəyli: “Bu insanlar 24 il müddətində zərrə qədər də inkişaf etməyiblər”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) deputatlığa namizədlərinin siyahısını avqustun sonu açıqlayacaq.

Bu barədə partiya sədrinin müavini Elçin Mirzəbəyli qəzetimizə açıqlamasında deyib. Onun sözlərinə görə, BAXCP bir seçki başa çatdıqdan sonra digər seçkiyə hazırlaşır: “Bələdiyyə seçkilərindən dərhal sonra parlament seçkilərinə hazırlığa başladıq. BAXCP-nin seçki platforması hazırlanıb və partiya üzvlərinin müzakirəsinə təqdim olunub. Namizədlərin müəyyənləşməsi ilə bağlı iş faktiki olaraq başa çatıb. Amma namizədlər siyahısı Ali Məclisin müvafiq qərarından sonra açıqlanacaq. Bu baxımdan seçkilərə hazırlıq prosesini qənaətbəxş hesab etmək olar. Seçkilərə rəsmi start veriləndən sonra qısa müddət ərzində partiya öz namizədlərini irəli sürəcək, müvafiq sənədləri dairə seçki komissiyalarına və Mərkəzi Seçki Komissiyasına təqdim edəcək”.

BAXCP funksioneri qeyd edib ki, namizədlərin sayı ilə bağlı dəqiqləşmələr aparılıb, 80 namizəd müəyyənləşib: “Ola bilsin Ali Məclisin iclasında namizədlərlə bağlı verilən qərarda say bundan daha çox olsun. Hər halda situasiya bunu göstərəcək. İndiki şəraitdə konkret fikir söyləmək çətindir. Namizədlərin sayının artma ehtimalı var”.

E.Mirzəbəyli bildirib ki, Ali Məclisin iclası seçkilərlə bağlı rəsmi qərar qəbul edildikdən sonra çağırılacaq: “MSK seçkilərlə bağlı konkret tarix açıqlayandan sonra qanunvericiliyə əsasən BAXCP-nin Ali Məclisinin iclası keçiriləcək. İndiki şəraitdə bu, çox güman ki, avqustun sonlarına yaxud sentyabrın ilk günlərinə təsadüf edəcək”.

Öz namizədliyini irəli sürüb-sürməyəcəyinə gəlincə, E.Mirzəbəyli deyib ki, partiya sədrinin müavini kimi seçkidə bu və ya digər formada iştirak etmək vəzifəsidir: “Namizədliyimin irəli sürülməsi ilə bağlı qərarı isə partiyanın Ali Məclisi verəcək. Belə bir qərar olmadığı üçün konkret fikir söyləyə bilmərəm. Çünki bu, partiya nizamnaməsinə zidd olan məsələdir. Amma şübhəsiz, seçkilərdə iştirak etmək istənilən partiya funksionerinin bir nömrəli vəzifəsidir. Həm namizədlər, həm də dairələr partiyanın Ali Məclisi tərəfindən müəyyənləşir”.

E.Mirzəbəyli bir sıra partiyaların seçkilərlə bağlı boykot çağırışlarına da münasibət bildirib: “Bu, daha çox alver predmetinə bənzəyir. Daha öncəki seçkilərdə də boykot çağırışını eyni qruplar tərəfindən səslənirdi. Onlara hər hansı bazarlıq təklifi olmayanda onlar nəticədə seçkilərə qatılmamaq barədə qərar verirdilər. İndiki şəraitdə köhnə texnologiyalarını təkrar edirlər. Bu insanlar 24 il müddətində zərrə qədər də inkişaf etməyiblər. Hələ də düşüncələri 1990-cı illərin kandarında ilişib qalıb”.

E.Mirzəbəyli digər partiyalarla əməkdaşlıq imkanlarına da toxunub: “İdeoloji baxımdan yaxın hesab etdiyimiz partiyaların namizədlərinin dəstəklənməsi ilə bağlı ənənəmiz olub. Amma bununla bağlı builki seçkilərdə bununla əlaqədar qərar verilməyib. Digər tərəfdən BAXCP-nin bloklarla hər hansı formada seçkiyə qatılması haqda müzakirə aparılmayıb”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər