18 Avqust 2015 11:59
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Abbasbəyli: “Leyla Yunusu müdafiə edənlərin bəziləri vaxtilə ona mənfi münasibət bəsləyən adamlardır”

Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəyli Teleqraf.com-a müsahibə verib. Müsahibədə bir sıra vacib məqamlara, o cümlədən ölkədə hüquq müdafiəçiliyinin durumu, QHT-lərin vergidən yayınması, bu günlərdə məhkəmə prosesi başa çatmış Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barədə çıxarılmış məhkəmə hökmünə toxunulub.

- Əhməd bəy, Leyla və Arif Yunusların artıq başa çatmış məhkəmə prosesinə münasibətiniz nə cürdür?
- Mən adlarını çəkdiyiniz şəxslərə və digərlərinə ayrı-ayrı insanların, yaxud da beynəlxalq qurumların ifrat dərəcədə marağına təəccüblənirəm. Hesab edirəm ki, Leyla və Arif Yunusa qarşı bu prosesdə hər hansı ədalətsizlik, haqsızlıq olubsa, bu zaman Apelyasiya və Ali Məhkəməyə, nəhayət, Avropa Məhkəməsinə müraciət edə bilərlər. Amma indilikdə məhkəmə hökm çıxarıb, məhkəmənin hökmündə bu adamların cinayətkar olduqları qeyd olunub. Onların hər birinə cinayət məsuliyyətinə müvafiq olaraq cəza tətbiq olunub. Məhkəmənin hökmündən narazılığı isə artıq apelyasiya şikayəti vasitəsilə rəsmiləşdirmək olar.

- Bəzən hər iki şəxsə həm ölkə daxilində, həm də xaricdə bəraət qazandırmaq hallarına rast gəlirik...
- Haqsız olaraq ya kimisə ittiham etmək, ya da ona bəraət qazandırmaq çox yanlış mövqedir. Mən bunu cəmiyyətin fikrini azdırmaq kimi qiymətləndirirəm. Əgər sən bu işin içində deyilsənsə, ümumiyyətlə, kiminsə adını eşitmisənsə, onun haqqında heç bir məlumatın yoxdursa, cinayət işi, görülən işlərlə, ümumiyyətlə, aparılan istintaqla tanış deyilsənsə, sənin nə haqqın var ki, bunun haqqında ya mənfi, ya da müsbət fikir söyləyəsən?! Mən normal Azərbaycan vətəndaşı kimi istənilən məhkəmənin qərarına hörmətlə yanaşıram. Amma həmin məhkəmə istintaqının düzgün aparılıb-aparılmaması, ədalətli olub-olmaması ilə bağlı, sadəcə olaraq, qanuna görə yuxarı məhkəməyə şikayət etmək hüququ var. Mən məsələyə bu prizmadan yanaşıram. Almaniyada oturub Azərbaycanda gedən proseslərə müsbət rəy verməmək, nəyisə tənqid etmək çox asan bir işdir. Sən bu işin içində olmalı, həmin işlə yaxından tanış olmalısan. Sən öz mövqeyini deyə bilərsən. Tutaq ki, “mən istəməzdim ki, Leyla Yunus həbs olunsun”. Amma sən deyə bilməzsən ki, “bu iş düzgün aparılmayıb”. Çünki bu işi bilmək üçün onun içində olmaq lazımdır. Sən öz arzunu bildirə bilərsən. Yəni, deyə bilərsən ki, filankəsin məhkum olunmasını istəmirəm. Amma bu həmin şəxsin arzusudur, istəyidir. Amma elə bir hal ola bilməz ki, insanın dostu, yaxını, qardaşı cinayət etsin, o cinayət sübut olunsun və məhkum olunmasın. Bu, normal bir şeydir. Məsələyə bu cür yanaşmaq lazımdır. İstər mənfi, istərsə də müsbət tərəfdən qərəzli yanaşmaq düzgün deyil. Hesab edirəm ki, bu məsələ ilə ciddi şəkildə tanış olub sonra fikir yürütmək lazımdır. Leyla Yunusun hərəkətlərində, ümumiyyətlə, onun davranışlarında, özünü cəmiyyət içində aparmağında mənim xoşuma gəlməyən çox məsələlər var. Amma bunun cinayət işi ilə nə əlaqəsi ola bilər ki?! Yaxud da kimsə onunla dost ola bilər. Amma bunun bu prosesə, cinayət işinə dəxli ola bilməz.

- Amma etiraf edək ki, onun həbsi ətrafında ajiotaj yaranmışdı...
- Bu ajiotajı öz hərəkətləri, davranışları ilə Leyla Yunus özü yaratmışdı. Yəni, o bunu bacarmışdı. Bu gün Leyla Yunusu müdafiə edənlərin bəziləri var ki, vaxtilə Leyla Yunusa radikal müxalif olan, ona mənfi münasibət bəsləyən adamlar olub. Sadəcə, iqtidara olan mənfi münasibətini Leyla Yunusu müdafiə etməklə göstərir. Bu cür yanaşma da düzgün deyil. Əgər hüquqi dövlətdən danışırıqsa, əgər insanların, vətəndaşların hüquqlarının müdafiəsindən danışırıqsa, hər bir məsələyə fərqi olaraq yanaşmaq lazımdır.

- Demək olarmı ki, hər iki şəxsin ittiham olunduğu dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə etmə kimi maddələr bütövlükdə QHT-lərin cəmiyyətdə nüfuzdan düşməsinə səbəb olur?
- Ola bilsin ki, mən mətbəxin söhbətini mətbuata çıxarıram, amma sizə deyim ki, bir çox QHT-lər ona görə narazıdırlar ki, bu proseslər hamımıza təsir elədi. Həm mənəvi cəhətdən, həm də digər formalarda çox təsir elədi. Yəni, biz həmişə şəffaflığın, ölkədə müsbət ideyaların, ən uğurlu təşəbbüslərin tərəfdarı kimi çıxış etmişik. Çalışmışıq ki, bu sahədə dövlətə, vətəndaşlara yardımçı olaq. Amma bu gün müxtəlif QHT rəhbərləri barədə bu maddələrlə cinayət işləri açılırsa, vətəndaş fikirləşəcək ki, deməli, bunların hamısı bu cürdür. Bu, mənəvi cəhətdən bizə təsir edir. Digər tərəfdən bu həm də bizim fəaliyyətimizə təsir edir. Bu hal dövlət orqanları, donorlarla problem yaradır. Düşünürəm ki, yaxın müddətdə yeni bir nəfəslə bu proseslər davam edəcək və hər şey müsbətə doğru dəyişəcək.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər